2015-ci ilin ədəbiyyat və milli mətbəx paytaxtları təqdim edildi

 

“Mədəniyyət paytaxtları anlayışını Azərbaycanda tətbiq etmək məqsədilə həyata keçirdiyimiz proqram müsbət nəticə verib

 

Martın 4-də Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin yeni təsdiq olunmuş «Xalq Yaradıcılığı Paytaxtları» proqramı çərçivəsində 2015-ci ilin «paytaxt»larının təqdimat mərasimi keçirildi. Əvvəlcə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin gənc musiqiçiləri gözəl ifaları ilə mərasimə xüsusi ovqat qatdılar.

 

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək bildirdi ki, nazirlik Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə «2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları» proqramını həyata keçirib. Bu proqramla 3 nominasiya (əfsanələr, sənətkarlıq və folklor paytaxtı) üzrə ümumilikdə 15 bölgə “xalq yaradıcılığı paytaxtı” elan olunub. Layihə bölgələrdə mədəniyyətin, incəsənətin, sənətkarlığın və turizmin inkişafına böyük töhfə verib, respublika və beynəlxalq səviyyəli tədbirlər təşkil edilib. Layihənin həyata keçirilməsi bölgələrimizin mədəni həyatına yenilik gətirib.

Qeyd olundu ki, “xalq yaradıcılığı paytaxtları”nda keçirilən bir sıra tədbirlər artıq ənənə halını alıb. Masallıda «Folklor festivalı», Qəbələdə «Mürəbbə festivalı», Şəkidə «Şirniyyat festivalı» belə tədbirlərdəndir. Bütün bunları nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi yeni «Xalq Yaradıcılığı Paytaxtları» proqramını təsdiq edib. Proqram bu dəfə ədəbiyyat və milli mətbəx nominasiyaları ilə həyata keçiriləcək. Yeni proqramla 2015-ci il üçün Şamaxı «Azərbaycanın Ədəbiyyat Paytaxtı», Qax isə “Azərbaycanın Milli Mətbəx Paytaxtı» elan edilib.

 

Layihə yerlərdə böyük maraqla qarşılanır

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan dövlətinin apardığı siyasət ölkənin regionlarının müasirləşməsinə, o cümlədən mədəni mühitin formalaşmasına zəmin yaradır. Ölkə başçısı bölgələrə səfərləri zamanı yerlərdəki mədəniyyət ocaqlarına, muzeylərə, mədəniyyət mərkəzlərinə baş çəkir, yeni hotellərin açılışında iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin «Xalq Yaradıcılığı Paytaxtları» layihəsi də həyata keçirilən bu siyasətin bir hissəsidir: «Mədəniyyət paytaxtları dünyada artıq geniş yayılmış bir təcrübədir. Son illər Avropanın, islam ölkələrinin, MDB ölkələrinin, türk dünyasının mədəniyyət paytaxtı kimi nominasiyalar tətbiq olunur. Azərbaycan hər zaman mədəniyyətlərin, dinlərin, insanların bir-biri ilə anlaşmasına böyük töhfə veribbu günbu proses davam edir. Mədəniyyət paytaxtları anlayışını Azərbaycanda tətbiq etmək məqsədilə həyata keçirdiyimiz «Xalq Yaradıcılığı Paytaxtları» proqramı müsbət nəticə verdi. Beş il öncə başladığımız layihə yerlərdə böyük maraqla qarşılanır. Hər bir rayon-şəhər «xalq yaradıcılığı paytaxtı» adını qazanmaq üçün böyük işlər görür, bu istiqamətdə yaxşı mənada rəqabət gedir.

Nazir bildirdi ki, mədəniyyət və turizm sahəsində qarşıda duran əsas vəzifələrdən biri yerlərdə xidmətin yüksək səviyyədə təşkilidir. Xalq yaradıcılığı ilə bağlı təqdim olunan yeni nominasiyalar regionlarda bu istiqamətə diqqətin artmasına, zəngin mədəni irsimizin daha geniş şəkildə beynəlxalq səviyyəyə çıxarılmasına imkan yaradacaq.

Nazir yeni nominasiyalarla bağlı fikirlərini də bölüşdü: “Azərbaycanın zəngin ədəbiyyatı var. Eyni zamanda ayrı-ayrı bölgələrimiz özünəməxsus ədəbi ənənələrə malikdir. “Ədəbiyyat paytaxtı” elan olunan rayonlarımızda xüsusilə gənclərimizin ədəbiyyata, sözə-sənətə marağı artacaq. Mətbəx nominasiyasına gəldikdə, demək istəyirəm ki, bədnam qonşularımızın təcavüzü indimilli mətbəximizə qarşı yönəlib. Mətbəx nümunələrimiz xalqımızın yaratdığı sərvətdir və bu bizim üçün bir çağırışdır. Bütün mütəxəssislər, turizm müəssisələrində çalışan insanlar üçün mətbəx nümunələrimizin yaşadılması, təbliği üçün bir fürsətdir. Ümid edirəm ki, növbəti illərdə mətbəx mövzusu mədəni xidmətlərin sırasında daha dəyərli yer tutacaq, Azərbaycan mətbəxinin imici bütün dünyada formalaşacaq».

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov budəfəki nominasiyaların ədəbiyyat və milli mətbəximizlə bağlı olmasını təqdirlə qarşıladığını bildirdi. Çünki bununla Azərbaycanın müxtəlif regionlarının milli mətbəxi təbliğ olunacaq, eyni zamanda ədəbiyyatı, ədibləri tanıdılacaq, ictimaiyyət fərqli düşüncə mədəniyyətləri ilə tanış olacaq.

Nazirliyin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun məsləhətçisi Vüqar Məmmədov «Xalq Yaradıcılığı Paytaxtları» proqramı və 2014-cü ildə «paytaxt» seçilmiş bölgələrdə həyata keçirilən tədbirlərlə bağlı hesabatı təqdim etdi.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova və Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova il ərzində bu rayonlarda proqram çərçivəsində görüləcək işlərlə bağlı danışdılar.

Tədbirdə Qəbələ, Balakən və Abşeron rayon mədəniyyət və turizm şöbələrinin müdirləri Nargilə Qafarova, Ruqiyyə Seyidovaİlham Manafov ötən il layihənin icrasında göstərilən fəaliyyətə görə nazirliyin fəxri fərmanı ilə təltif edildilər.

Sonda Şamaxı şəhərinin «Azərbaycanın Ədəbiyyat Paytaxtı» və Qax şəhərinin «Azərbaycanın Milli Mətbəx Paytaxtı» elan edilməsi ilə bağlı hazırlanmış xatirə kubokları və fəxri diplomlar təqdim edildi, xatirə şəkli çəkdirildi.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 6 mart.- S. 3.