“Qafqaz
almanlarının tarix muzeyi”
layihəsinin müzakirəsi keçirilib
Göygöl şəhərində yaradılacaq muzey Azərbaycanla Almaniya arasında mədəni-humanitar əməkdaşlığa töhfə verəcək
Martın 2-də
Mədəniyyət və Turizm Nazirliyində
Azərbaycanda «Qafqaz almanlarının tarix muzeyi» layihəsinin
müzakirəsi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs
Qarayey, nazir müavini Sevda Məmmədəliyeva,
nazirliyin məsul işçiləri,
Almaniyanın ölkəmizdəki səfiri Haydrun
Tempel və layihəyə aidiyyəti olan qurumların nümayəndələri iştirak edirdilər.
«Cənubi Qafqazda yerli özünüidarəetmə» proqramının Azərbaycan üzrə rəhbəri Katarina Lampe layihənin əhəmiyyəti barədə danışdı. Qeyd etdi ki, bu, Azərbaycanda Qafqaz almanlarının tarixini, mədəniyyətini və yaşam tərzini nümayiş etdirən ilk muzey olacaq. Layihə Azərbaycanla Almaniya arasında mədəni-humanitar əməkdaşlığa töhfə verəcək.
«EuroKaukAsia» elmi-mədəni cəmiyyətinin sədri, professor Eva-Maria Aux (Auch) «Qafqaz almanlarının tarix muzeyi» layihəsi barədə təqdimatla çıxış etdi. Bildirdi ki, layihə çərçivəsində Göygöl şəhərində (keçmiş Helenendorf qəsəbəsi) yaşamış sonuncu alman kolonisti Viktor Klaynın evi muzeyə çevriləcək: «Muzeyi yaratmaqda əsas məqsəd XIX əsrin əvvəllərindən etibarən Azərbaycanda məskunlaşmış və çoxmillətli mühitdə yaşamış almanların tarixini və mədəniyyətini nümayiş etdirmək, Azərbaycandakı alman irsini qorumaq və Almaniya-Azərbaycan münasibətlərini daha da inkişaf etdirməkdir. Bu məkan vaxtilə Azərbaycanda yaşamış almanların indi Almaniyada və digər ölkələrdə olan nəsilləri üçün bir xatirə yerinə çevriləcək».
Eva-Maria Aux qeyd etdi ki, yaradılacaq muzeydə Qafqaz-Azərbaycan almanlarının tarixinə aid eksponatlar və sənədlər daimi sərgilənəcək, ziyarətçilərə bu tarix haqqında geniş məlumatlar veriləcək. Muzey məktəblərlə də sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək. Burada müxtəlif istiqamətli mədəni tədbirlər, o cümlədən oxular, mühazirələr, kiçik incəsənət sərgiləri, konsertlər və s. keçirilə bilər.
Tədbirdə qeyd olundu ki, Azərbaycanda alman irsindən turizm məqsədilə bəhrələnmək də vacib məqamlardan biridir. Göygöl şəhərində yaradılacaq muzey bölgədə reallaşdırılan «Qafqaz almanlarının tarixi izləri» adlı səyahət turunun proqramına salınacaq.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev «Qafqaz almanlarının tarix muzeyi» layihəsini yüksək dəyərləndirdiyini və nazirliyin onun reallaşması üçün lazımi dəstəyi göstərəcəyini diqqətə çatdırdı.
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel qeyd etdi ki, muzey iki ölkə xalqlarının bir-birinə daha da yaxınlaşmasına və mövcud münasibətlərin inkişafına xidmət edəcək. Müzakirə qarşılıqlı diskussiya şəraitində davam etdirildi.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 4 mart.-
S. 4.