Qəmər
Almaszadənin xatirəsi yad edildi
Sənətkarın 100 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək
Azərbaycan balet məktəbinin yaradıcılarından biri, ilk azərbaycanlı
qadın balet ustası, SSRİ Xalq artisti, Dövlət
mükafatı laureatı Qəmər Almaszadənin (1915-2006) anadan olmasından 100 il ötür.
Martın 10-da görkəmli sənətkarın uzun illər fəaliyyət göstərdiyi Bakı Xoreoqrafiya Akademiyasının kollektivi, solisti olduğu, səhnəsində saysız alqışlar qazandığı Opera və Balet Teatrının işçiləri, mədəniyyət və incəsənət nümayəndələri Fəxri xiyabana gələrək Qəmər Almaszadənin məzarını ziyarət etdilər. Balet ustasının qəbri üzərinə əklil və çiçək dəstələri qoyuldu, xatirəsi ehtiramla yad edildi.
Qəmər Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən təkrarolunmaz obrazlar yaradıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox əsərlərə quruluş verib, milli kadrların hazırlanması sahəsində fəaliyyət göstərib. Balerina Azərbaycan qadınlarının XX əsrdə incəsənət sahəsində qazandığı uğurların sırasına öz imzasını ataraq musiqi mədəniyyətimizdə yeni janrın meydana çıxmasına güclü təkan verib. Azərbaycan səhnəsində dünya klassiklərinin şah əsərlərində canlandırdığı rəngarəng, dolğun obrazlar ona şöhrət gətirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il fevralın 4-də Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə milli balet sənətimizin bənzərsiz ifaçısının yubileyi silsilə tədbirlərlə qeyd olunacaq.
Martın 11-də Bakı Xoreoqrafiya Akademiyasında "Qəmər Almaszadə: "Qız qalası" və "Gülşən" baletləri” mövzusunda açıq dərslər, 12 martda "Qəmər Almaszadə-100" elmi-praktik seminar və konsert keçiriləcək. Aprelin 12-də Dövlət Akademik Opera və Balet Teatrında sənətkarın 100 illiyinə həsr olunmuş balet axşamı təşkil olunacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 5.