Tərcümə
ədəbiyyatı xalqları bir-birinə tanıdır
Argentina səfiri Azərbaycan Tərcümə Mərkəzində olub
Argentinanın
ölkəmizdəki səfiri Karlos Dante Riva Azərbaycan
Respublikasının Nazirlər Kabineti
yanında Tərcümə Mərkəzində (ATM) olub.
Mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyətindən, iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrdən söz açıb. Bildirib ki, son illərdə məşhur Argentina yazıçıları - X.Borxes, X.Kortasar, M.Delibes, E.Sabaton və başqalarının əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri həyata keçirilib. Mərkəzin builki nəşrlərindən olan “Latın Amerikası romanı” toplusunda da Argentina yazıçılarının əsərlərinə yer ayrılıb.
Səfir Karlos Dante Riva iki ölkə arasında mədəni əlaqələrin qurulması barədə fikirlərini bölüşüb: “Bakıda olduğum iki il müddətində Azərbaycanla Argentinanın bir-birindən az məlumatlı olduğunu müşahidə etmişəm. Bu mənada tərcümə işi hər iki xalqın bir-birini yaxından tanımasına ən qısa yol ola bilər. Ölkələrin, xalqların bir-birini daha yaxından tanıması üçün mədəniyyət və ədəbiyyat ən başlıca vasitədir. Bu mənada, Azərbaycan ədəbi nümunələrini ispan dilinə tərcümə edib Argentinada nəşr etmək yaxşı olardı”.
Diplomat bildirib ki, Buenos-Ayresdə hər il beynəlxalq kitab sərgisi keçirilir: “Bu sərgidə iştirak etməyinizi çox istərdik. Bu məsələdə əlimizdən gələn köməkliyi etməyə hazırıq”.
Səfir həmçinin iki
kitabın Azərbaycan dilinə tərcüməsində mərkəzin
köməklik göstərməsini xahiş
edib. Bu, Argentina tanqosu
haqqında kitab və Adolfo Bioy Kasaresin əsərləridir.
Sonda diplomat Argentinanın
aidiyyəti qurumları
arasında əlaqələrin
yaradılması, iki ölkə arasında ədəbi-mədəni mübadilələrin
aparılması istiqamətində
mərkəzlə sıx
əməkdaşlıq edəcəklərini
söyləyib.
Mədəniyyət.- 2015.- 6 mart.- S.
15.