Əməyə
verilən yüksək qiymət
Bayram münasibətilə bir qrup xanıma dövlət təltifləri təqdim olundu
Martın
6-da “Hilton Baku” hotelində
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə 8 Mart - Beynəlxalq Qadınlar
Gününə və 1995-ci ildə Dünya
Qadın Konfransında qəbul edilmiş Pekin Bəyannaməsi və Fəaliyyət
Platformasının 20 illiyinə həsr olunmuş tədbir
keçirildi. Mərasimdə Azərbaycan
elminin və mədəniyyətinin
inkişafında, eləcə də ictimai-siyasi
həyatda mühüm xidmətləri olan qadınlar iştirak
edirdilər.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ölkə başçısının bayram münasibətilə Azərbaycan qadınlarına təbrik müraciətini oxudu. Qeyd olundu ki, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan qadınlarının bir qrupu “Tərəqqi” medalına və fəxri adlara layiq görülüb. Sonra təltif olunmuş xanımlara medallar və fəxri adların nişanları təqdim olundu.
Fatma Abdullazadə 1995-ci ildə Çinin paytaxtı Pekində keçirilmiş, Azərbaycan qadınlarından ibarət nümayəndə heyətinin də iştirak etdiyi Qadın Məsələlərinə dair IV Dünya Konfransı haqqında məlumat verdi. Bildirildi ki, 20 il bundan əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin səyi nəticəsində Azərbaycan qadınları bu mötəbər beynəlxalq tədbirdə yüksək səviyyədə təmsil olunub.
Həmin nümayəndə heyətində yer almış qadınlara xatirə hədiyyələri təqdim edildi. Eyni zamanda dövlətin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalı xanımlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırıldılar.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova da 20 il əvvəl 189 ölkənin iştirakı ilə keçirilmiş konfrans və orada qəbul olunan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasından söz açdı. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriklərini çatdırdı.
Daha sonra konfransın 20 illiyinə həsr olunmuş qısametrajlı film nümayiş etdirildi, konsert proqramı təqdim olundu.
Ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş xanımlar arasında Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzərxanım Nurəliyeva da var. Sevincini bizimlə bölüşən M.Nurəliyeva bu medalın Beynəlxalq Qadınlar Günü münasibətilə ona verilmiş ən böyük hədiyyə olduğunu vurğuladı: “Mən bunu dövlətimizin bizə göstərdiyi yüksək etimad, diqqət kimi qiymətləndirirəm. Buna görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm. Bundan sonrakı fəaliyyətimdə də dövlətimizə, millətimizə layiqli xidmət edərək, mənə göstərilən yüksək etimadı doğrultmağa çalışacağam”.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 8.