“Cənnət
lövhələri”
Gənc bəstəkar Arzu Abbasovanın xanımlara bayram töhfəsi
Martın 5-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Arzu Abbasovanın 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Cənnət lövhələri” adlı müəllif konserti keçirildi. Konsert proqramına gənc bəstəkarın kiçik yaşlarından bəstələdiyi əsərlər daxil edilmişdi.
Eyni zamanda G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbində təhsil alan istedadlı musiqiçinin “Sülh nəğməsi” mahnısı AzTV-nin nəzdində fəaliyyət göstərən Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xor kollektivinin ifasında səsləndi və alqışlara səbəb oldu. “Nağıllar aləmi” (fleyta və piano üçün), “Mövzu və variasiyalar” (piano), “Pamukkale” (proqramlı süita), “Fantaziya” (skripka və piano üçün), “Cənnət lövhələri” (proqramlı süita) əsərləri də dinləyicilərdə yüksək bayram əhvalı yaşatdı.
Sevindirici haldır ki, Azərbaycan qadın bəstəkarlarının sırasına yeni adlar, yeni simalar qoşulur. Musiqi dünyasında öz kövrək addımlarını atan Arzu Abbasova yaratdığı əsərlərlə musiqisevərlərin rəğbətini qazandı.
Konsert proqramında yer alan əsərlər həyatımızdan bəhs edən rəngarəng milli və Avropa ritmlərini özündə sintez etmiş nümunələrdir. Gənc bəstəkarın musiqiləri yaşına uyğun olaraq özünəməxsusluğu, yeni duyğuların ifadə edilməsi, ritm və harmoniyası ilə seçilir. Tədbirdə musiqi ictimaiyyəti, tanınmış musiqi xadimləri iştirak edirdi.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 6 mart.-
S. 4.