Respublika muğam
müsabiqəsinə yekun vurulub
Azərbaycan Milli Konservatoriyasında IV Respublika
Muğam Müsabiqəsi qaliblərinin
mükafatlandırılma mərasimi və yekun
konserti olub.
Müsabiqə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi, Təhsil Nazirliyi və Milli Konservatoriyanın təşkilatçılığı ilə xanəndə və instrumental muğam ifaçılığı nominasiyaları üzrə 2 turda keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək son illər Azərbaycan muğamının qorunması və inkişafı istiqamətində böyük işlər görüldüyünü vurğulayıb. Bildirib ki, bütün bunlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizə, muğamımıza göstərdiyi hörmət və ehtiramının nəticəsidir. Azərbaycan muğamının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu musiqi ənənəsinin böyük bədii dəyərə və mədəniyyətlərarası əməkdaşlıq potensialına malik olduğunu sübut edir.
Sonra qaliblər mükafatlandırılıblar. Müsabiqəyə qatılmış 68 iştirakçıdan instrumental muğam ifaçılığı üzrə Tofiq Məmmədov (tar) və Aygül Həsənova (qanun) birinci, Toğrul Orucov (kamança) və Baxış Binyatov (balaban) ikinci, Zərqələm Cəfərova (kamança) və Mustafa Aşurov (tar) üçüncü yerlərə layiq görülüb. Xanəndə nominasiyası üzrə isə birinci yeri Orxan Hüseynli, ikinci yeri Hüseyn Məlikov və Xətai Hacıyev, üçüncü yeri isə Zümrüd Məmmədova və Güllü Muradova qazanıb. Altı nəfər isə fəal iştirakına görə fərqləndirilib.
Qalibləri respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin daxil olduğu münsiflər heyəti seçib.
Sonda müsabiqə
qaliblərinin yekun konserti təqdim edilib. Qeyd edək ki, müsabiqədə qalib gələn iştirakçılar
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində
keçiriləcək gənc
muğam ifaçılarının
müsabiqəsində ölkəmizi
təmsil edəcəklər.
Mədəniyyət.- 2015.- 11 mart.- S.
6.