Novruz tətilini ölkəmizdə
keçirmək istəyənlərin sayı artıb
Turizm şirkətləri və hotellər maraqlı turpaketlər təklif edirlər
Xalqımızın
əsrlərdir sevə-sevə qeyd etdiyi Novruz bayramına
artıq sayılı günlər qalıb. Özünəməxsus
ənənələri olan bu bayram eyni
zamanda yazın isti nəfəsindən
xəbər verir. Məhz bu
səbəbdən də insanlar bayram tətilində müxtəlif maraqlı
məkanlara üz tuturlar.
Bunu nəzərə alan
turizm şirkətləri Azərbaycanın
regionlarına və xarici ölkələrə
turlar, istirahət mərkəzləri,
hotellər isə əyləncəli proqramlar
təklif edirlər. Biz də kiçik bir
araşdırma aparmaqla Novruz
bayramı günlərində harada və
necə dincəlməyin yollarını aradıq.
Region hotelləri 20 gün əvvəldən dolub
«A La Carte Travel» turizm şirkətinin direktoru Nəsib Usubovun sözlərinə görə, bu bayramda xaricə gedənlərin sayı azdır. Bunun da səbəbləri müxtəlifdir: «İnsanlar bir neçə günlük tətillərini ölkə daxilində keçirməyə üstünlük verirlər. Bizim də Azərbaycanın müxtəlif regionlarına turlarımız çoxdur. «Quba Rixos» hotelində «Novruz tonqalı» proqramı, Nabrandakı «Caspian Sea Breeze», «Şamaxı Palace Platinum by Rixos», Qəbələdəki “Qafqaz” hotellərində Novruzla bağlı maraqlı şənliklər təşkil edilib. Hələ bayrama 20 gün qalmış bu hotellərdə demək olar ki, yerlər dolub. Bizə qrup şəklində getmək istəyən insanlar müraciət edir, amma apara bilmirik, çünki yer yoxdur. Bütün nömrələr bir həftə müddətində bronlaşdırılıb. Qiymətlərdə isə elə bir artım müşahidə olunmur».
«Victory Tour» şirkəti isə Azərbaycana gəlmək istəyən xarici turistlər üçün proqramlar hazırlayıb. Şirkətin baş direktoru Vüsal Hacıyev deyir ki, Rusiya, Avropa, Türkiyə bazarı ilə işlədiklərindən bu ölkələrdəki partnyorlarına Novruz bayramı ilə əlaqədar turpaket hazırlayıb göndəriblər. Tur əsasən Bakı şəhərini və Abşeron yarımadasını əhatə edir. 4 gün müddətində turistlərin Novruz şənliklərində iştirakı, bayram adətlərimizlə tanışlığı nəzərdə tutulur. Onlar hansısa bir məhəllədə qalanan tonqal ətrafında toplanacaq, yerli əhali ilə birlikdə bayram mərasimini izləyəcəklər. Bundan başqa, şirkət 14-15 mart tarixlərində 2 günlük Tbilisi-Şəmkir şəhər turu təklif edir, qiyməti 79 manatdır. Buraya nəqliyyat xidmətləri, Tbilisidə 3 ulduzlu hoteldə gecələmə, səhər yeməyi, şəhərdə ekskursiya, yolboyu fotoçəkiliş daxildir.
Novruzu Lənkəranda qeyd etmək istəyənlər üçün də turizm şirkətlərinin maraqlı təklifləri var. «İmprotex Travel» bu şəhərə 22-23 mart tarixlərində tur təşkil edir. Turun qiyməti hər şey daxil olmaqla, 90 manatdır. Şirkətdən aldığımız məlumata görə, iştirakçılar «Xan Lənkəran» istirahət mərkəzində yerləşməklə, şəhərdəki görməli yerlərə ekskursiya edəcəklər, eyni zamanda Hirkan Milli Parkında və dəniz kənarında gəzəcəklər.
Ailəvi istirahət həvəskarları üçün
Hotel və istirahət mərkəzləri də bu bayramda çeşidli proqramlar tərtib ediblər. «Şamaxı Palace Platinum by Rixos» hoteli 1399 manata 3 gecəlik ailəvi Novruz tətili paketi təklif edir. Paketə 3 gecə dəbdəbəli qonaqlama, «White Diamond» restoranında günlük olaraq səhər və şam yeməyi, 21-22 mart tarixində canlı konsert, uşaq əyləncə proqramları, SPA və fitnesdən istifadə daxildir. 6 yaşadək 2 uşağın qalması ödənişsizdir.
«Palıdlı sahil» istirahət mərkəzinin təklif etdiyi turpaketlər müddəti 1-6 gecə olmalqa 16-22 mart tarixlərini əhatə edir. Turpaketlərə səhər, nahar və şam yeməyi, palıdlı meşədə çay süfrəsi, dənizkənarı gəzinti, əyləncəli oyunlar, diskoteka və axırıncı çərşənbə münasibətilə tonqalın qalanması daxildir. Qiymətlər 45 manatdan başlayır.
Novruz bayramı günlərində Azərbaycan daxilində dincəlmək istəyənlərə Qəbələ və Şahdağ turları da təklif olunur. 1 günlük səyahət adambaşına 22-23 manatdır.
Türkiyə və Dubay yenə də öndədir
Bayram tətilini xarici ölkələrdə keçirmək istəyənlər də var. Turizm şirkətləri ilə apardığımız sorğu nəticəsində məlum oldu ki, Novruz günlərində ölkə xaricində 1 həftə dincəlməyin qiyməti 1 nəfər üçün 500-1300 manat arasındadır. Ənənəvi olaraq xarici Novruz turlarında Dubay və Türkiyə öndədir. Bundan əlavə, vətəndaşlarımız Avropa ölkələrini, hətta Sinqapur və Malayziya kimi ölkələri də seçə bilərlər.
Ən ucuz turlar İstanbul istiqamətindədir - 500-600 manat. Söhbət 3-4 ulduzlu hotellərdə qalmaqdan gedir. İstanbulda 5 ulduzlu hoteldə qalmaq istəyənlər isə 1000 manatdan keçməlidir.
Misirin Şarm-əl Şeyx şəhərində 640 manata 5 ulduzlu hoteldə 7 gecə 8 gün istirahət etmək mümkündür. Bu qiymətə aviabilet, transfer, sığorta, gündə 3 dəfə qidalanma, viza və s. daxildir.
Dubaya getmək istəyənlər adambaşına 700-800 manatdan 1000 manata qədər xərc çəkməlidirlər. Qiymətin konkret həddi hoteldəki ulduzların sayından asılıdır. Məsələn, 4 ulduzlu Dubay səyahəti 1000 manata başa gəlir.
Avropada dincəlmək istəyənlər isə Çexiyanın paytaxtı Praqanı seçə bilərlər. Bu şəhərdə 5 günlük Novruz tətili keçirmək 800-850 manatadır. Bu qiymətə aviabilet daxil deyil.
Bakıdan xeyli uzaqda yerləşən Sinqapur, Malayziya kimi ölkələrdə isə 1 həftə vaxt keçirmək 1200-1300 manata başa gəlir.
Turizm şirkətlərindən onu da bildirdilər ki, əvvəllər xaricə səyahət edənlər 5 və 4 ulduzlu hotellərə üstünlük verirdilərsə, indi 3 ulduzlu hotellərə tələbat artıb. Çünki indiki qiymət artımı ilə 3 və 4 ulduzlu hotellərin qiymətləri arasında 200-300 dollar fərq olur.
* * *
Bir sözlə, Novruz tətilində istirahət üçün təkliflər çox, qiymətlər müxtəlifdir. Seçim isə sizlərindir, əziz həmvətənlərimiz.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 9.