Londonda “Buta” incəsənət
festivalı davam edir
Xalq rəssamı Fərhad Xəlilovun əsərləri
“Saatchi” qalereyasında təqdim
olunacaq
“Buta” İncəsənət
Mərkəzinin 2014-cü ilin
noyabrından Londonda təşkil etdiyi Azərbaycan incəsənəti
festivalının proqramında
təsviri sənətə
də yer verilib. Martın 11-dən 23-dək festival çərçivəsində
Azərbaycan Rəssamlar
İttifaqının sədri,
Xalq rəssamı Fərhad Xəlilovun əsərləri Londondakı
məşhur “Saatchi” qalereyasında
sərgilənəcək.
“Buta” İncəsənət
Mərkəzindən bildirilib
ki, festivalın əsas məqsədi Azərbaycan mədəniyyəti
və incəsənətini
Londonda populyarlaşdırmaqdır. Əsərləri xaricdə satılan ən məhsuldar Azərbaycan rəssamlarından
biri olan Fərhad Xəlilov rəngarəng üslubu ilə tanınan sənətkarlardandır. Bu,
Fərhad Xəlilovun Londonda 2011-ci ildə keçirilmiş ilk fərdi
sərgisindən sonra,
Avropa incəsənət
məkanında əsərlərinin
növbəti təqdimatıdır.
Sərgi
xeyriyyəçi və
rəsm əsərləri
kolleksiyaçısı Fərhad
Əhmədovun sponsorluğu
ilə keçiriləcək.
Mədəniyyət.- 2015.- 11 mart.- S.
8.