“Teleskop”un
London premyerası böyük
maraqla qarşılanıb
“Buta” İncəsənət
Mərkəzinin təşkilatçılığı
ilə Londonda keçirilən II beynəlxalq
Azərbaycan incəsənəti
festivalı çərçivəsində
Xalq yazıçısı
Elçinin “Teleskop” əsəri əsasında
hazırlanan eyniadlı
tamaşanın premyerası
olub. Tamaşa Londonda fəaliyyət
göstərən Aloff
Teatrı tərəfindən
səhnələşdirilib. Teatrın prodüseri həmyerlimiz Sənan Əliyevdir.
İngilis dilində immersiv tamaşa formasında ilk dəfə
səhnələşdirilən “Teleskop”un rejissoru
Metyu Qulddur.
İndiyədək müxtəlif ölkələrin
teatrlarında səhnəyə
qoyulmuş bu pyesin London premyerasında
11 nəfərlik aktyor
heyəti yer alıb. Baş rolları tanınmış
aktyorlar və televiziya ulduzları Kris
Simmons və Tanya Frenks
ifa ediblər.
Əsər öldükdən sonra cənnətə gedən
yolun yarısında qalmış bir insandan bəhs edir. O, mələk-məmurların idarə etdiyi və sonuncu səyahətlərini səbirlə
gözləyən digər
ruhlarla dolu cənnətə gedən
yol stansiyasına düşür. Keçmiş
sevgilisinin ruhunun köməyi ilə sistemdən baş çıxarmağa çalışan
kişi bu dünyada qoyub gəldiyi ailəsi və dostlarına - onların özü haqqında həqiqi düşüncələrinə
göylərdən baxmaq
üçün qeyri-adi
bir imkan qazanır və bu zaman mühüm
həqiqətləri aşkar
edir.
Müəllif əsərdə müasirliyin
üzərimizdə olan
təzadlı təsiri
haqqında cəlbedici
və çoxqatlı
müşahidələrini qeyd edir. Onun xarakterik
qəhrəmanları çox
vaxt sovet dövrü və hətta fantastika pərdəsi altında müasir Azərbaycan ruhunu təcəssüm etdirir. “Teleskop”
Elçinin sərrast
və eyni zamanda incə satirik üslubunun bütün əlamətlərini
özündə birləşdirir.
Premyerada Britaniya ictimaiyyətinin nümayəndələri, bu
ölkədə yaşayan
həmvətənlərimiz, yerli və xarici
sənətsevərlər iştirak
ediblər.
Tamaşadan sonra jurnalistlərə müsahibə verən baş rolların ifaçıları Kris Simmons və
Tanya Frenks əsərdə
oynamaqdan məmnunluqlarını
ifadə ediblər. Elçinin
Azərbaycanın görkəmli
yazıçılarından
biri kimi Britaniyada tanındığını
və çox sevildiyini diqqətə çatdıran aktyorlar əsərin səhnələşdirilməsi
prosesi haqqında da məlumat veriblər: “Əsərin mövzusu əslində bütün insanlıq üçün maraqlıdır.
Bunu dünya haqqında bilmədiyimiz və dərin maraqla qarşıladığımız mövzuların incəsənətdə
təzahürü kimi
də qiymətləndirmək
olar. Hamı tərəfindən sevilən yazıçının
əsərinin səhnələşdirilməsində
baş rolları oynamaq böyük bir məsuliyyətdir.
Ümid edirik ki, bunun
öhdəsindən layiqincə
gəlməyi bacarırıq”.
Tamaşa martın 7-dək nümayiş
etdiriləcək.
Mədəniyyət.- 2015.- 4 mart.- S. 8.