Bu döyüş Türkiyə və Azərbaycanın ortaq tarixidir

 

Martın 6-da Türkiyənin Bakıdakı səfirliyində Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirdə çıxış edən səfir İsmayıl Alper Coşqun bildirdi ki, I Dünya müharibəsinin ən böyük döyüşlərindən olan Çanaqqala savaşının yubileyini qeyd etməklə Türkiyə dünyaya sülh mesajları vermək istəyir. Vaxtilə bu torpaqda üz-üzə gəlmiş, dünya savaşının iştirakçısı olmuş bütün dövlətlərə dəvət göndərilib: “Azərbaycan Prezidenti bu tədbirlərə qatılacağını bildiribbiz bundan məmnunluq duyuruq”.

Səfir 2015-ci ili Türkiyə tarixi, Azərbaycan-Türkiyə ortaq tarixi baxımından da önəmli il kimi dəyərləndirdi: “Çanaqqala döyüşü də Türkiyə və Azərbaycanın ortaq tarixidir. Bu döyüşdə azərbaycanlı qardaşlarımız da bizimlə çiyin-çiyinə vuruşub”.

Tədbirdə eyni zamanda “Yerində tarix” layihəsinin təqdimatı keçirildi. Layihə “100-cü ilində döyüşdən barışa - Çanaqqala” adlı layihə çərçivəsində Yunus Əmrə İnstitutu tərəfindən ərsəyə gətirilib. İnstitutun Bakı Türk Mədəniyyət Mərkəzinin rəhbəri Ali Curanın sözlərinə görə, layihə çərçivəsində 25 nəfərdən ibarət tələbə, müəllim və vətəndaş cəmiyyəti üzvləri martın 12-də Türkiyəyə göndəriləcək. Mərkəzin direktoru bildirib ki, onlar martın 22-dək Çanaqqalaya və Türkiyənin digər şəhərlərinə gedəcək, Türkiyə tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 15.