Qızıl, gümüş, bürünc...
Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub
Martın 4-də “Bakı-2015” Avropa Oyunlarının xronometrajı son 100 günün gerisayımına başlayıb. Bu münasibətlə təşkil edilən tədbirdə birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub.
“Bakı-2015”in əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq mötəbər yarışa hazırlığın yüksək səviyyədə aparıldığını bildirib. Qeyd edib ki, Avropa Oyunlarının biletləri aprelin əvvəlində satışa çıxarılacaq. “Bakı-2015”in açılış mərasimi üçün biletlər 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat olacaq. Heydər Əliyev adına İdman Arenasına və Milli Gimnastika Arenasına biletlərin qiyməti 2 manat təşkil edəcək. Digər idman obyektlərində təşkil olunacaq yarışların seçim mərhələsi üçün biletlər 2-3, final mərhələsi üçün isə 5 manata satılacaq. 16 yaşdan aşağı uşaqlar Avropa Oyunlarını pulsuz izləyə biləcəklər. Biletlər şəxsiyyət vəsiqəsi ilə satılacaq.
Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva ölkəmizdə Olimpiya hərəkatının inkişafından danışıb. Bildirib ki, Azərbaycanı Avropa Oyunlarında 500 nəfərlik heyət təmsil edəcək. Onlardan 295-i idmançı, 155-i isə texniki heyətdir. İdmançılardan 166-sı kişi, 129-u isə qadındır.
Sonra Avropa
Oyunlarının medalları nümayiş
olunub. “Bakı-2015” brendinə uyğun şəkildə hazırlanmış
və üzərində dekorativ təsvirlər
əks olunan medallar
380 qramlıqdır. Medalların tərtibatı
“Soçi-2014” Qış Olimpiya
Oyunlarının medallarını hazırlamış məşhur
zərgərlik brendi “Adamas”
ilə azərbaycanlı rəssam Nərgiz Hüseynovaya
məxsusdur. Medallar “Azərsuvenir” şirkəti
tərəfindən Azərbaycanda istehsal
ediləcək.
Mədəniyyət.- 2015.- 6 mart.-
S. 8.