Qərb bölgəsinə
turlar təşkil ediləcək
Şəmkir şəhərinin turizm imkanları təqdim edilib
Martın 3 və
4-də «Vector Travel» turizm şirkətinin təşkilatçılığı,
«Shamkir Excelsior Hotel» və Azərbaycan Turizm
Assosiasiyasının dəstəyi ilə 30-dan çox turizm şirkətinin
və media nümayəndələrinin
iştirakı ilə Şəmkir şəhərinə infotur keçirilib.
Bu şəhərin turizm imkanlarının tanıdılması və Azərbaycanın qərb bölgəsinə turların təşkil edilməsi məqsədilə reallaşdırılan səfər zamanı iştirakçılar «Shamkir Excelsior Hotel», şəhərdəki Abidələr Parkı, Bayraq Muzeyi, «Zəka» Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar.
«Shamkir Excelsior Hotel»in
konfrans zalında geniş toplantı keçirilib. Toplantıda bildirilib ki,
Azərbaycanda daxili turizmin inkişafında Şəmkir şəhərinin
rolu böyükdür.
Şəhərin qədim tarixi
və müasir infrastrukturu onu turistlər üçün
cəzbedici məkana çevirir.
Qeyd edilib ki, Şəmkirdə
4 və 5 ulduzlu hotellərlə yanaşı,
2 və 3 ulduzlu hotellərin tikilməsinə
də böyük ehtiyac var. «Vector Travel» turizm
şirkətinin icraçı
direktoru Kənan Hənifəyev bildirib ki, Şəmkir şəhəri mədəni
turlar baxımından
böyük imkanlara malikdir, bu turizm
növünün həvəskarları
isə adətən daha münasib qiymətə təklif edilən turlara üstünlük verirlər.
Onun sözlərinə görə,
təmsil etdiyi şirkət tərəfindən
həyata keçirilən
Şəmkir turu turistlər arasında getdikcə populyarlıq qazanır.
Toplantıda qərara alınıb ki, turizm şirkətləri Bakı-Gəncəbasar istiqamətində yeni turpaketlər tərtib etsinlər və turlar Şəmkir şəhəri, Gürcüstan da daxil olmaqla, Azərbaycanın qərb bölgəsini əhatə etsin. İnfotur iştirakçıları Şəmkirin görməli yerlərində ekskursiya gəzintisində də olublar.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 9.