O... yandı...
Özü də telesəhnəciklərdən birində dediyi kimi, “yavaş-yavaş” yox, atəş-atəş yandı!
On dörd yaşındaykən qəfil
bir sənət
qığılcımından od aldı,
səhnə-səhnə, ekran-ekran
alışdı, günbəgün şölələndi, aybaay ulduzlandı, sənətin
“qırxıncı qapı”sını açıb əsl sənətkarlıq
butasına yetdi, məşhuri-cahanlıq
murazına çatar-çatmaz, yanıb kül
(bəlkə gül?) oldu...
O zaman Bəşir Səfəroğlunun - səhnəyə
on dörd
yaşında qalxan, bütün
Azərbaycan tamaşaçısının yaddaşında yaşayan yüzlərlə ləzzətli
replikalarından biri də “vur, vurum!” olan
bu müqtədir aktyorumuzun
- vur-tut, qırx üç
yaşı vardı...
Sənət vurğunu, səhnə aşiqi idi Səfəroğlu. Özü Məcnun idi, oynadığı bütün “özgə”lər Leyli. Səhnəmizdə onsuz da az olan məcnunlar içərisində Füzuli Məcnunu kimi seçilib Bəşir Səfəroğlu. Elə ömrünün sonunda - dünyadəyişim “rolu”nda da Füzuli könlündəki duyğulardan birinə yönəlilik olub: “Rəhmət sənə Füzuli, öldün, - əfğanınla xəlqə əziyyət vermədin!”...
Xəmiri tamamilə aktyorluq aktları, sənətkarlıq iksirilə yoğurulmuşdu Bəşir Səfəroğlunun. Dramaturji materiallar onun ifasında yeni-yeni ştrixal dillər, rejissura nizamları onun jestlərində əlavə dinamikal-mozaikal güllər açırdı.
Və mən ilk gəncliyimdə bir tamaşaçısı kimi heyrətlənərdim, sonralar vurğun-maraqlısı olaraq düşünərdim, bu an isə növbəti oçerkisti qismində fikirləşirəm ki, ayrıca bir canda bu qədər rəngarənglik hardanmış?
Baxaq, görək...
Bunları görmək üçün mütləq onun hələ sadəcə Bəşir Səfər oğlu Səfərov olduğu dövrə baxmaq gərək. Bu isə bütöv bir ərəfə epopeyasıdır. Adi yazı-pozu mayasına, yaşıl-yaşam dramaturgiyasına sığışmayan epopeya. Azadlıq, rahatlıq, sərbəstlik, xeyli dərəcədə xoşbəxtlik qədər-qismətindən başını qaşımağa macal tapmayan indiki uşaqlıq, gənclik, habelə iş-peşə, sənətkarlıq dövrü ilə onun - zülm-məşəqqətləri daşımağa güc tapmayan yeniyetməlik, gənclik dövrünün fərqini müqayisə etmək - nə demək?!
Cismani ölümündən yarım əsrədək vaxt ötmüş bu həmişəyaşar sənətkar haqda rəngsiz, obrazsız sənəd dili ilə yazmalıyıq ki, o, bir bəndə olaraq 11 mart 1925-ci ildə (Bakıda) doğulub. Bəs (sənət ehtişamı istisna olunmaqla), tale olaraq?..
Bəli, sonraların bu boyda sənətkarının sənəd tarixçəsi təbii-təbəssümlü, şaqraq gülüşlü, azad düşüncəli sənət üzünə yox, hirsli-hikkəli, yalan mayalı, dəmir qaş-qabaqlı siyasət üzünə doğulub. Hələ ictimai-sosial mənşə “maddə”si! Ailə vəziyyətinin ağırlığı onu orta məktəbin yeddinci sinfindən uzaqlaşdırmalı olub. On üç-on dörd yaşlarında dolanışıq çətinlikləri, repressiya gərginliklərilə ləbaləb həyat səhnəsindən sürücülər klubunun dram dərnəyi səhnəsinə qalxıb. On altı yaşında... qazamatdan da ağır mülki həyatdan bezərək, könüllü olaraq dünyanın faşizm dramına - müharibəyə yollanıb və 1942-ci ildə kontuziya “təltifat”ı ilə geri qayıdıb.
“Geri” dediyim bu ünvan
başqa adla Vətən...
Burada onu nə gözləyirdi
ki?.. Dil tutulub,
qulaqlarsa çox ağır eşidir.
Bəs nə etməli? Üzünə heç bir
söz, fikir deyə bilmədiyi, çığırtı-gumbultularından savay heç bir səsini eşitmədiyi bu dünyanın sənət-səhnə
yarına necə qovuşmalı? Bir müddət
keçir, qulaqları,
özü demişkən,
“pıçıltılara yatmasa da, qıcırtıları
antenalaya bilir”. Lakin “dərdini izhar edəsi orqan” açılmır ki, açılmır. Bir müddət
yük maşını
sürməli olur.
Və sən demə, lalın dilini tək elə analar yox, yaxşı insanlar da bilirmiş:
onun istedadına yaxşı bələd olan rejissor Niyaz
Şərifov məsləhət
görür ki, müntəzəm olaraq teatr tamaşalarına gəlsin. Bir neçə ay sonra
isə həmin “xilaskar mələk” “kəkələmə rollarına
cəlb edilə bilər” ehtimalı ilə onu truppaya
aktyor qəbul edir. Yaradıcılıq
ehtirası ilə alışıb-yanan, bu uğurdan bir qədər də həyəcanlanan Bəşir
bu “kömür ömür” və “sevincdən xali” talenin bu iztirablı,
gərgin “ssenari”silə
gündüzlər həmin
teatra gedib-gəlir, gecələr isə haman “hər dərddən yaman ələm”lə yatıb-dururmuş.
Və bir gecə yuxuda necə bir zəlzələvi
həyəcan yaşayırsa,
oyanıb agah olur ki, dili
açılıb!
Elə həmin “kulminasiyalı yuxu” sayəsində bu adi Bəşir
qeyri-adi Bəşir Səfəroğlu erasına
-
Qədəm qoyur...
Get-gedə irilən,
yürüdükcə möhkəmlənən
bu başlayış-qədəm
qapsamında neçə-neçə
şedevr obrazlar yaradışı, taysız-bərabərsiz
aktyorluq elementləri,
saysız-hesabsız tamaşaçı
alqışları, gülüşləri,
möcüzeyi-məzə dolu
sənət həyatına
və... vaxtsız vəfatına rəğmən
ikili göz yaşları. Onun güldürdüklərinin istehzayi-təbəssümlərinə səbəb olmaqdan çəkinməsəydim, bu
ankı qələm çəkingənliyimi də
bunlara əlavə edərdim. Yəni bu qədəmi başlayışdan duracağadək
layiqincə təsvir edib, bu korifeyi
sağ ikən görməmiş müasir
oxucuya çatdırmaq
məsələsi! Hansı
ki, bu, onun
həmin qədəməqədərki
çətinliklərdən də betər! Belə ki, valideynləri üçün adi bala kimi doğulan
Bəşir, dünyaya
“Allahın bəlası”
kimi gəlibmiş; fitri istedad ləbaləb,
sənətə sevgi
siləbəsilə, aqilliyi-qabilliyi
zəki-zəki, tökü-tökü.
Və... O dövr vurğunlarından (o vaxtlar
“fanat” termini kəşf
olunmamışdı) birinin
dediyi kimi - “üzündə şeytan
tükü”...
Onun saysız
vurğunlarının dediklərindən
birinin havayıdan xatırlatmadım. Belə ki, Bəşir
Səfəroğluya elə-belə
- yəni dramaturqların
söz, rejissorların
mizan-düzən qatqarları
qatılmadan baxanda da adamın gülməyi gəlirdi.
Bu sehrin sirrini
tapmaqda aciz olan Allah bəndələri
- xalq isə aldığı hədsiz
ləzzəti, qaldığı
qədərsiz heyranlığı
hər ləhzə lənətlədiyi (bu halda “sevdiyi”) abstrakt varlığın tükü ilə bağlayır.
Yeri gəlmişkən, lənət sənə şeytan, cəmisi qırx dörd il yaşamış bu “pir”in otuz ildə yaradıb-yaşatdığı rolları - onlarca “dəyirmi stol” ətrafına sığışmayası yüzlərlə mükəmməl obrazı bu kvadrat səhifənin üçdəiki hissəsinə qail yazımın bir-iki abzasına necə sığışdırmalı? Öz saya fikirlərimlə onların rəngarəng “həngamələrini”, minbir əda-sədalarını nə tövr açmalı? Onun “Durna”dakı Uzun-Qoşun höcətləşməsini - “vur-vurum!” kimi muz-“müharibə”sini necə canlandırmalı? Ustadlıqla yaratdığı - guya eleqant alim, amma cılxa pedant, “həm ciddi, həm şən” Gülümsərovun: “Məni bu işə vadar edənlər tarix qarşısında cavab verəcəklər!” “vəsiyyət”ini necə göyərtməli?..
Bu qəlib-qəbil suallarımdan da bəlli olduğu kimi səhnəmizin əbədi ulduzlarından olan Bəşir Səfəroğlunu da bir qədər “trafaret-təqdimat” formatında təqdim edəsi olacağıq. Belə ki, “Beş manatlıq gəlin”də Möhsün, “Keto və Kote”də Qaradavoy, Çiko, “O olmasın, bu olsun”da Məşədi İbad, Qoçu Əsgər, “Durna”da Uzun, “Ulduz”da Gülümsərov, Qədir, “Gözün aydın”da Səlyanski, Qəhrəman, “Mərdi-xəsis”də Hacı Qara, “Rəisin arvadı”nda Baləmi, “Milyonçunun dilənçi oğlu”nda polis rəisi, “Bizə bircə xal lazımdır”da Səbrəli obrazları Allahın hər qərinədənbir yaratdığı sənətkarlardan olan bu aktyorun yaratdığı obrazların yüzdəbiridir.
...Və onun öz obrazına dair sözün hər iki mənasında -
Sonluq-əlavə...
Əslində, yuxarıda toxunduğum düyadəyişimi məsələsinə münasibətimin davamı. Belə ki, bu sənət Məcnununun dünyadəyişiminə səbəb olan xəstəlik nadir azarlardan olduğu kimi, onun bu mərəzi qarşılaması da məcnunanə-Füzuliyanə olub. Son günədək səhnədən düşməyib, sürəkli alqışları, salonlardan atılan gül-çiçəkləri, replika-komplimentləri “mən ki bu gün-sabahlığam...” ovqatı ilə yox, “sənət əbədidir!” duyğuları ilə qarşılayıb. Yəqin hələ ürəyində həkimlərə “Gəl, sanma Füzuli dərdini asan, ey təbib!” - xitabı da edibmiş...
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 13.