Parisdə azərbaycanlı
rəssamın sərgisi böyük maraq doğurub
Fransada rəsm əsərlərinin sərgisini təşkil
edən Stella Beynəlxalq İncəsənət
Cəmiyyətinin dəstəyi ilə Parisin
məşhur “İsveçrə şəhərciyi”nin incəsənət
qalereyasında azərbaycanlı rəssam Nigar
Nərimanbəyovanın fərdi sərgisi
açılıb.
Sərgidə rəssamın yağlı boya ilə kətan üzərində yaratdığı 14 əsəri nümayiş olunur. “Uşaqlıq yuxuları” və “Bütün həyat - teatr” mövzularına sadiq qalan N.Nərimanbəyova fərdi sərgisində də bu mövzularla bağlı yeni əsərlər təqdim edib. Əsərlərə tamaşa edənlər bir anlıq olsa da, unudulmaz, saf və ecazkar uşaqlıq illərinə səyahət edirlər. Məhz bu baxımdan rəssamın əsərləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanır.
Sərgiyə gələnlər azərbaycanlı rəssamın fırçasından çıxan “Sınmış qanadlar”, “Uçuş illüziyası”, “Gecə sehri”, “Nostalgiya” və “Arlekina və balerina” tablolarına xüsusi maraq göstəriblər. Fransanın “İncəsənət qəzeti”nin əməkdaşı Şantal Gionne deyib: “Nigar Nərimanbəyovanın rəsm əsərləri çox maraqlı olmaqla yanaşı, böyük rəmzi məna daşıyır. Rəssamın rəng seçimi onun bu sahədə böyük təcrübəsindən xəbər verir”.
Qalereyanın əməkdaşı Jorj Levi isə bildirib ki, sərgidə nümayiş etdirilən əsərlər bir tarixi - insanların
yaddaşlarında əbədi iz salan uşaqlıq yuxularını tam əks etdirir.
Tablolardakı rənglərin hər biri
müəyyən dövrü xatırladır.
Sərgi martın 16-dək davam edəcək
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 4..