Milli Teatr Günü
qeyd olundu
Əlamətdar gün Mədəniyyət
və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi”
döş nişanlarının
və “Zirvə” mükafatının təqdimatı
ilə də yadda qaldı
142 illiyini
böyük təntənə
ilə qeyd edən peşəkar milli teatrımız şanlı adı ətrafına yenidən teatralları, bu bənzərsiz sənət
növünə ruhən
bağlı olub, sədaqətlə xidmət
edən insanları toplaya bildi. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Azərbaycanda
"Milli Teatr Günü"nün təsis
edilməsi haqqında
1 mart 2013-cü il tarixli sərəncamından
sonra bu əlamətdar tarix artıq daha böyük təntənə
ilə qeyd edilir.
Martın 10-da Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında gerçəkləşən
mərasim də bunun göstəricisi oldu. Təntənəli mərasim nazirliyin
“Fəxri mədəniyyət
işçisi” döş
nişanlarının və
“Zirvə” mükafatının
təqdimatı ilə
də yadda qaldı.
Mərasimdə çıxış edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev teatr ictimaiyyətini,
sənətsevərləri bayram günü münasibətilə təbrik
etdi, 142 illik zəngin tarixə malik Azərbaycan peşəkar teatrının
yüksək inkişaf
mərhələsinə qədəm
qoyduğunu dedi: “Bu gün milli teatrımız dünya teatr meydanında özünə layiqli yer tutmaqdadır. Bəlkə də 15-20 il öncə
heç təsəvvür
edə bilməzdik ki, Azərbaycanda dünyanın aparıcı
teatr xadimləri toplaşaraq sənət aləmində cərəyan
edən prosesləri müzakirə edəcək,
onun inkişafına xidmət edən qərarlara imza atacaqlar. Artıq ölkəmiz beynəlxalq
teatr konfransına,
festival və toplantılara
ev sahibliyi
edərək dünya
mədəniyyətində bu mənada da öz sözünü
deyir. Bu gün
elə bir beynəlxalq teatr qurumu yoxdur ki,
Azərbaycan orada təmsil edilməsin.
Azərbaycan dramaturgiyası nümunələri
dünyanın 50-dən çox
ölkəsində nümayiş
olunub”.
Milli teatrımızın
nümunələrinin ABŞ-dan Tacikistanadək bir çox ölkələrin səhnələrində
uğurlu quruluş həllini tapdığını
deyən Əbülfəs
Qarayev bunun davamlı olduğunu vurğuladı. Məhz bunun sayəsində teatr xadimlərimiz, öz təcrübələrini
bölüşməklə yanaşı, dünyada gedən teatr prosesinə də nüfuz etmək imkanı qazanırlar: “Bu gün müxtəlif ölkələrdə Azərbaycan
teatrının gənc
təmsilçiləri təhsil
alır, ustad dərslərində iştirak
edir. Biz sevinirik
ki, teatrlarımız öz daxili mühitlərindən kənara
çıxaraq beynəlxalq
təcrübəni də
uğurla tətbiq edirlər. Azərbaycanda qoyulan bir sıra tamaşaların quruluşuna xaricdən rejissorlar, rəssamlar, bəstəkarlar, artistlər
dəvət olunurlar və bu zəmində
maraqlı, uğurlu layihələrə imza atılır. Bütün bunların
nəticəsində cəsarətlə
demək olar ki, Azərbaycan teatrı inkişaf edir və bundan
sonra daha da inkişaf edəcək”.
Son illər Azərbaycan
teatrının müəyyən
intibah dövrü yaşadığını vurğulayan
nazir bunun ölkə rəhbəri İlham Əliyevin teatrın inkişafı ilə bağlı imzaladığı sənədlərin
icrasının nəticəsi
olduğunu bildirdi. Qeyd olundu ki, Prezidentin
sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət
Proqramına əsasən
teatrlarımız yenidən
qurulur, onların maliyyə-iqtisadi əsası
təkmilləşir, teatrların
maddi-texniki bazası möhkəmlənir: “Son bir
neçə ildə cənab Prezidentin şəxsi təşəbbüsü
ilə demək olar ki, bütün
teatrların həyatında
əsaslı dönüş
yarandı, onların bir çoxu yenidən quruldu, binaları əsaslı təmir-bərpa olundu. Beləcə
yeni teatr mühiti formalaşmağa
başladı, maddi-texniki
bazadan yaradıcı potensialadək mükəmməl
bir nəticə hasil oldu. Bu intibah teatrda
müasir, yeni mühitin formalaşması,
yeni nəslin meydana çıxması ilə də müşayiət olunur.
Biz sevinirik ki,
ulu öndən Heydər Əliyevin teatra gözəl münasibət ənənəsi
bu gün də yaşayır və yeni mərhələyə
qədəm qoyur”.
Nazir mədəniyyətimizin,
o cümlədən teatr
sənətimizin inkişafında,
təbliğində Heydər
Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi
vurğuladı. Bu diqqət və qayğı ilə sayəsində Azərbaycan mədəniyyətinin
dünya ictimaiyyətinə
layiqincə təqdim olunduğunu dedi.
Teatrın cəmiyyətin aynası
olduğunu deyən Əbülfəs Qarayev onun yaşaması üçün bu sənətə yeni insanların, yeni nəslin gəldiyini bildirdi, istər dünyasını dəyişmiş
məqtədir sənətkarların,
istərsə də yaşa dolmuş teatr xadimlərinin əməyinin, səhnə
həyatının daim
xatırlandığını və xatırlandıqca qiymətini alacağını
dedi: “Sevinirik ki, Azərbaycan teatr məkanına yeni qüvvə, yeni adlar gəlir.
Bu işdə 13 dövlət teatrının
nəzdində fəaliyyət
göstərən teatr
studiyalarının da
öz payı var”.
Teatrın yeni adlarla daha
da inkişaf etdiyini vurğulayan nazir Azərbaycan mədəniyyətinin müxtəlif
sahələrində çalışan
istedadlı insanların
da məhz bu gündə mükafatlandırılmasının ənənə halını
aldığını diqqətə
çatdırdı.
Bildirildi ki, milli mədəniyyətimizin
qorunması, zənginləşdirilməsi
və tərəqqisinə
xidmət edən, teatr, kino, musiqi,
təsviri sənət
sahələrində xüsusi
nailiyyətlər qazanan,
yüksək peşəkarlıq
nümayiş etdirən
istedadlı şəxslərin
bədii axtarışlarını
dəstəkləmək və
yaradıcılıq fəaliyyətləri
üçün zəmin
yaratmaq, qiymətləndirmək
məqsədilə 2007-ci ildə
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən “Zirvə”
mükafatı təsis
edilib. Bu mükafatın,
eləcə də nazirliyin “Fəxri mədəniyyət işçisi”
döş nişanının
belə əlamətdar
gündə sahiblərinə
təqdim olunması mədəniyyətimizin tərəqqisinə
töhfələri olmuş
insanların əməyinə
verilən qiymətdir.
Böyük teatr ailəsinin peşə bayramına həsr olunmuş gecə “Fəxri mədəniyyət işçisi”
döş nişanlarının
təqdimatı ilə
davam etdi. Dövlət
Pantomima Teatrından Ceyhun Dadaşov, Dövlət Kukla Teatrından Sürəyya
Mansurova, Akademik Milli Dram Teatrından baş inzibatçı Elnur Məmmədov, Musiqili Teatrdan konsertmeyster Zakir Dadaşov - teatr sahəsində çalışan
20-dək insan bu təltifə layiq görüldü.
Sonra 7 nominasiya
üzrə “Zirvə-2015” mükafatının
təqdimatı oldu.
“Milli sərvət” nominasiyasında Xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə,
“Musiqi” nominasiyasında
Xalq artisti, dirijor Yalçın Adıgözəlov, “Teatr”
nominasiyasında Şəki
Dövlət Dram Teatrı,
“Kino” nominasiyasında “Nabat”
bədii filminin yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları,
“Debüt” nominasiyasında
Əməkdar artist Şövqi
Hüseynov, “Azərbaycan
mədəniyyətinə dəyərli
töhfə” nominasiyasında
isə “YARAT” Müasir
İncəsənət Məkanının
təsisçisi və
rəhbəri Aida Mahmudova
“Zirvə” mükafatı
ilə təltif olundu. Qaliblərə mükafatın simvolu,
diplom və pul mükafatı verildi.
Mərasim boyu Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının
ifasında təqdim edilən səhnəciklər
tamaşaçılar tərəfindən
maraqla qarşılandı. Tədbir
iştirakçıları peşəkar teatrımızın
142 illiyə həsr olunmuş sərgi ilə də tanış oldular.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 3.