Qədim Şamaxı - yeni paytaxt

 

Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildən həyata keçirdiyiXalq Yaradıcılığı Paytaxtları” proqramı bölgələrimizin mədəni inkişafına bir çox yeniliklər gətirib. Ötən beş ildə 15 bölgəmiz əfsanələr, folklor və sənətkarlıq “paytaxt”ları kimi bu layihədə uğurla iştirak edib. Proqram çərçivəsində keçirilən çoxsaylı tədbirlər yerlərdə maraqla qarşılanıb. Bu ildən layihə yeni nominasiyalarla (“Ədəbiyyat paytaxtı” və “Milli mətbəx paytaxtı”) davam etdirilir.

Sevindirici haldır ki, Azərbaycan tarixində məxsusi yeri olan qədim Şamaxı da mədəniyyətimizin təbliği və təşviqinə xidmət göstərən bu layihədə iştirak etmək imkanı qazanıb. YeniXalq Yaradıcılığı Paytaxtları” proqramına uyğun olaraq Şamaxı 2015-ci ildə “Ədəbiyyat paytaxtı” elan olunub. Rayonumuzun bu nominasiyada qalib gəlməsi təsadüfi deyil. Şamaxı Azərbaycan ədəbiyyatına böyük şairlər və mütəfəkkirlər bəxş edib.

Şamaxının “Ədəbiyyat paytaxtı” elan olunmasını rayon ictimaiyyəti sevinclə qarşılayıb. “Ədəbiyyat paytaxtı” ilində Şamaxıda müxtəlif tədbirlər keçiriləcək, bu tədbirlər gənclərimizin ədəbiyyata, sözə və sənətə marağını daha da artıracaq.

Qədim Şamaxı bu gün yeni dövrünü yaşayır, son illər rayonda böyük abadlıq və quruculuq işləri həyata keçirilir. Yeni mədəniyyət obyektləri, istirahət mərkəzləri istifadəyə verilir, yaşı min illərə gedib çıxan abidələr bərpa olunur. Rayon rəhbərliyinin səyi nəticəsində görülən bu işlər Şamaxıya özgə bir yaraşıq verir. Təsadüfi deyil ki, rayona gələn əcnəbi və yerli turistlərin sayı ilbəil artır. Şamaxının “Ədəbiyyat paytaxtı” elan olunması, keçiriləcək silsilə tədbirlər rayonumuzda turizmin inkişafına da töhfə verəcək.

 

Rəxsanə Xəlilzadə,

M.Ə.Sabirin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 11.