İstedadlı pianoçu, bəstəkar və pedaqoqun xatirəsinə
Cahangir Qarayev - 65
Bu il Azərbaycan
fortepiano və bəstəkarlıq məktəbinin
parlaq nümayəndələrindən biri - Cahangir Mürsəl oğlu Qarayevin (1950-2013)
65 illik yubileyidir. Cahangir Qarayev Bakıda tibb sahəsinin
görkəmli xadimləri olan Mürsəl
Qarayev ilə Böyükxanım Nəzirovanın
ailəsində dünyaya göz
açmışdı. Hələ uşaqlıq
çağlarından o, valideynlərinin professional maraqlarına rəğmən, musiqi sənətinə sevgi
bəsləyən insanların əhatəsində, doğma əmisi, görkəmli bəstəkar
və musiqi xadimi Qara Qarayevin şəxsiyyətinə
xüsusi hörmət bəslənilən
bir mühitdə boy
atmışdı. Bu isə onun həyat yolunu həll
edən vacib amil oldu.
Cahangir Qarayev Azərbaycan fortepiano məktəbinin banilərindən biri, respublikanın Xalq artisti, professor Mayor Rafailoviç Brennerin sinfində professional musiqi təhsili almışdır. Gənc musiqiçinin yaradıcılıq bioqrafiyasında məşhur professorun sinfində təhsil aldığı illər ən məhsuldar yaradıcı dövr olmuşdur. Həmin unudulmaz illərdə M.Brennerin assistenti kimi çalışan bu sətirlərin müəllifinin xatirəsində daha bir həqiqət canlanır: üslubca çoxcəhətli, həcmcə geniş olan pianoçu repertuarını qavramaqla bərabər, gənc C.Qarayev bəstəkar yaradıcılığı sahəsində də öz qüvvəsini müvəffəqiyyətlə sınayır. O zamanlar Q.Qarayevin sinfində tam təhsil keçmiş əmisi oğlu Fərəc Qarayevin təsiri altında Cahangir ənənəvi konservatoriya proqramı ilə yanaşı, yeni Vyana bəstəkarlıq məktəbinin baniləri - Arnold Şönberq, Anton Vebern və Alban Berqin sənətini də öyrənir. XX əsrin ilk rübündə yaranan yeni estetik prinsiplərin və böyük bəstəkarımız Q.Qarayevin yaradıcılığının öyrənilməsi maraqlı nəticələr verir. Yaradıcılıq yoluna yenicə qədəm qoymuş gənc bəstəkar bir sıra fortepiano əsərlərini ərsəyə gətirir və bu musiqidə yetkin romantizmin ənənələri ilə əlaqə özünü büruzə verir.
Öz təhsilini musiqi klassikasının ən kamil nümunələri əsasında alan C.Qarayev caz sənətini də ciddi surətdə öyrənməyə başlayır. Onun maraq və axtarışları özünün yaratdığı və rəhbərlik etdiyi “Cürbəcür” qrupunun fəaliyyətində gerçəkləşir. Böyük rəğbət qazanmış həmin heyətin repertuarına müasir Azərbaycan bəstəkarlarının caz əsərləri daxil idi.
Onunla bir dost kimi təmasda olan Fərhad Bədəlbəyli həmin illəri belə xatırlayır: “Axşamlar Cahangirin mənzilində toplaşaraq Ç.Parkerin, C.Koltreynin, E.Fisceraldın son lent yazılarını dinləyərdik. Onunla ünsiyyət olduqca maraqlı idi, o bizi bu musiqiyə cəlb edir və əsl musiqiçi kimi mənəvi dəyərlərlə yaşayırdı”. 2013-cü ildə Bakı Caz-mərkəzində C.Qarayevin xatirə gecəsində hörmətli bəstəkarımız Firəngiz Əlizadə isə öz çıxışında belə xatırlayır: “Biz Cahangir Qarayevlə birlikdə oxumuşuq. O, həmişə bizdən bir addım irəlidə idi. Müxtəlif sahələrdə baş verənlərdən, musiqi aləmindəki yeniliklərdən həmişə agah olan, olduqca ağıllı və çox mütaliə edən bir insan idi. Həmişə yeniliklərə meyl edirdi. Bir dəfə Cahangirin qeyri-adi musiqi ifa etməsindən xəbər tutduq, o zamanlar isə Bakıda elektron musiqi nadir hal hesab edilirdi. Mən onun konsertinə getdim və dinlədiyim musiqidən o qədər emosional təsirləndim ki, sadəcə özüm üçün bir resenziya yazmaq qərarına gəldim. Bir müddət sonra bu yazım qəzetdə dərc olundu və məqaləni oxuduqdan sonra Cahangir mənə dedi: “Mənim bəstələrimi necə də dəqiq təyin etmisən! Bunlar həqiqətən də labirintlərdir! Və bəzən heç özüm də onlardan çıxmağı bacarmıram”.
Cahangir Qarayevin yaradıcılığında 1976-cı ildə bəstələdiyi “Fortepiano sonatası” xüsusi yer tutur. Burada sonata formasının sərbəst təfsiri bəstəkarın bədii təfəkkürünün dərin milli zəmininə əsaslanır. Əsərə xas monosentrizm (üç hissənin hər biri yeganə bir mövzu əsasında qurulur) sonata forması qanunlarının olmaması ilə əlaqədardır. Sonatada nəinki ifadə vasitələri və forma detalları səviyyəsində, bundan daha da miqyaslı surətdə - musiqi dramaturgiyası səviyyəsində muğamın üslub qanunauyğunluqları ilə bağlılıq üzə çıxır.
Bu sonata müəllifin ifasında ilhamlı bir improvizə kimi səslənmişdir. Musiqini uzatmaq bacarığına malik ifaçı-müəllif bir obrazın mühiti ilə məhdudlaşaraq, dinləyici diqqətini yeni təfsilatlarla fasiləsiz olaraq cəmləşdirirdi. Müəllif öz sonatasını müsbət mənada virtuozcasına ifa edərək, həqiqi pianoçu məharətini nümayiş etdirirdi. Lakin bu, məqsədin özü deyil, bədii ideyanın ifadəsi üçün vasitə idi. Bəstəkarın başqa əsərlərindən “Anlar və impulslar”, “Neqativlər” adlı fortepiano pyesləri silsilələrini qeyd etmək olar.
Cahangir Qarayev istedadlı və axtarışlara meylli musiqiçi kimi tanınıb, xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün neçə-neçə müasir üslublu əsərlərinin ilk ifaçısı olmuşdur. Xüsusən də Fərəc Qarayevin əsərlərini fəal təbliğ etmişdir. Onların sırasında Cahangirin müəllimi olmuş professor M.Brennerin xatirəsinə həsr edilən fortepiano ilə kamera orkestri üçün “Konsert” də var. Cahangir bu əsərin həm ifaçısı, həm də onun fortepiano partiyasının redaktoru olmuşdur. Konsertin ən səciyyəvi cəhətlərindən biri barokko (Bax, Vivaldi, Teleman, Marçello və b.) və caz musiqisinin təzadlı üslub komponentlərinin, eləcə də XX əsr bəstəkarlıq üsullarının kəskin qarşılaşdırmalarıdır. Əsərin ilk ifaçısı C.Qarayev onun yarışma-konsert kəskinliyini nəzərə çatdıraraq və buna bir qədər ironik ikimənalılıq verərək, əsərin üslub qarşılaşdırmalarını aydın şəkildə təqdim edə bilmişdir.
Pianoçunun səsləndirdiyi F.Qarayevin digər əsəri - “İki ifaçı üçün sonata”dır. Əsər iki pianoçu - Cahangir Qarayev ilə Akif Abdullayevin ifaçı keyfiyyətləri nəzərə alınaraq bəstələnmişdir. Əsərin 1980-ci ildə Moskvada “Melodiya” firması tərəfindən gerçəkləşdirilmiş səs yazısı vardır. Müəllifin özünün söylədiklərinə əsasən, bu əsərdə ifaçı qarşısına heç bir qlobal ideya və yaxud məsələ qoyulmamışdır. İfaçıların burada vəzifəsi öz daxili aləminə, lirik planda özünü seyr etməyə, daxili düşüncələrə qərq olmaqdır. Sonataya epiqraf olaraq Corc Bayronun sözləri seçilmişdir: “Mən bu zərif adı sevirəm”. Əsərin əsas xüsusiyyəti musiqi dilinin ən müasir vasitələrindən, müxtəlif növ fonik effektlərdən istifadə edilməsidir. Burada iki ifaçı növbə ilə iki royalda, zənglərdə, vibrafonda ifa edirlər. Əsərin daha bir vacib cəhəti odur ki, ifaçılara improvizasiya və zaman hüdudlarının dəyişilməsi imkanı verilir. Cahangir Qarayev ilə Akif Abdullayevə fasiləsiz surətdə 4 hissədə ifa edilən bu sonatanı ən yüksək səviyyədə təqdim etmək nəsib olmuşdur.
Cahangir Qarayev öz
proqramlarına geniş üslub
diapazonuna malik əsərlərini
daxil edərək, fəal konsert
fəaliyyəti göstərmişdir. 1970-ci illərdə
müxtəlif musiqi tədbirlərində
- 1973-cü ildə Almatıda keçirilən “Asiya və Afrika ölkələrinin
musiqi tribunası”, 1975-ci ildə Tbilisidə
keçirilən “Zaqafqaziya baharı”
festivallarında iştirak
etmişdir. 1981-ci ildə Azərbaycan Bəstəkarlar
İttifaqının zalında müasir eksperimental elektron musiqisindən
ibarət konsert vermişdir
(bu barədə “Baku”
və “Molodyoj Azerbaydjana”
qəzetlərində resenziyalar
vardır). 1984-cü ildə C.Qarayev ilə
birlikdə viola ifaçısı Dmitri Seyidzadənin iştirakı ilə qədim
musiqi konserti keçirilmişdir. Tədbirin proqramına İohann Xristian Baxın viola üçün do-minor konserti,
Covanni Batista Bononçininin
və Jan-Pol Ejid Martininin sonataları daxil idi. Onun repertuarında
fransız bəstəkarlarının
da - Moris Ravelin konsertləri
(onlardan sol-major konsertində
dəfələrlə ona
müşayiət etmişəm),
Klod Debüssinin “Sevinc adası”, Olivye Messianın pyesləri də mühüm yer tuturdu.
C.Qarayev ifaçılıqla yanaşı,
Azərbaycan Dövlət
Konservatoriyasının (indiki
Bakı Musiqi Akademiyası) ixtisas piano kafedrasında pedaqoji fəaliyyət də göstərmişdir. O, pedaqoji fəaliyyətinə Xalq artisti, professor Rauf Abdullayevin sinfində assistentura-stajirovka
təhsilini başa vurduqdan dərhal sonra başlamışdır.
Onun geniş musiqi bilgi dairəsi tədris fəaliyyətində
də özünü
büruzə vermişdir.
Pianoçunun tələbələrindən
biri Arzu Rzayeva o dövrü belə xatırlayır: “Cahangir müəllimin rəhbərliyi altında
mən bir çox bilgiləri öyrəndim və bu da forma, janr
və səciyyə etibarilə ən müxtəlif əsərləri
üslub və dramaturji baxımdan dürüst və bütöv qurmağa kömək etdi. O, öz tələbələrinin
ifaçı repertuarına
ən müxtəlif
fortepiano əsərlərini, qədim barokko üslubundan, Vyana klassiklərinin musiqisindən
başlayaraq romantizm, impressionizm, neoklassisizm dövrlərinə və
müasir musiqi avanqardı üslublarınadək
əsərləri daxil
edirdi. Azərbaycan bəstəkarlarının
fortepiano əsərlərinin daxil edilməsi də mütləq idi”.
1981-1984-cü illər ərzində Cahangir Qarayevin pedaqoji və ifaçılıq
fəaliyyəti Seneqalın
paytaxtı Dakar şəhərində
keçmişdi. Musiqiçi SSRİ Mədəniyyət Nazirliyinin müqaviləsinə
əsasən konservatoriyada
işləmək məqsədilə
oraya ezamiyyətə yollanmışdı.
Cahangir Qarayev milli musiqi mədəniyyəti
tariximizə genişprofilli
parlaq musiqiçi, istedadlı virtuoz-pianoçu,
yüksək professional pedaqoq
kimi daxil olmuşdur. Daim yaradıcı axtarışlara
meyl edərək, bütün həyatını
musiqiyə sədaqətlə
xidmətə həsr
etmişdir.
Tərlan Seyidov,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru,
Əməkdar incəsənət
xadimi, sənətşünaslıq
doktoru
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 6.