“Axırıncı dayanacaq”
Kinoseans -
bir filmə üç baxış
Səmimi
insan münasibətləri, detektivə parodik yanaşma, əla
yumor hissi
Son illər milli kino sənayemizdə
istehsal olunan filmlər həm janr və mövzu etibarilə, həm
də tamaşaçı rəğbəti və peşəkar
tənqidçi rəyi baxımından kifayət qədər
müxtəlifdir. Bu
sayımızdan başlayaraq “Kinoseans” rubrikasında yeni filmlərimizə
fərqli baxışları, rəy və mülahizələri
diqqətə çatdıracağıq. İlk
müraciət etdiyimiz ekran əsəri 2014-cü ildə “Azərbaycanfilm”
kinostudiyasında istehsal olunan “Axırıncı dayanacaq”
filmidir.
İronik-komediya janrında olan film qocalar evinə
düşmüş keçmiş polis polkovnikinin həyatından
bəhs edir. Filmin rejissoru Fikrət Əliyev, ssenari müəllifi
Fikrət Əliyev və İlqar Fəhmidir. Rejissor ekran
əsəri haqqında bunları demişdi:
“Axırıncı dayanacaq" uzun illərdən sonra çəkdiyim
filmdir. Müsbət fikirlər də səsləndi,
tənqidlər də. Əslində mən
sağlam tənqidin tərəfdarıyam. İstəyirəm, filmin müzakirəsi olsun.
Həm müsbət, həm də mənfi tərəfləri
peşəkarlar tərəfindən müzakirə edilsin”.
Biz də bu müzakirəni açmaq qərarına gəldik.
Filmdə
önə keçən sosial reallıq komediya janrının
qaydaları ilə qovuşmur
Aydın
Dadaşov (Əməkdar incəsənət xadimi,
kinodramaturq):
- Fikrət
Əliyevin quruluş verdiyi filmlər Abşeron mühitini və
personajlarını ekrana gətirməklə müəllifin
peşəkar üslubunda önəm verdiyi əsas məqamı
önə çəkir. Filmin çəkilişlərindən
əvvəl onun on gün ərzində sakin kimi
yaşadığı qocalar evində gördükləri
epizodlardan vaz keçə bilməməsi ekran əsərinin
sənədlilik əmsalını artırdı.
Ssenarinin - filmin həyat deyil, həyata bənzər model
olduğunu nəzərə alsaq, real
mühitin və personajların ekrana gəlişinin naturalizm
yaratması təbiidir. İlk epizodda avtobusdan
düşüb soruşaraq üz tutduğu qocalar evində gəncliyində
itirdiyi sevgilisi Lətifəni tapacaq Kərim əsas dramaturji
hadisədən kənarda qalmaqla ən azı mətn
çatışmazlığı ucbatından səbəb-nəticə
əlaqəsi sayılan süjet kontekstində mövcud olsa
da, mühitin ilkin təqdimatında mühüm rol oynayır.
Kapitanın yaddaşsızlıq ucbatından
itirdiyi min manatın tapılması üçün
keçmiş sahə müvəkkili Qəmbərlə onun əlaltısı
Tapdığın cinayətkarın tutulması
üçün əməliyyat cəhdləri komediya elementlərini
üzə çıxarır. Bununla belə,
detektiv janrının Hamletsayağı modeli
tamaşaçının ekranda baş verənlərə
diqqət kəsilməsinə şərait yaradır və bu
axtarışda iştirak edən personajların fabula çərçivəsindəki
mövcudluğu hadisəliliyi artırır. Obrazlı desək, fabula onurğasına birləşməyən
süjet qabırğaları hadisəliliyin səngiməsinə
səbəb olur.
Filmin strukturundakı personajların taleyi, dramaturji əsaslarla
izlənilməsə də, müxtəlif taleli insanların
ömrünün son dövrünü başa vurmaq üçün
sığındıqları, bir çoxlarının buradan
qurtulacaqlarına inandıqları bu mühit əslində məhkumluq
fonunda daha geniş sosial müşküllərin üzərinə
işıq salır. Əsas dramaturji hadisə yetərincə yüksək təqaüd
və rütbə pulu alan keçmiş gəmi
kapitanının itirilmiş min manatının
axtarışı üzərində qurulur və komediya
janrının diktəsi axtarış prosesini oyuna
çevirdiyindən real mühitin irreallığı-şərtiliyi
tələb olunur. İndiki halda istər-istəməz
önə keçən sosial reallıq isə komediya
janrını qabartmalı olan personajların münasibəti
sisteminə qovuşa bilmir.
Digər
tərəfdən, filmdə postmodernizmə xas rişxəndin,
kinayənin üzə çıxması, cinayətkarı
tapmaq üçün Çingiz Abdullayevin detektiv
kitablarının oxunması cəhdi, əyalət təfəkkürünü
önə çəkən sentimentalizmin təzahürü,
qəzəlxanlığın ələ salınması, dərzinin
Rəşid Behbudov, Süleyman Rüstəm, Şövkət
Ələkbərova kimi məşhurlara kostyum, palto tikməsilə
davamlı olaraq öyünməsi, kişilərin idman təlimçisinə
vurulması, oğlunun, nəvələrinin Nənə ilə
görüşə gəlməsi və s. süjet kontekstində
mövcud olduğundan əsas hadisəlik prinsipindən kənarda
qalır. Davudun mövzu fantaziyasında polislərin
gətirdiyi itin “cinayətkarı” tapması belə həmin səbəbdən
hadisəlilik yarada bilmir. Halbuki rejissor Fikrət
Əliyevin kino debütündə - ”Baladadaşın
ilk məhəbbəti” filminin fabula mexanizminə işləyən,
çimərlik geyiminin kirayə götürülməsi ilə
bağlı mövzu fantaziyası kino tariximizin ən
maraqlı epizodlarındandır.
Finalda axırıncı dayanacaqda avtobusdan
düşüb qocalar evini soruşan növbəti
yaşlı personajın simvolik səciyyə
daşıması fonunda, meydançada qarmonçu Genaya əlli
manat verib çaldırdığı musiqi altında rəqs
edənlərə qoşulmaqla gözönü hadisədə
dəyişən yeganə personajın - Kapitanın maddi
dünyanın əhəmiyyətsizliyini dərk etməsi mənəviyyatın
maddiyat üzərində qələbəsini göstərə
bilir.
Müəllifi səciyyələndirən fərdi,
peşəkar üslubdan fərqli olaraq, materialı qabardan
janr məfhumu mühitin diktəsinə müqavimət
göstərdiyindən, bədii personajların real
mühitinin ekrana köçürülməsi prosesində
tarazlığın pozulması istər-istəməz
qaçılmaz olur. Üstəlik filmdə komediya, detektiv,
melodrama elementlərinin qarışması gerçəkliyin
obrazlı modeli sayılan janr təyinatının
dağınıqlığı, keçid dövrünə
xas olan növbəti göstəricini gündəmə gətirir.
Bununla da, sosial məsuliyyətini dərk edən müəlliflərin
mühit-personaj əlaqələrinin acınacaqlı mənzərələrini
süjet kontekstində olsa belə, ekrana gətirmələri az qala senzor funksiyasını üzərinə
götürməyə cəhd göstərən məmur
kinosunun həyata davamsızlığının təsdiqinə
çevrilir.
“Bu filmdə
görmək istədiyim hər şey var...”
Şəbnəm
Xeyrulla (gənc ssenarist, yazıçı):
- Filmi izləməmişdən
öncə haqqında eşitmişdim. Məzmunu
ilə maraqlandıqda “qocalar evi haqqındadır” fikrini
eşidib vaxtından qabaq dəyərləndirmə də
etmişdim. Bir sözlə,
özümü sentimental bir film izləməyə
hazırlamışdım. Lakin
gördüklərim düşüncəmi alt-üst etdi və
buna yalnız sevindim. Bu filmdə görmək istədiyim
hər şey var: səmimi insan münasibətləri, detektivə
parodik yanaşma, əla yumor hissi və hətta mənim kimi
gözləntidə olanlar üçün kövrəldici məqamlar.
Bakı mühitinə xas olan zarafatlar, yumor
ahılların dilində olduqca səmimi və şirin səslənir. İlqar Fəhminin
yaradıcılığına bələd olan bir oxucu kimi
anlayıram ki, bütün bunlar məhz ssenari müəllifinin
ustalığının nəticəsidir. Baxdıqca istər-istəməz
beynimdən bir sual keçirdi: “Görəsən, ölkəmizdə
fəaliyyət göstərən bu tip müəssisələrdə,
doğrudan da, belə səmimi atmosfer hökm sürür?”
Yalnız bircə dəfə izlədiyimə baxmayaraq,
artıq dilimə düşmüş frazalar göstərir
ki, film uğurlu alınıb. Bu film şəxsən
mənim üçün aktyorlarımızdan Arif Quliyev və
Qorxmaz Əlilicanzadənin yenidən kəşfi oldu. Fuad Poladovun vəziyyətə uyğun ifrat ciddiliyi
isə özü-özlüyündə ayrıca bir
ustalıqdır. Aktyorlarımızı bu
şəkildə bizə təqdim edə bildiyi
üçün filmin rejissoruna xüsusi təşəkkür
düşür. Ümumiyyətlə,
“Axırıncı dayanacaq”da hər kəs təşəkkürə
layiq iş görüb. Ona görə də
inanıram ki, bu film onlar üçün axırıncı
dayanacaq olmayacaq.
Gündəlik
həyatın bozluğunda vacib fəlsəfi suallar səslənir
Sevda
Sultanova (kinotənqidçi):
- “Axırıncı dayanacağ”ı janrına görə
yalnız komediya adlandırmaq olmaz. Rejissor janrların
eklektikasından istifadə edərək maraqlı ekran əsəri
çəkib. F.Əliyev artıq yüz dəfə
eşitdiyimiz klişe dialoqları, sovet aktyorluq məktəbinin
köhnə-kürüş ifa tərzini - dram, melodram, fars, faciə, detektiv, komediya janrlarının
kokteylindən yaratdığı postmodern filmdə korrektələrlə
təqdim edir. Rejissor ustalıqla müxtəlif
obrazlar, xarakterlər qalereyası yaradıb. Qocalar evində biz müxtəlif taleyi olan
adamların minimalist situasiyalar vasitəsilə kollajvarı həyat
hekayətinin təsvirini görürük. Əhvalatın ana - detektiv xətti başlıca məqsəd
deyil, bu həm də qocaların dünyasını, tənhalığını,
ötüb keçən gəncliyə xiffətini göstərmək
üçün bir fənddir. Ona görə
film həm də ciddi, azərbaycansayağı ekzistensial
dramdır. Müxtəlif insan talelərindən
hörülmüş mozaik filmdə daha bir postmodern fəndi əvvəldə
görürük. Fürsətdən
istifadə edib, peşəkar operator Kənan Məmmədovun
işini xüsusi qeyd edərdim. K.Məmmədov
ekstremal rakursları, maraqlı baxış bucaqları
seçir və görüntülərdəki psixologizm
tamaşaçıya obrazların mahiyyətinə enməyə
yardım edir.
Rejissorun müraciət etdiyi ironiya postmodernizmin daha bir
vacib detalıdır. Postmodern romanda ironiya müxtəlif dil
oyunları vasitəsilə edilirsə, “Axırıncı
dayanacaq”da bu, çoxplanlılıq vasitəsilə həyata
keçirilir. Rejissorun cəsarətli
addımlarından biri də dramatik obrazlar ifaçısı
kimi tanınan, son illərdə çəkildiyi filmlərdə
monoton oynayan Fuad Poladovun xırda-para düzəlişlərlə
komediya kontekstində yerləşdirməsidir. Film
sıravi azərbaycanlının təsəvvüründə
xoşagəlməz assosiasiyalar doğuran qocalar evini Edəm
kimi təsvir edir və adam istər-istəməz
ömrünün qalanını orda başa vurmaq istəyir.
Rejissor və ssenarist adi, bəsit, gündəlik həyatın
bozluğunda vacib fəlsəfi suallar da verir: “Niyə
qocalırıq?”, “Qocalıq nədir?”, “Qocalmağa dəyərmi?..
Lalə Azəri
Mədəniyyət.- 2015.- 6 mart.-
S. 12.