Hollivud Hollivuddur, "Azərbaycanfilm" isə "Azərbaycanfilm"

 

 “Bu ikisi heç zaman bir araya gələ bilməz"

 

Day.az saytında Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri, Əməkdar incəsənət xadimi Yusif Şeyxov ilə müsahibə dərc olunub. Müsahibəni qismən ixtisarla təqdim edirik.

 

- Gənc yaşınızda "Sehrli xalat" filmində baş rola necə dəvət aldınız? Filmdə iştirak edərkən hansı hissləri keçirirdiniz?

- İfa etdiyim rol baş rol deyildi, lakin filmin qəhrəmanının sözlərini Azərbaycan dilində mən səsləndirmişəm. Filmin rejissoru Əlisəttar Atakişiyev mənim səsləndirməmi bəyəndiyindən, hətta məni həmin sözləri rus dilində təkrar səsləndirmək üçün Moskvaya Qorki adına kinostudiyaya dəvət etmişdi. Həmin dövrdə mən oğlanların səsinin "dəyişdiyi" yeniyetmə dövrünü keçirirdim və elə ilk sınaq çəkilişlərində bir neçə dəfə səhv etdim. Bununla da mənim "Moskva debütüm" alınmadı.

- Həmin film indiki sənətiniz ilə məşğul olmağınıza səbəb olmuşdur?

- Məktəbi bitirdikdən sonra mən Azərbaycan Dövlət Neft Akademiyasına daxil oldum, orada təhsil aldıqdan, daha dəqiq desəm, əziyyət çəkdikdən sonra, yarım il ərzində heç bir işə yaramayan bir mühəndis olacağıma əmin oldum. Bu o demək deyil ki, fənlər tədris olunmurdu. Məsələn, nəzəri mexanikadan mən "əla" qiymətlər alırdım, fənni bizə həmin illərdə məşhur Azad Mirzəcanzadə tədris edirdi. Təhsilimi yarımçıq qoyduqdan bir müddət sonra indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul oldum. Əlbəttə, bu keçidə səbəb məndə öz yerini almış kino "çöpləri" idi. Bu, "Sehrli xalat"dan qaynaqlanan kinematoqrafiyaya meyl idi.

Qırx ilə yaxın bir müddət ərzində demək olar ki, kinematoqrafiyanın bütün sahələrində - "Azərbaycanfilm" kinostudiyası, daha sonra "Qoskino"da çalışmışam, bir neçə il "Azərkinoprokat" adlı təşkilatın rəhbəri olmuşam, daha sonra "Azərkinovideo", Mədəniyyət Nazirliyində işləmişəm, hazırda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşıyam. Siz sual verə bilərsiniz ki, sadaladığınız bütün sahələr məmur işləri idi, lakin sizi Neft Akademiyasından çıxmağa səbəb olan yaradıcı sahə - kino olmuşdur?

- Sual verirəm...

- Məsələ ondadır ki, filmlərin istehsalı sahəsində çalışarkən anladım ki, sadəcə yaxşı rejissor deyil, Azərbaycanın ən yaxşı rejissoru ola bilməyəcəyəm. Bu həqiqəti dərk etmək öz başlıca həyat amalımı dəyişmədən istiqamətinin yönləndirilməsi üçün kifayət etdi. Xoşbəxtlikdən çalışdığım sahələrdən asılı olmayaraq, onların hər birinə yaradıcı elementlər əlavə etməyə nail olmuşam. 80-ci illərin əvvəllərində "Nizami" kinoteatrında abonement kino nümayişləri təşkil edən "Qoskino" əməkdaşını təsəvvür edin: "Andrey Tarkovski "İvanın uşaqlığı"dan dövrümüzə qədər", "İtalyan neorealizminin simaları" və s. - hamısı da kino tənqidçilərinin giriş sözləri ilə. Daha sonra, 80-ci illərin ikinci yarısında Bakı kinosevərlərinin arasında məşhur olan "Bilik" kinoteatrında "Kinoprokat kuryeri" klubu... Bundan əlavə, hərdən ssenari də yazıram, bir çox hallarda imtina edirlər, lakin lentə aldıqları vaxt da olur. Eləcə də həmkarlarımın sözlərinə əsasən, bu illər ərzində mən heç də pis redaktor olmamışam - bu, digərlərinə filmin daha yaxşı ərsəyə gətirilməsi üçün məsləhət verməkdir.

- Daha yaxşı film ərsəyə gətirmək üçün nə etmək lazım olduğunu bilirsinizsə, Azərbaycan kinematoqrafiyasının indiki vəziyyəti haqqında fikirlərinizi öyrənmək maraqlı olardı.

- Bu yaxınlarda bir internet səhifədə bağışlanılmaz bir yalan ilə rastlaşdım, bizdə niyə kino çəkilmir? Bu materialdan işlərin vəziyyəti barədə o dərəcədə məlumatsızlıq duyulurdu ki, hətta bu cür qeyri-peşəkar müzakirəyə qoşulmaq belə istəmədim. Hər il 4 və ya 6 tammetrajlı bədii film lentə alınır. Həmin filmlər, əlbəttə ki, hamısı olmasa da, ən yaxşıları - onların da sayı az deyil - müntəzəm olaraq Nizami Kino Mərkəzinin repertuarında, telekanalların proqramlarında, xarici kinofestivallarda yer alır. Çoxsaylı cizgi, sənədli, animasiya, qısametrajlı sənədli filmlər...

Kinoya çoxlu gənclər gəlir, festival ab-havasını əsasən onların filmləri yaradır. Son zamanlar özəl vəsait hesabına lentə alınan filmlərin sayı artmışdır. Sahibkarlar, nəhayət, özləri üçün kinoteatr biznesi "qurmuşlar" və bu tendensiya Bakıda və daha çox ərazidə genişlənəcək. Respublikanın şəhərlərində müasir kino-komplekslərin açılışı gözlənir. Telekanallarda serial zövqü formalaşmışdır və müşahidələrə əsasən onların keyfiyyətinin, yavaş-yavaş da olsa, artdığını görürük.

Özüm son zamanlar ciddi olaraq bir prinsipə əsaslanıram: həyat, onu keyfiyyətsiz kinolara baxaraq sərf etmək üçün çox qısadır. Televizorda nümayiş olunan filmin xoşuma gəlmədiyini anladığım anda onu izləməkdən imtina edirəm. Əlbəttə ki, bu, iş zamanı izlədiyim Azərbaycan filmlərinə şamil olunmur, bu, artıq mənim işimdir və mən bu işə görə məvacib alıram. Əgər mən filmləri "həyat çox qısadır..." prinsipi əsasında çeşidləsəm, nisbət 50-50-yə olardı. Qeyd edim ki, mən bunu çox yaxşı göstərici hesab edirəm.

Artıq neçə onillikdir ki, mən iş zamanı demək olar filmlərimizin əksəriyyətini izləyirəm. Hazırda lentə alınan filmlərin öncəkilər kimi pis olmadığını əminliklə deyə bilərəm. Lakin etiraf etməliyik ki, indiki tarixi filmlər bir zamanlar çəkilən filmlər kimi genişmiqyaslı deyil. Eyni zamanda nəzərinizə çatdırım ki, həmin filmlərin çəkilişinə bütün respublikanın inzibati resursları cəlb olunurdu. Rayon komitələri minlərlə insan toplayır, eləcə də ordu bütöv ordu bölmələri ayırır, müxtəlif nazirliklər kostyumların tikilməsini, qidalanmanı təmin edirdi, bütün ölkə ərazisindən dəmir yolu vasitəsilə orta əsr döyüş sahələri səhnələrinə at alayları gətirilirdi və s.

- Buna baxmayaraq, köhnə filmlərin nostaljisi hiss olunur...

- Yəqin ki, söhbət yaşlı nəslin nümayəndələrindən gedir. Köhnə filmlər, xüsusilə də komediya və melodram janrında çəkilən filmlərin nostaljisinə nəyin səbəb olduğunu aşkar etmək üçün təhlil aparmaq mümkündür. İncəsənət baxımından həmin filmlərin əksəriyyəti elə həmin dövrdə heç bir tənqidə tab gətirmirdi. Filmlərin ərsəyə gətirildiyi şəraiti yada saldıqda hər şey aydın olur. Kütləvi informasiya vasitələrindən yalnız bir neçə qəzet və radionun mövcud olduğu və respublika əhalisi üçün öz sevimli aktyorlarını görmək praktiki cəhətdən qeyri-mümkün olduğu zaman kinoteatrların ekranlarında yeni filmlərin nümayişi ümummilli hadisəyə çevrilirdi. Daha sonra yalnız sovet filmlərini nümayiş etdirən və əlbəttə ki, onların fonunda doğma Azərbaycan filmlərinə üstünlük verən televiziya yarandı.

Amerika, Hindistan, İtaliya və s. istehsalı olan filmlər prokata çıxdıqdan vəziyyət dəyişdi. Tamaşaçılarda seçim, müqayisə etmək imkanı yarandı. Mən hələ videomaqnitofonların geniş yayıldığı dövrü nəzərdə tutmuram. Daha sonra bu proses saxta videoların yayılmasını sürətləndirdi və bundan sonra qeyri-məhdud film və ulduzların repertuarı ilə zəngin onlarla, yüzlərlə telekanallar yarandı, mən hələ internetdən söz açmıram. Bizim filmlərin bu okeanda itməməsi üçün hansı səviyyəyə malik olmasını təsəvvür edin.

Sözün qısası, Hollivud Hollivuddur, "Azərbaycanfilm" isə "Azərbaycanfilm". Bu ikisi heç zaman bir araya gələ bilməz. Dünyanın kinematoqrafiya xəritəsində hər kəsin, böyük və ya kiçik olmasına baxmayaraq, heç kimə bənzəmədən, öz tematik və janr seçimləri, ifadə tərzi, həyata baxışı və s. ilə xüsusi yerə malik olması çox yaxşı haldır. Qloballaşma, bütün dünyanın hollivudlaşması dövründə bu, çox vacibdir.

- Bizim kinematoqrafiyanın xaricdə irəliləyişi üçün Azərbaycanda hansı mexanizmlər mövcuddur?

- Bu sahədə yenilik kəşf etmək çətindir, filmlərin yayılması üçün forma və metodlar bəllidir. Bizdə birgə filmlər istehsal etməyə çalışırlar, bu, onların yayım bazarının genişlənməsi deməkdir. Razılaşmaq lazımdır ki, birgə filmlərin istehsalı kifayət edəcək dərəcədə deyil, il ərzində bir neçə filmin çəkilişi bizim bütün imkanlarımızı əks etdirmir. Burada iş savadlı prodüserlər və normal layihələrin üzərinə düşür. Bizim bədii, sənədli və animasiya filmlərimiz Kann kinofestivalından başlayaraq Portuqaliyada kiçik bir turist festivalınadək hər il yüzdən artıq beynəlxalq kinofestivalda iştirak edir.

- Məlum olduğu kimi, cavan nəsil Hollivud blokbasterlərinə üstünlük verir və yerli filmlərlə elə də maraqlanmırlar. Böyüyən nəslin yerli filmlərə maraq göstərməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hansı addımlar atılır?

- Yəqin ki, siz kinoteatrlara gedən gəncləri nəzərdə tutursunuz? Həmvətənlərimizin bir çoxunda belə bir stereotip yaranmışdır: televizor, internet vasitəsilə pulsuz əldə edilə biləcək hər hansı bir film üçün pul ödəmək (bilet almaq) nəyə gərəkdir? Kinoteatra getmək mədəniyyəti, filmi bir çox başqa insanlarla izləmək, şəxsi emosiyaların digərlərinin sevinc və kədəri ilə birləşdiyi anda daha da artması əhalinin əksər hissəsi tərəfindən unudulmuşdur. Xoşbəxtlikdən bu tendensiya artıq aradan qaldırılır. Kinoteatrlar şəbəkəsi kinozallara ziyarətin artması ilə paralel şəkildə genişlənir. Bu yaxınlarda bizim kino ilə əlaqədar maraqlı hadisə baş vermişdir. Ekranlara müstəqil studiyada lentə alınmış "Xoxan" kinokomediyası çıxmışdır. Belə ki, bu film təxminən son 20 ildən artıq bir dövr ərzində bütün rekordları qırmışdır, bəzi məlumatlara əsasən film istənilən Amerika blokbasterinin Bakıdakı kassa rekordlarını ötüb keçmişdir. Təxminən 1991-92-ci illərdə "Bəxt üzüyü" filminin kino aləmində belə partlayış yaratdığı yadımdadır. Ədalət naminə qeyd etməliyik ki, mütəxəssislərin rəyinə əsasən "Xoxan" komediyasının izləyici sayı onminlərlədirsə, Ramiz Əzizbəylinin filminin izləyiciləri yüzminlərlədir. Əlbəttə ki, bu filmlər haqqında yüksək incəsənət baxımından rəy söyləmək üçün əsas yoxdur, bu filmlərin öz təyinatı, kassası, çoxsaylı tamaşaçı kütləsi vardır. Bu, çox yaxşı haldır, bu cür filmləri çəkməyi bacarmaq lazımdır. Eyni zamanda tənqidçilərin yüksək fikirlərini eşitmək və ya hər hansı kinofestivalda iştirak etmək onların işi deyil.

Buna baxmayaraq, ən böyük festivalların proqramlarına daxil olan, barələrində ciddi tənqidlər yazılan rejissorlarımız və filmlərimiz var və bu filmlər milli kinomuzu irəli çəkir, ona şöhrət gətirir. Məsələn, hazırkı repertuarda olan "Nabat" filmi tamaşaçı ilə dolu zal toplaya bilməyəcək. Və bu barədə şikayətlənməyə dəyməz.

Uşaqlıq dövrümdən bir hadisəni xatırlayıram: anam Moskva konservatoriyasının fortepiano sinfini bitirən bacısı qızından milli rəqs musiqisi ifa etməyi xahiş etdi. O imtina edirdi, lakin anam yenə də təkid edir və heç bir konservatoriya bitirməyən, lakin milli musiqiləri inanılmaz dərəcədə gözəl ifa edən digər qohumunu çağırır. Bacısı qızı isə belə cavab verir: fortepianoda onun kimi ifa etmək üçün mənə üç gün vaxt lazımdır. Lakin o, mənim ifa etdiyim əsərləri fortepianoda ifa etməyi heç zaman bacarmayacaq. Onun ifa etdiklərini öyrənmək fikrim yoxdur, çünki yenidən nizama qayıtmaq çətin olacaq. Mən bu hadisəni ömürlük yadda saxlamışam. Bizdə isə maliyyə mədəniyyəti ilə incəsənət və sadəcə mədəniyyət ilə incəsənət arasındakı müxtəliflik başa çatmır və bir-birini hiss etmədən, bir-birinə mane olmadan mövcud ola bilmirlər.

- Maliyyə məsələləri haqqında söhbət açsaq, bizim filmlərə daha çox tamaşaçı kütləsi toplamaq, onlara olan tələbatı artırmaq üçün daha çox maliyyə vəsaitinin ayrılmasını gərəkli hesab etmirsiniz?

- 10-15 il əvvəl öz Hollivudumuzun yaradılması ideyasının irəli sürüldüyünü xatırlayıram. O zamanlar mən bu ideyanın hazırda Marsa öz kosmonavtımızın göndərilməsi ideyasına bərabər olduğunu söyləmişdim. Siz Hollivud ilə rəqabət aparan filmlərimizi nəzərdə tutursunuzsa, bunun baş verməyəcəyi barədə heç bir şübhəniz qalmasın. Bu, yalnız maliyyə məsələləri ilə bağlı deyil. Kifayət qədər zəngin olan bir çox Avropa kinematoqrafları Hollivud ilə rəqabət aparmağa çalışmışlar, kimsə öncə, kimsə daha sonra bunun gərəksiz olduğunu anlamışdır. Hollivud öz iqtisadi gücü, sərhədsiz yaradıcı potensialı, daim inkişaf edən texnika və texnologiyası ilə hələ uzun müddət dünya ekranını idarə edəcək.

Başqa bir məsələ, elə bir film çəkməliyik ki, həmin filmi dünyada bizdən daha yaxşı lentə almağı bacarmasınlar, başqa sözlə desək, bizim haqqımızda olan, həyatımızı, xüsusiyyətlərimizi, digərlərindən fərqlərimizi əks etdirən filmləri lentə almalıyıq və yalnız bu yolla yerli və xarici tamaşaçılar üçün maraq kəsb edəcəyik. Bizim kino bu istiqamətdə irəliləyir və düşünürəm ki, bu gün bu məqsədlə ayrılan vəsait kifayət qədərdir. Mühüm olanı isə ayrılan pul vəsaitinin kinonun bədii səviyyəyə çatdırmasıdır. Filmlərin keyfiyyətinin yüksəldilməsi prosesi isə göz önündədir.

- Bir müddət kinoteatrlarda nümayiş etdirilən bütün filmlərin Azərbaycan dilinə tərcümə edilməsi mövzusu müzakirə olunurdu. Bu ideyanın nə dərəcədə yaxşı olduğunu düşünürsünüz və bu fikir nə vaxtsa həyata keçirilə bilərmi?

- Bu, sadəcə yaxşı ideya deyil, bu, kinoteatrlarda filmlərin prokatı ilə məşğul olan şəxslərin birbaşa öhdəliyidir. Bu, dövlət dilinə hörmət, xarici dil bilməyən insanların hüquqlarının müdafiə olunması məsələsidir. Bir zamanlar filmlər Azərbaycan dilində olan subtitrlər ilə nümayiş olunurdu, lakin bu təcrübə davam etdirilmədi. Kinoteatr əməkdaşları buna səbəb kimi subtitr prosesinin gecikmələr ilə nəticələnməsini və dünya premyeralarının cədvəlinə daxil olmağa əngəl törətməsini göstərmişlər. Bizdə subtitrləri oxumağı xoşlamırlar. Ekranda filmin rus dilində olan tərcüməsi səslənərkən, Azərbaycan dilində olan subtitrlər orijinal ingilis dili versiyasından tərcümə olunduğu halda, bəzən mətndaxili gülməli uyğunsuzluqlara səbəb olur.

Əlbəttə ki, bütün bunlar həll olunacaq məsələlərdir, bunun üçün kifayət qədər tədbirlərin görülməsi lazımdır. Mədəniyyət və Turizm Nazirliyi müntəzəm olaraq bir sıra tədbirlər həyata keçirir, lakin, görünür, iclas, məktub, xəbərdarlıq, monitorinq və söhbət dövrü artıq bitmişdir.

- Sizin nəslin əksər nümayəndələri keçmiş dövrləri xatırlayaraq "əvvəl daha yaxşı idi" deyir və bura insanlar arasında olan münasibətləri də aid edirlər. Bu barədə nə söyləyə bilərsiniz?

- Özümü Bakıda küləklərin əvvəl daha güclü əsdiyini və xəmirdən olan çoxqatlı kökələrin daha dadlı olduğunu düşünən insanlar sırasına aid etmirəm. Baş verən dəyişikliklərə, eləcə də onların ümumiyyətlə baş verməsinə sakit yanaşıram. Yadımdadır, 60-cı illərin əvvəllərində televizorda Zeynəb Xanlarovanın ifasını təqdim edirdilər, o, həmin dövrün ciddi qaydalarına baxmayaraq, mahnının ritminə uyğun olaraq əllərini azca qaldıraraq gözə çarpmayacaq dərəcədə xırda addımlarla rəqs edirdi, bu isə yaşlı nəslin narazılığına səbəb olurdu. Axı müğənni qollarını bədəni boyunca düz saxlamalı idi, çox nadir halda qarın nahiyəsindən azca yuxarı hissədə əlləri üst-üstə qoymağa icazə verilirdi. Paltarın qolları isə dirsəkdən aşağı olmalı idi, çox nadir hallarda kimsə bundan artığına cürət edərdi. Çiyinlər açıq olmamalı idi!

Bu və digər qaydaların hansı dəyişikliklərə uğradığını dəqiqləşdirməyə ehtiyac yoxdur. Bu cür vəziyyəti, siz dediyiniz kimi, "bizim nəslin nümayəndələri”nin və qeyd edim ki, yalnız bizim nəslin deyil, həmçinin, digərlərinin də istək və iradəsindən asılı olmayan bir reallıq kimi qəbul edirəm. Keçmiş dövrə bu cür yanaşıram: o dövr üçün darıxmaq mənasızdır. Yalnız xatirə olaraq yadda saxlamaq lazımdır.

 

Day.az

23 fevral 2015-ci il

 

Mədəniyyət.- 2015.- 6 mart.- S. 6-7.