Azərbaycan vurğunu
XX əsrin əvvəllərində
azərbaycanlı ziyalılarla bir
sırada türk xalqlarının birliyi uğrunda mübarizəyə
qoşulan maarifpərvər insanlardan biri də
görkəmli tatar publisisti,
dramaturq, pedaqoq və ictimai-siyasi xadim Həsən
Səbri Ayvazov olub.
Həsən Səbri Ayvazov 1878-ci il mayın 6-da Krımın Alupka qəsəbəsində dünyaya göz açıb. Qəsəbədəki mədrəsədə təhsil alır, sonra orada müəllim işləyir. Xalqının əsarət altında inlədiyini görsə də, fikrini, dərdini bölüşməyə bir adam tapmır. İstanbula gedir, pedaqoji təhsil alır və siyasi proseslərlə maraqlanır. İctimai fəallığı üzündən bir neçə tələbə yoldaşı ilə birlikdə həbs edilir. Lakin Rusiya təbəəsi olduğu bilindikdə haqqındakı hökm dəyişdirilir və ölkədən çıxarılır.
Həsən Səbri bir müddət Krımda çalışır. Xalqını qəflət yuxusundan oyatmaq barədə düşünür. Dövri mətbuatda odlu-alovlu çıxışlar edir. “Nədən bu hala qaldıq?” pyesini 1906-cı ildə “Füyuzat” jurnalında çap etdirir. 1907-ci ildə pyes Bakıda kitab şəklində çap olunur və səhnəyə qoyulur. Bu, müəllifin Bakıda çap olunan ilk kitabı deyildi. 1906-cı ildə “Üsuli-tədris və təlim-tərbiyə” adlı metodik əsəri işıq üzü görmüşdü. Əsərdə dərs üsulları və pedaqogika haqqında geniş məlumat əksini tapmışdı.
1906-cı ilin mayında Qarasubazarda “Vətən xadimi” adlı qəzet nəşrə başlayır. Həsən Səbri qəzetin redaktoru olur. Ancaq 1908-ci ildə hökumət tərəfindən qəzetin fəaliyyətinə son qoyulur.
O, milli ruhda tez-tez çıxışlar etdiyi üçün hökumətin diqqətini çəkir, nəzarətə götürülür. Dostları məsləhət görür ki, Krıma qayıtsın. Ancaq o, Moskvaya gedir və Lazarev İnstitutunun şərqşünaslıq fakültəsində işə düzəlir.
Özünü İsmayıl bəy Qaspralının tələbəsi hesab edən Həsən Səbri bir müddət “Tərcüman” qəzetinin redaktoru olur. İsmayıl bəy ölüm ayağında ikən son vəsiyyətini də məhz Həsən Səbriyə danışır. Krım ictimai-siyasi fikrinin digər görkəmli nümayəndəsi Cəfər Seyid Əhmədin yazdığına görə, o bu dövrdə türk vurğunluğunu kimsədən gizlətmirdi. Nümayişkaranə şəkildə türk paltarında və fəsdə gəzirdi. “Füyuzat” jurnalında ilk məqalələri çap olunanda Həsən Səbri artıq bir maarif xadimi və jurnalist kimi həmvətənləri arasında populyarlıq qazanmışdı.
1917-ci ilin fevralında Rusiyada çar hakimiyyəti devriləndən sonra martın 26-da Krım Xalq Cümhuriyyəti elan edilir və Noman Çələbi Cihanın rəhbərliyi altında milli hökumət qurulur. Yeni cümhuriyyətin konstitusiyasını hazırlamaq üçün komissiya yaradılır. Komissiyaya Noman Çələbi Cihan, Cəfər Seyamət, Cəfər Ablay və Həsən Səbri üzv seçilirlər. Əsas qanun dekabrın 13-də qəbul olunur. Ölkədə parlamentli respublika yaradıldığı elan edilir. Həsən Səbri parlamentə sədr seçilir. Ancaq bu yeni respublikanın ömrü qısa olur və 1918-ci il yanvarın 26-da süqut edir. Bolşevik işğalından sonra Həsən Səbri İstanbula gedir. Türkçülüyün ideoloqlarından biri kimi burada böyük hörmətlə qarşılanır.
Folklorşünas Əli Şamil araşdırmasında yazır ki, Həsən Səbri, sözün həqiqi mənasında, bir Azərbaycan vurğunu olub. Rusiya türklərinin mədəniyyətə, maarifə, ictimai tərəqqiyə qovuşmaları baxımından təməl işlərin ən çox Bakıda görüldüyünə inanıb. Gələcəkdə də ümumi rəhbərlik və irəliləyişi Azərbaycandan gözləyib, ziyalılarımızın səmimiyyətinə və hünərinə bel bağlayıb...
O, Azərbaycanda latın qrafikalı əlifbaya keçidin tərəfdarı olub. “Latın əlifbasına dair”, “Oktyabr inqilabı və tatar münəvvərləri”, “Qiraət kitabı”, “Məyus şairlərimiz” və başqa əsərlərini çap etdirib. Həsən Səbri tərcüməçi kimi də fəaliyyət göstərib. Haşım bəy Vəzirovla birlikdə U.Şekspirin “Otello” faciəsini, rus və Avropa yazıçılarının bir sıra əsərlərini ana dilinə tərcümə edib. Azərbaycan teatrlarında tamaşaya qoyulan əsərlər haqqında rusdilli mətbuata məqalələr yazıb. Təbii ki, sovet rejimi onun kimi ziyaların türk xalqlarını ayıltmaq və azadlıq uğrunda mübarizəyə səfərbər etmək cəhdlərini görməzdən gəlmirdi. 1932-ci ildə Həsən Səbri işlədiyi Pedaqoji İnstitutdan xaric edilir. 1937-ci il aprelin 4-də həbs edilir, bir il sonra aprelin 4-də güllələnir.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 6 mart.-
S. 15.