Misir
piramidalarını araşdıran azərbaycanlı memar
“İndiki elmi-texniki sivilizasiya hələ qədim misirlilərin səviyyəsinə çatmayıb”
Əlibəy Novruzi 1942-ci ildə
Bakıda anadan olub. 1965-ci ildə
Moskva Memarlıq İnstitutunu bitirib. Gənc
yaşlarından imzası keçmiş SSRİ-də və
onun hüdudlarından kənarda tanınıb. Onun memarlıqda ən böyük nailiyyətlərindən
biri dəlikli strukturların aerodinamikası ilə
bağlı kəşfidir. Memar bu
strukturların küləyi yönləndirdiyini və
yaşayış evlərinin mexaniki qurğularsız təbii
havalandırılmasını üzə çıxarıb.
Belə binalar yüksək təzyiqli küləyin
qarşısını alır, üstəlik, az
küləkli havalarda külək yaradır. Əlibəy
Novruzinin elmi işi də bu mövzudadır.
O,
keçmiş SSRİ-də 7 dəfə “İlin ən
yaxşı memarlıq layihəsi” müsabiqəsinin qalibi
olub. İki beynəlxalq akademiyanın akademiki,
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi
və respublikanın Əməkdar memarıdır. 400-dən artıq memarlıq layihəsinin, 200-dən
çox rəsm əsərinin, 3 kitabın müəllifidir.
Hazırda Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının professorudur.
- Əlibəy müəllim, dünya tarixində
hansı memarlıq abidəsi sizi daha çox heyrətləndirib?
-
Dünyada çoxlu memarlıq inciləri var. Misir
piramidalarını dünyanın ən möcüzəli
memarlıq abidəsi sayıram. Nəinki
piramidaları, eləcə də əzəmətli məbədləri,
oradakı heykəl komplekslərini də. Qədim yunan
tarixçisi Herodot e.ə. 6-cı əsrdə Misirdə olarkən
onu Giza piramidaları yox, olduqca nəhəng - 1500
yerüstü və bir o qədər də möhtəşəm
yeraltı otaqları olan Labirint sarayı heyran edib. O,
özünün “Tarix” kitabında yazır ki, bütün
Yunanıstanda mövcud olan bina və sarayların
hamısının tikilməsinə o qədər xərc və
material işlədilməyib, nəinki tək bu Labirintə. Tarixçini şaşırdan 640 km perimetrdə
insan əli ilə yaranmış süni Meridova gölü və
onun ortasında su səviyyəsindən 90 m
hündürlükdə, bir o qədər də su altına
gedən iki piramida olub. Maraqlıdır ki,
Herodot bunları özü görüb, ölçüb.
Onun göstərdiyi ölçülər
şübhə doğurmur, çünki Xeops
piramidasının ölçüləri həqiqətə
uyğundur.
- Siz Misirdə piramidalarla bağlı araşdırmalar
aparmısınız. Sirli Giza piramidalar kompleksi haqqında fikirlərinizi
eşitmək maraqlı olardı.
- Giza
kompleksi Xufu, Xafra, Menkaura piramidalarından və Sfinksdən
ibarətdir. Misirlilər onlara öz
fironlarının adlarını veriblər. Herodot isə həmin piramidaları Xeops, Xefren,
Mikerin adlandırmışdı. Böyük
piramidaların ayrı-ayrı vaxtlarda tikilməsinə
baxmayaraq, onlar bitkin bir əsərdir. Vaxtilə
Misirdə apardığım tədqiqatlar göstərdi ki,
bütün kompleks dahi bir memarın layihəsi əsasında
tikilib. Kompleksin baş planında gözəllik
qanunauyğunluqları, harmoniya və nisbətlər yetkinliyi
aydın görünür. Məsələn, Xufu
piramidasının hündürlüyü 146,7
metr, hər tərəfinin uzunluğu isə 232 metrdir. Kompozisiyada belə ölçü
uyğunluqları “qızıl tənasüb” adlanır.
Qızıl tənasüb - obyektlərin planda və
fasadda bir-birinə görə yerləşmə məsafəsi,
bir obyektdə elementlərin yerləşdirilmə nisbətidir.
Bu nisbət 1:0,62-yə bərabərdir. Kompozisiyada belə nisbət həmişə cəlbedicidir.
Yaraşıqlı bədən quruluşunun
nisbətləri, sağlam adamın qan təzyiqinin
aşağı və yuxarı göstəriciləri də
qızıl tənasübdədir. Qızıl
tənasübün incəsənətdə ilk dəfə tətbiqi
Leonardo da Vinçinin adıyla bağlıdır.
- Deyilənə
görə, Xeops piramidasının hündürlüyü
Yerlə Günəş arasındakı məsafənin
milyardda biri qədərdir.
- İndiki elmi-texniki sivilizasiya və bizim zəkamız
hələ qədim misirlilərin səviyyəsinə
çatmayıb. Bu çağacan Böyük Piramidaların
inşaat sirləri açılmayıb. Ola
bilsin, misirlilər daha mükəmməl kosmik gəmilərdə
uçurlarmış. Giza məbədi məqbərə
məqsədilə tikilməyib. Boş yerə
indiyəcən orada sərdabələr axtarırlar. Əgər bu vaxta qədər nəsə
tapılıb və tapılacaqsa, demək, onlar oraya sonradan
qoyulub. Mən Sfinksin önündə,
aydın səma altında Böyük Piramidalar kompleksini
kosmosla bağlılığı olan obyekt kimi dərk etdim.
Eləcə də süni Meridova gölü,
onun ortasında ucalan iki piramida və yörəsindəki
böyük Labirint sarayının kosmik əlaqələr
kompleksi olması məndə hansısa şübhə
oyatmadı.
- Herodotun
piramidalarla bağlı yazdıqları nə dərəcədə
doğrudur?
- Herodot
Böyük Piramidalar tikilən vaxtdan üç min il sonra Misirdə olub. Onda həmin
abidələrdən başqa keçmiş sivilizasiyadan
heç nə qalmamışdı. O, misirlilərdən
bu böyüklükdə abidənin necə tikildiyini
soruşub. Misirlilər ona deyiblər ki, Xeops
piramidasını milyona yaxın qul və fəhlə 20 ilə
tikib. Herodot yazıb ki, piramidalarla bağlı kim misirlilərin sözlərinə
inanırsa, bu, onların öz işidir, lakin onun bu
yazısına tarixçilər əhəmiyyət verməyiblər.
Memarlar bilirlər ki, hər bir memarlıq layihəsi
onun həyata keçirilməsi baxımından
hazırlanır, mövcud inşaat texnikasına hesablanır.
Layihədə tikintinin təşkili də nəzərə
alınır. Tikinti meydançasında
100 minlərlə fəhlə işləyə bilməz, onlar
bir-birinə dəyər, heç tərpənmək
imkanları olmaz. Böyük Piramidalar
inşa edilən dövrdə Misir sivilizasiyası elə
yüksək olub ki, bunu indi təsəvvür edə bilmirik.
-
Dünyanın ən böyük tikililərindən biri
Çin səddidir. Onun inşası necə
mümkün olub?
-
Eramızdan öncə III əsrdə tikilən sədd-yolun
uzunluğu 7 min kilometrdir. Səddin
hündürlüyü 7-10 metr, eni 6 metrdir. Bunun tikintisində də müəyyən çətinliklər
yaşanıb. Ən böyük çətinlik
sədd keçəcək bütün ərazinin geodezik
çəkilişinin tərtib edilməsi olub. Belə vertikal planlaşma layihəsini tərtib etmədən
tikinti mümkün olmazdı. Layihə
hazır olduqdan sonra hər kənd, hər əyalət öz
hissəsini tikib. Vertikal planlaşma olmadan
hissə-hissə tikilən sədd-yolu bir-birinə eyni səviyyədə
calamaq, birləşdirmək olmazdı. Əgər onu
hissə-hissə yox, bir ucdan tikə-tikə getsəydilər,
səddin tikintisinə azı 5 min il gərək
olardı ki, indi də başa çatmazdı.
- Milli
memarlığımızın rəmzi olan Qız qalası
haqqında fikriniz necədir?
- Qız
qalasının girişi üstündə ərəb əlifbasında
yazılmış kiçik lövhəyə görə, onu
eramızın XII əsrinə aid ediblər. O vaxt tikilən
möhtəşəm binaların fasadı, mütləq Quran
ayələri ilə bəzədilməli idi. Naxçıvanda
Möminə xatun türbəsi də belədir. Memar Davud Axundov doktorluq dissertasiyasında elmi
axtarışlarla Qız qalasının eramızdan öncə
X əsrdə tikildiyini göstərib. Keçən
əsrin 80-ci illərində Fransa alimləri məhlulun,
palçığın, boyanın yaşını dəqiqliklə
təyin edən cihaz ixtira etmişdilər. Azərbaycan Memarlar İttifaqının sədri
Mikayıl Hüseynov 1988-ci ildə fransız həmkarı ilə
danışaraq həmin ixtiraçı mütəxəssisləri
Bakıya dəvət etmişdi. Onlar Davud
Axundovun iştirakı ilə Qız qalasının müxtəlif
yerlərindən daşarası məhluldan götürüb
getdilər və bir aydan sonra analizin nəticəsini
M.Hüseynova göndərdilər. Qız
qalasının tikintisinə işlədilən
daşarası məhlulun, palçığın yaşı
3450 il imiş. Bu da
eramızdan öncə 14-cü əsrə gedib
çıxır. Demək, Davud Axundovun
araşdırması həqiqətə yaxın olub.
- Layihələrinizi
əllə, yoxsa kompüterlə çəkirsiniz?
- Memar
layihəni əllə çəkməyi bacarmalıdır. Mən əlimlə çəkirəm, belə
rahatdır. İndi elə gənc memarlar
var ki, əllə çəkməyi bacarmırlar, birbaşa
kompüterdə işləyirlər.
- Sizi həm
də rəssam kimi tanıyırıq. Nəyə
görə daha çox abstrakt, sürreal janrlarda əsərlər
yaradırsınız?
- Mən
öncədən hansı janrda çəkməyi
qarşıma məqsəd qoymuram. Fantaziyalarımı
rənglərlə ifadə etməyə
çalışıram. Tamaşaçılar
onları hansı janra aid edir-etsin, bu, onların
öz işidir. Abstraksionizm -
tamaşaçıda rənglərlə, xətlərlə
duyğu yaratmaqdır. Belə əsərlərə
tamaşaçı özü məna verir. Almaniyada belə bir eksperiment aparıblar. Psixi xəstələrə fırça və boya
veriblər və onlar şəkil çəkməyə
başlayıblar. Mən həmin şəkillərdən
ibarət albomu rəssamlara, memarlara göstərib bunların kim çəkdiyini soruşdum. Onlar
məşhur sürrealist rəssamların adlarını
söylədilər.
- Əlibəy müəllim, çağdaş
memarlığı necə dəyərləndirirsiniz?
- Şəhərsalma planlaşdırılması
keçmişdən bu günədək dəyişməz
olaraq qalır.
Yəni binalar, evlər, küçələr... Çağdaş şəhərlərin ən
böyük problemi nəqliyyat sıxlığı,
havanın çirklənməsidir. Bu da
XX-XXI əsrlərin texniki yüksəlişini orta əsrlərin
planlaşma strukturuna yükləməkdən irəli gəlir.
Nə qədər küçələr enlədilsə
də, yeraltı, yerüstü keçidlər yaradılsa
da, bu problemlər qalır. Çağdaş
memarlığın ən gözəl örnəklərinə
Dubayda daha çox rast gəlmək mümkündür. Memarlıqla bağlı bütün eksperimentlər
demək olar, ilk dəfə orada sınaqdan keçirilir.
Çağdaş memarlıq mücərrədliyə
çox meyl edir, müəyyən vaxtdan sonra bu da insanları
bezdirəcək.
Soltan Soltanlı
Mədəniyyət.- 2015.- 6 mart.-
S. 13.