Bakı Xoreoqrafiya Akademiyası müəllimlərinin ustad dərsləri

 

Respublikanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı Xoreoqrafiya Akademiyasının ixtisas fənn müəllimlərinin iştirakı ilə zonalar üzrə ustad dərsləri təşkil edilir.

Fevral ayında Bakı və Lənkəran şəhərlərində, Bərdə, Salyan və Şamaxı rayonlarında ustad dərsləri keçirilib. Dərslərdə Lənkəran, Mingəçevir, Şirvan, Yevlax şəhər, Ağdam, Ağdaş, Ağsu, Astara, Bərdə, Biləsuvar, Cəlilabad, Füzuli, Göyçay, Hacıqabul, İsmayıllı, Qobustan, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Yardımlı rayon uşaq incəsənət məktəblərində, klub və mədəniyyət evlərində çalışan xoreoqrafiya sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Ustad dərslərini Xalq artisti Yusif Qasımov, əməkdar artistlər Tamilla Məmmədova, Səbinə Qasımova, Emil Əliyev, Prezident təqaüdçüləri Xamiz Cəfərov və Akif Kərimli, habelə Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Ella Hacıyeva, Kamilla Əliyeva və Aydın Mustafayev aparıblar.

Bu ay Gəncə, Sumqayıt, Şəki şəhərlərində və Tovuz rayonunda ustad dərslərinin keçirilməsi planlaşdırılır. Dərslərdə Gəncə, Şəki, Naftalan şəhər, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Xocalı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Oğuz, Samux, Şəmkir, Tovuz, Zaqatala rayon mədəniyyət müəssisələri xoreoqrafiya üzrə mütəxəssislərinin iştirakı nəzərdə tutulub.

 

Mədəniyyət.-2015.- 4 mart.- S. 4.