Rejissor işi haqqında”: danışmaq yox, öyrənmək gərək

 

Məşhur kinorejissor Sergey Bondarçukun bir fikri var: «Mən rejissor olmaq istəyənləri anlamıram. Amma film çəkmək istəyənlərin rejissor olacağına inanıram». Bu fikri eynilə teatr rejissorluğuna da aid etmək olar.

 

Hər il neçə-neçə gənc, - fərq etməz, - tamaşa qoymaq istəyi ilə, ya da rejissor olmaq həvəsi ilə bizim Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. Rejissorluq təhsili alan tələbəyə dərs vəsaiti gərəkdir. Üstəlik, yaxşı olar ki, həmin vəsait ana dilində, daha yaxşı olar ki, öz müəlliflərimizin yazdığı vəsait olsun. Niyə? Bunun psixoloji məqamları var. Sənət əlifbasını öz dilində öyrənməyin üstünlükləri bugünkü gənc sənət həvəslisinin nə vaxtsa öz milli sənət məktəbi ənənələrini yaşadacağının təməlidir.

Azərbaycanda teatr rejissorluğunun bir sənət kimi formalaşdığı çağlardan bəri ilk belə bir dərs vəsaiti ünlü teatr rejissor-pedaqoqları Mehdi Məmmədov ilə Zəfər Nemətovun 1956-cı ildə çapdan çıxan «Rejissor işi haqqında» kitabıdır. Aradan yarım əsr keçməsinə baxmayaraq, aktuallığını itirməyib. Əksinə, ötən əsrin sonlarından bəri müstəqil proqram əsasında aparılan tədris prosesində daha da aktuallaşıb. Birinci nəşrin salamat qalmış tək-tük nümunələrinin də artıq istifadədən sonra yararsız hala düşməsi dərs vəsaitinin təkrar çapını zəruri etdi.

Ötən həftə Azərbaycan Teatr Xadimləri İttifaqının yenidən nəşr etdirdiyi «Rejissor işi haqqında» dərs vəsaitinin təqdimatı oldu.

Mərasimi açan Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri, Xalq artisti Azərpaşa Nemətov kitabın müəllifləri - Zəfər Nemətov və Mehdi Məmmədovun həyatdakı və sənətdəki dostluğu barədə danışdı. «Rejissor işi haqqında» vəsaitə bu günehtiyac olduğunu söylədi.

Tədbirin aparıcısı, Xalq artisti Hacı İsmayılov həmmüəlliflər ilə bağlı xatirələrini paylaşdı. Xalq artisti Canəli Əkbərov Mehdi Məmmədov ilə Məcnun obrazı üzərində işini xatırladı. Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov, xalq artistləri İlham Namiq Kamal, Ağakişi Kazımov, Rafiq Əzimov çıxışlarında bu kitabın hələ də öz əhəmiyyətini itirmədiyini vurğuladılar.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva belə bir dəyərli vəsaitin təkrar nəşrinin hələ bir qədər ləngidiyini söylədi, Teatr Xadimləri İttifaqı ilə gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyini bildirdi.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 5.