“Bütün əsərlərimi
birinci Qara müəllimə dinlədirdim”
Tofiq Bakıxanovun Qara Qarayevlə bağlı xatirələri
“Azərbaycan
müəllimi” qəzetinin yeni layihəsi olan
"Ömrün gizli səhifələri"ndə həyatı,
fəaliyyəti ilə hər kəsə örnək ola biləcək
şəxsiyyətlərdən söhbət
açılır, keçdikləri həyat yolu onları
yaxşı tanıyan insanların xatirələri ilə yad edilir. Layihənin ilk müsahibi
Xalq artisti, bəstəkar Tofiq Bakıxanov öz müəllimi,
dahi bəstəkar Qara Qarayevlə bağlı xatirələrini
danışır. Müsahibəni təqdim edirik.
- Tofiq müəllim, Qara Qarayevlə necə tanış olmuşdunuz?
- Dünya şöhrətli bəstəkar, ictimai xadim və qayğıkeş müəllimim barədə danışmaq mənim üçün həm asan, həm də çətindir. Ona görə asandır ki, 1938-ci ildən bəri onun yaradıcılıq fəaliyyətinin şahidi olmuşam. Onun atası, mərhum həkim-pediatr Əbülfəz Qarayev atam, məşhur tarzən Əhməd Bakıxanovla dost idilər. Qara Qarayev Moskvada təhsil aldığı üçün Bakıda az-az olurdu. Nəhayət, 1947-ci ildə Bakıda Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə mən skripkaçı solist kimi iştirak edəndə Qara Qarayev və Tofiq Quliyevlə tanış oldum. 1949-cu ildə filarmoniyada keçirilən Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında skripkaçı solist kimi iştirak etdim. Baxışda münsiflər heyətinin üzvlərindən biri də Qara Qarayev idi. Konservatoriyada təhsil aldığım müddətdə rektorumuz Qara Qarayev idi. 1950-ci ildə əsərlərimi Qara müəllimə göstərdim. O da mənə bəstəkarlıqla məşğul olmağı məsləhət gördü. Həm də 6 ay mənimlə məşğul oldu. Nəhayət, əla qiymətlərlə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, Qara müəllimin sinfinə daxil oldum. Onun dərsə gəldiyi zaman dediklərini heç vaxt unutmaram: "Bəstəkar fəhlə kimi öz üzərində daim işləməlidir". Onun o qədər işləri var idi, amma hər gün royalın arxasına keçib bəstəkarlıqla məşğul olurdu.
- Necə
müəllim idi, auditoriyaya necə daxil olurdu?
- O,
çox tələbkar müəllim idi. Bəzi
fikirləri indi də yadımdadır. Bizə
tövsiyə edirdi ki, bəstəkar gərək həmişə
axtarışlar aparsın. Deyirdi ki, bazara ət
almağa girəndə yaxşısını axtarırsan.
Ola bilsin ki, aldığın köhnə olsun.
Sənət də belədir. Daim yaxşısını axtarmalısan. Köhnəlikdən əl çəkməlisən.
Hazır olan heç bir şeyə icazə
vermirdi. Asan olan yoldan tələbələri
çəkindirirdi. İstəyirdi ki, daim
axtarışda olaq.
- Qara
müəllim dərsdən əlavə tələbələrinə
necə kömək edirdi?
- Hər
barədə kömək edirdi. O vaxt Şəfiqə Axundova
getmişdi Leninqrada, istəyirdi orada oxusun. Eşidib
ki, Qara müəllim Moskva ətrafında istirahət etməyə
gəlib. Gedib yanına, deyib ki, Qara müəllim,
bir məktub yazın, mənə oxumağa icazə versinlər.
Qara müəllimin sözü ilə onu qəbul
ediblər. Çox adamlara
yaxşılıq edib. Məsələn,
kimsə xəstə olanda ona kömək edirdi. Tələbə idik, amma onun sayəsində əsərlərimiz
filarmoniyada ifa olunurdu. Qara müəllimdə
tələbələrinə qarşı atalıq hissi var
idi, baxmayaraq ki, aramızda yaş fərqi o qədər
çox deyildi. O zaman gənc bəstəkarların
çoxunun evi yox idi. Hüsü Hacıyev küçəsində
onlara ev tikilirdi. Bilirsən,
qızım, biz indiyədək Qara müəllimə
borcluyuq. Çünki o bizə düz yol
göstərib. Əsərlərimə həmişə
doğru istiqamət verib. Başqa müəllimlərimiz
də var idi, amma Qara müəllimin savadı, istedadı
müqayisəedilməz idi.
- Onun
sinfində neçə il təhsil
aldınız?
- Təhsil
5 il idi. Amma mən çox sürətlə
yazırdım deyə, 4-cü ili bitirəndə
Qara müəllim dedi ki, Tofiq, sənə kifayətdir. Diplom işlərin də hazırdır. İki diplom işi yazmışdım.
- İndi Qara Qarayev deyəndə gözünüzün
qabağına necə gəlir?
- Deyərdim
ki, yüz ildə bir dəfə onun kimi insanlara rast gəlmək
olar. Bilikli, hərtərəfli insan idi. Həm
Azərbaycan, həm də dünya musiqisinə fikir verməyi
tövsiyə edirdi. Ona görə ki, istəyirdi
bu musiqilər arasında sintez yaransın. Çünki
belə əsərlərlə dünya səhnəsinə
çıxanda Azərbaycan mədəniyyətinin zənginliyini
sübut etmək olur. O zaman belə qayda var idi ki,
yaradıcı gənclər Moskvaya tez-tez gedirdi. Moskva ətrafında yaradıcılıq evləri
var idi. Həmin evlərdə əsərlər
yazırdıq. Ümumittifaq radiosunda səslənəndən
sonra qəbul edib, ifa edirdilər. İkinci
simfoniyamı orda yazdım. Mən, bir qayda
olaraq, bütün əsərlərimi birinci Qara müəllimə,
sonra isə Tofiq Quliyevə dinlədirdim. Onlara
göstərməmiş əsərlərimi heç zaman
ortalığa çıxarmırdım.
- Ondan əla
qiymət alandan sonra əsərləriniz gün üzünə
çıxırdı...
- Bəli.
Əgər o bəyənmişdisə, deməli,
hər şey yaxşı idi. Dinləyəndən
sonra deyirdi ki, Tofiq, sənin musiqində baletin əlamətləri
var. Mənə opera teatrı üçün balet
yazmağı tövsiyə etdi. Onun məsləhətindən
sonra neftçilərə həsr etdiyim "Xəzər
balladası" baletini yazdım. 1968-ci ildə
SSRİ-nin 14 respublikasını gəzdilər ki, Fransada
keçiriləcək festivala əsər göndərsinlər.
Tapılmadı. Gəlib
tamaşama baxdıqdan sonra ayaq üstə əl
çaldılar ki, bizə belə əsər lazımdır.
Qara Qarayevin tələbəsi Rauf Hacıyev o
zamanlar mədəniyyət naziri idi. Qara müəllimin
oğlu Fərəc Qarayevə tapşırıq verdi ki, əsər yazsın. Fərəc
müəllim "Qobustan kölgələri"ni yazdı. Mənim əsərim,
Fərəc Qarayevin əsəri və Rauf Hacıyevin "Azərbaycan
süitası" baleti 1969-cu ildə Parisdə keçiriləcək
VII beynəlxalq rəqs festivalının proqramına daxil
edildi. Qara Qarayevin də əsərləri
proqrama daxil edilmişdi. O zaman 5 tamaşamız Parisdə
göstərildi. Bu böyük müvəffəqiyyət
idi. Burdan 18 nəfər getmişdik, Qara
müəllim bizim rəhbərimiz idi. Tamaşamız
gedəndən sonra fransız qəzetləri bu barədə
yazmışdı. Qara müəllim mənə dedi ki,
Tofiq, xəbərin var, fransız qəzetləri bizim barəmizdə
nə yazır? Dedim ki, yox. Dedi ki, sənin "Xəzər
ballada"nı o qədər tərifləyiblər.
Bu sözlərdən böyük mükafat
yoxdu.
- Qara Qarayevin özünəməxsus, sizi qorxudan
xüsusiyyətləri hansı idi?
- O,
prinsipial və obyektiv adam idi. Həmişə düz yolda olan insan idi. O tələbə
ki, zəif idi, dərsə gələndə verdiyi
tapşırıqları çatdırmayanda, onda çox
hirslənirdi. Deyirdi ki, ay bala, 4 dərsin ərzində
mənə cəmi bir səhifəlik əsər gətirmisən?
Çünki əsərləri nota
çevirib, dərsdə müzakirə edirdik. Günlərin bir günü gənclərin I
qurultayı keçirilirdi. Baxmayaraq ki, biz
onun sinfində IV kursda idik, amma əsərlərimizi ora daxil
etdi. Dedi ki, qoy Moskvadan gələn bəstəkarlar
bilsin ki, belə gənclər var. Əsərlərimiz
çox bəyənildi. O zaman da belə qayda var idi ki, plenum,
qurultay keçiriləndən sonra banket verirdilər. Restorana bizi də dəvət etmişdilər.
Gecə saat ikidə evə qayıdanda
hamımız Qara müəllimlə birlikdə idik, qar
yağırdı. Nədənsə Qara müəllim
dedi ki, istəyirəm, gedim Əhməd Bakıxanovla söhbət
edim. Yoldaşlardan biri dedi ki, ay Qara müəllim axı
gecdir. Cavab verdi ki, bizə gec yoxdur, səhərə
qədər oturan adamlarıq. Gəldik bizə.
Dekabrın 7-si gecə idi, mənim də anadan
olan günüm dekabrın 8-də idi. Anam
rəhmətlik də hazırlıq görmüşdü.
Belə alındı ki, 10-12 nəfər bizə
gəldik. Vasif Adıgözəlov da bizə
yaxın yaşayırdı, atasına (Zülfü
Adıgözəlova) zəng etdi ki, ondan nigaran qalmasın.
On dəqiqə keçdi Zülfü
Adıgözəlov da gəldi. Qara müəllim
başladı Azərbaycan muğamından, Şərq aləmində
onun yerindən danışmağa. Dedi ki, düzdür,
vaxtilə Üzeyir bəydən dərs almışam. Amma istəyirəm ki, oğlum da, mən də
muğamları mükəmməl öyrənək. Sonra Fərəc müəllim onun sözünə əməl
etdi. Əsərlərində muğamlara
da yer ayırdı. Bilirsiniz, harasa gedəndə
və "Qara Qarayevin tələbəsi olmuşam" deyəndə,
"xoşbəxt adamsan" cavabını eşidirsən.
- Qara Qarayevin əsas sözü nə idi?
- Həmişə
deyərdi, asan və yüngül yoldan əl çəkin. Həmişə axtarışda olun. Hətta mahnı yazanda bir neçə variant
yazardım. Söz və musiqi vəhdət
təşkil etməlidir. Bəzən bəstəkarlar
yazırlar, görürsən, söz yarımçıq
qalır.
Bu yerdə Tofiq müəllim bəstəkarlığın
sirlərini mənimlə bölüşür. Elə gözəl
izah edir ki, Qara müəllimin onlara verdiyi məsləhətləri
təkrar edir. Barmaqları ilə sözləri
hecalara bölür. Sol əlində barmaqlarının
yaxşı işləmədiyini hiss edirəm.
- Sənətkarlar
əsərlərini ayırmır. Amma mən
yenə də soruşmaq istəyirəm. Qara
müəllimin sevimli əsəri hansı idi?
- Onun
şah əsəri "Yeddi gözəl" baletidir,
"Leyli və Məcnun" simfonik poeması və
"İldırımlı yollarla" baletidir.
Birdən dayanır və deyir ki, Qara müəllim mənə
simfoniyasını avtoqrafla verib. Ayağa qalxır.
Yavaş-yavaş kitab şkafına
yaxınlaşır. Və nota çevrilmiş əsəri
iş masasına gətirir.
- Bunu Qara müəllim mənə Lenin mükafatı
alanda vermişdi. Getdim onu təbrik etməyə. Simfoniyası Moskvada dərc olunmuşdu. Mənə hədiyyə etdi.
Birlikdə avtoqrafı oxuyuruq, Qara Qarayevin imzasına
baxırıq.
Tofiq müəllim yenə mənə nəsə
göstərmək istəyir. Kitabı gətirir.
Tofiq Bakıxanova həsr olunmuş kitabdır.
Tək-tək vərəqləyir. Ona yazılan məktubları, təltif olunduğu
zaman çəkilmiş şəkilləri göstərir.
Qara Qarayevin ona vurduğu teleqramı axtarır.
Böyük sevgi və səbrlə. Teleqramı tapır və bərabər oxuyuruq.
- 50 illik
yubileyimdə Moskvadan mənə teleqram vurmuşdu. Baxmayaraq ki, o zaman xəstə idi. Amma mənim yubileyimi yaddan
çıxarmamışdı. Buradan gedəndən
bir müddət sonra xəstəliyi bilindi. 3-4 il yaşadı Moskvada, elə orda da vəfat
etdi. Gətirdilər Bakıya.
- Onunla
sonuncu görüşünüz nə vaxt olmuşdu?
- Moskvaya
getməzdən əvvəl.
- Moskvada
olanda onunla danışırdınız?
- Onunla
danışmaq çətin idi. Həkimlər
icazə vermirdi.
-
Ölümündən necə xəbər tutdunuz?
-
Televiziya car çəkdi. Böyük həyəcan
keçirdim. Bəstəkarlar İttifaqı
təşkil elədi, getdik hava limanına. Filarmoniyadan Fəxri xiyabana apardılar. Ümummilli lider Heydər Əliyev də dəfn mərasimində
iştirak edirdi. Küçələrdə
insanlar çıxıb onu yola salırdılar. Özü də vəfat etməzdən əvvəl
qəbir üstünün necə olmasını çəkmişdi.
Onun qəbrinin üstündə nə şəkli,
nə də heykəli var. Onun məzarında royal var.
Bu an başımı qaldıranda qarşımda,
divarda asılmış bir tablo diqqətimi çəkir. Təəccüblə:
- Tofiq
müəllim, Qara Qarayevlə ikinizin tablosudur?
- Hə,
qızım, 1969-cu ildə Parisdə olanda çəkilib bu
tablo. Müəllifi Hüseyn Hacıyevdir.
Daha sonra otaqda olan şəkillərlə
tanışlıq başlayır. Diqqət edirəm, bütün
şəkillərdə Qara müəllim var:
- Bax
qızım, bu vinetkanı Qara müəllimin 70 illik yubileyinə
mən düzəltdirmişəm. Orda onun tələbələridir.
Bax, Polad Bülbüloğlunu görürsən.
Onu Qara müəllim gətirdi professional musiqiyə.
1951-ci ildən ta 1980-ci ilə qədər.
Baxın, burda "Pust vseqda"nı bəstələyən
şəxsdir, bu tələbə isə Nicatdır, Türkiyədən
gəlmişdi. Bu şəkildə Firəngiz
Əlizadə məzun olurdu. O zaman dünyanın bir
çox ölkələrindən Qara Qarayevin sinfində təhsil
almaq üçün tələbələr gəlirdi.
- Onunla
hansı ölkələrdə olmusunuz?
- Moskvada
qurultaylarda olurduq. Fransadakı festivala bir yerdə
getmişdik. Onun yazısı da var idi,
deyirdi ki, Tofiqin "Xəzər balladası" qurtaranda səslənən
alqışlar bir daha onun nə qədər peşəkar
olduğunu sübut etdi.
- Yol xatirələrindən
nə yadınızda qalıb?
- Bir dəfə
bizi Fransada memorial lövhələrə baxmağa, məzarlığa
apardılar. O zaman bilmirdik ki, Andronik kimdir, nəçidir? Məzarda Andronikin at üstündə heykəli var
idi. Qara müəllim elə 1969-cu ildə,
o məzarın başında, ermənilərin bizə
yaşatdığı faciələrdən, onların necə
bir məxluq olduğundan danışdı. Dedi ki, bu
cinayətkarlar Azərbaycana düşməndirlər. Tarixi sübutlarla fikrini əsaslandırdı.
- Qara
müəllimin ən yaxın dostları kimlər idi?
- İmran Qasımov, Tofiq Quliyev, Cəfər Cəfərov.
- Bəs
ona pislik etmək istəyənlər necə?
- Hə,
var idi. O qədər olub ki, onun ayağının
altını qazmaq istəyənlər, ona qarşı
çıxanlar. Təkcə burda yox, Moskvada da
ona qarşı birləşən adamlar tapılırdı.
Onun haqqında lazımsız sözlər
yaymışdılar. Guya onun
yazdığı əsərlər abstrakt əsərlərdir,
tələbələrinə abstrakt yol göstərir. O
zaman Mərkəzi Komitədə çıxış etdim
ki, ay yoldaşlar, əgər Qara Qarayev abstrakt əsərlər
yazırsa bu qədər mükafatı ona niyə verirlər?
Təsəvvür edin ki, Bolqarıstanın
Prezidenti barədə çəkilən filmin musiqisini yazmaq
üçün Qara müəllimi dəvət etmişdilər.
O da getdi, üç ay qaldı Bolqarıstanda və musiqini
yazdı. "Uzaq sahillərdə" filminin
musiqisini də o yazıb.
- Möhtəşəmdir.
- Əlbəttə (ayağa qalxır və əsəri
mənə göstərmək üçün gətirir). Mən ondan
ruhlandım. "Uzaq sahillərdə"
poemasını yazdım. Onu da Mehdi
Hüseynzadəyə həsr etdim. Mehdigil
bizim qonşumuz olmuşdu. İki
bacısı var idi - Pikəxanım və Şura. Valideynləri erkən vəfat etmişdi.
Bacısı Şura gəlib atamdan tar dərsi alırdı. Mehdi də arada gəlirdi bizə. Qara müəllim də əsəri bəyəndi.
Bu yerdə
bir az da Qara müəllimin ailə həyatı
və maraqları ilə bağlı söhbət etmək istəyirəm.
- Qara
müəllimi ailə başçısı kimi necə
xatırlayırsınız?
-
Çox gözəl ailə başçısı idi. Bir qız, bir oğul atası idi. Uşaqlarının ikisi də konservatoriyanı bitirmişdi.
Qızına nənəsinin adını
qoymuşdu - Züleyxa, oğluna da babasının
adını qoymuşdu - Fərəc. Onların dərsləri
ilə özü məşğul olurdu. Tək
övladları ilə yox, elə tələbələri ilə
də diqqətlə məşğul olardı. Xəstə olub dərsə gedə bilməyəndə,
evə çağırırdı ki, dərsdən geri
qalmayaq. Dərs 45 dəqiqədir, amma o 4
saat dərs keçərdi. Qızı Türkiyədə,
oğlu isə Moskvada yaşayır. Moskva
Konservatoriyasının professorudur. Bir dəfə
Parisə getməmişdən qabaq televiziyada mətbuat
konfransı keçirdilər. Paris
proqramına mənim əsərim salındığı
halda, nədənsə buradakı proqrama daxil edilməmişdi.
Amma Fərəcin adı var idi. Gördüm Qara müəllimin həyat
yoldaşı Tatyana Nikolayevna zəng edir ki, Tofiq, Qara müəllim
səninlə danışmaq istəyir. Dedi ki, səni mətbuat
konfransına çağırıblar? Biləndə
ki, məni çağırmayıblar, Qara müəllim
oğlunu da mətbuat konfransına getməyə qoymadı.
- Onun
sevimli bəstəkarları, yazarları kim
idi?
- Dmitri
Şostakoviç, Sergey Prokofyev. Prokofyevin əsərlərini
həmişə bizə təhlil etdirirdi. Qara müəllimin çox gözəl
yaddaşı var idi. Dünya ədəbiyyatı
ilə çox məşğul olurdu. Vaxtı
olmayanda həyat yoldaşına deyirdi ki, sən oxu sonra məzmununu
mənə danış. Bir o, bir də
Tofiq Quliyev bütün sahələrdən məlumatlı
idilər.
- Bəs
öz əsərləri barədə xatirələrini
bölüşürdü?
- Məsələn,
"Yeddi gözəl"i Nizaminin 800 illiyinə görə
yazmışdı. Bəstəkarlar
İttifaqında müzakirə üçün özü və
vaxtilə onun ilk pianino müəllimi olan Vladimir Kozlovla birlikdə
iki royalda əsəri başdan sona ifa etmişdilər. Onu da səhnələşdirən İsmayıl
Hidayətzadə olmuşdu. Sonra o vəfat edəndə
Qara müəllim dedi ki, bir atam, bir də İsmayıl müəllim
öləndə ağlamışam. Onlar birlikdə
Moskvada olub, Hidayətzadə deyib ki, gedək baletə
tamaşa edək. Qara müəllimə sən
balet yazmalısan deyib. Qara müəllim də
deyib ki, balet yazmaq üçün məzmun lazımdır.
Hidayətzadə Bakıya qayıdanda "Yeddi
gözəl"i təqdim edib. Beləliklə,
"Yeddi gözəl" baleti yaranıb. Məsələn,
"Alban rapsodiyası"nı gedib
Albaniyada yazıb.
85 yaşlı Tofiq müəllimi çox yormaq da istəmirəm,
söhbətimizi yavaş-yavaş yekunlaşdırmaq istəyirəm.
- Tofiq
müəllim, sizə təşəkkür edirəm. Dəyərli vaxtınızı bizə
ayırdınız. Sonda nə demək istəyirsiniz?
- Qara
Qarayevin qoyduğu yolu davam etdirmək, onun adına
layiq olmaq lazımdır.
Müsahibəmiz burda yekunlaşır, amma Tofiq müəllimlə
söhbətim davam edir. İnsult keçirən Tofiq müəllim
sol əlində problem olsa da, sağ əli ilə pianoda mənim
üçün musiqi ifa edir. Şəkil
albomlarını birlikdə vərəqləyib, Paris Notrdam
kilsəsinin qarşısında əl-ələ
görüşən Qara Qarayev və Tofiq Bakıxanovu görürəm.
Üzlərində təbəssüm var. Elə
bu təbəssümlə də sevimli bəstəkarımızla
sağollaşıram.
Rüfanə Günəş,
“Azərbaycan müəllimi"
Mədəniyyət.- 2015.- 4 mart.-
S. 5-7.