Aşıq
Əhlimanın 60 illik yubileyi
qeyd olunub
Martın
9-da Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı
ilə Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrında Azərbaycan aşıq sənətinin
tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət
işçisi, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Əhliman Rəhimovun 60 illik yubiley gecəsi keçirildi.
Tədbiri Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub açaraq yubilyar haqqında fikirlərini bölüşdü, onun məharətli ifaçılıq sənəti, bənzərsiz yaradıcılığı ilə Azərbaycan aşıq sənətinə töhfələr verdiyini vurğuladı. Qeyd olundu ki, Əhliman Rəhimov 1955-ci il martın 10-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Şirvan aşıq mühitinin yetirməsi kimi aşıq Bilal, aşıq Şakir və aşıq Məmmədağa məktəbini keçib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının müdiri olan aşıq Əhliman bir çox istedadlı gənclərin üzə çıxmasında, respublikada, onun hüdudlarından kənarda aşıq sənətinin təbliğ olunmasında böyük xidmətlər göstərib: “Bu gün Şirvan aşıq məktəbinin zəngin ənənələri aşıq Əhliman kimi sənət adamlarının timsalında yüksək səviyyədə, ləyaqətlə qorunur və davam etdirilir. İnanırıq ki, yubilyar hələ qarşıda neçə-neçə onilliklərdə Dədə Qorqud yadigarı olan qədim saz-söz sənətimizin inkişafına, gələcək nəsillərə çatdırılmasına töhfələr verəcək”.
Tədbirin aparıcısı, professor Qəzənfər Paşayev aşıq Əhliman Rəhimovun sənət yolundan, ifaçılıq sənətindən, gənc aşıqların yetişməsində xidmətlərindən söz açdı. Bildirdi ki, o, bir alim kimi də bu sənətin təbliği və inkişafı naminə çalışır. Maraqlı axtarışları nəticəsində ərsəyə gətirdiyi kitablar Şirvan aşıq mühitinin neçə-neçə yaradıcı simasını tanıdıb və daha geniş auditoriyaya təqdim edib.
Gecədə akademik Vasim Məmmədəliyev, professor Məhərrəm Qasımlı və başqaları çıxış edərək yubilyara ən xoş arzularını çatdırdılar. Qeyd olundu ki, geniş yaradıcılığı və şirin nəğmələri ilə qəlbləri fəth edən aşıq Əhlimanın sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir.
Tədbirdə ustad aşığın sənət dostları - Əməkdar artistlər Mətanət İsgəndərli, Azad Şükürov, Ağalar Bayramov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın aktyorları Şəhla Əliqızı, Elnar Qarayev, “Çeşmə”, “Rasimlər” aşıq qrupları, aşıq Altay, aşıq Ağamurad, aşıq Fəzail Miskin, aşıq Samirə, aşıq Əli Tapdıqoğlu, aşıq Şaiq İncəli, Cənubi Azərbaycan aşıqlarından Səlcuq Şahbazi, Mehdi Nəcəfi, habelə yubilyarın tələbələri çıxış edərək, onun şeirlərini, sözlərinə bəstələnmiş mahnıları ifa etdilər. Rəssam Şahvələd yubilyarın portretini təqdim etdi.
Sonda aşıq Əhliman çıxış edərək tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 6.