Bakının sənət
cazibəsi
“Muğam aləmi” beynəlxalq festivalı dördüncü dəfə müxtəlif ölkələrdən iştirakçıları bir araya gətirib
Azərbaycan
paytaxtı növbəti sənət bayramına ev sahibliyi edir.
11-18 mart tarixlərində Heydər
Əliyev Fondu, Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi və Azərbaycan Bəstəkarlar
İttifaqı tərəfindən Bakıda "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı keçiriləcək.
Festival çərçivəsində Bakı ilə yanaşı, ölkəmizin bir sıra bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, beynəlxalq elmi simpoziumun (12-14 mart), beynəlxalq muğam müsabiqəsinin (15-17 mart) keçirilməsi nəzərdə tutulub.
Festivala Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, ABŞ, Fransa, İngiltərə, Livan, İspaniya, Almaniya, İordaniya, Rusiya, Çin, Hindistan, Tunis, Belçika, Sloveniya və Niderlanddan dünya şöhrətli musiqiçilər və qruplar dəvət olunub. Konsertlərdə xarici musiqiçilərlə yanaşı, Azərbaycanın tanınmış muğam ustaları Arif Babayev, Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Gülyaz Məmmədova, Aqil Məlikov, Elnarə Abdullayeva, Təyyar Bayramov, Səbuhi İbayev, istedadlı gənc ifaçılar Arzu Əliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, Güllü Muradova, Mirələm Mirələmov və başqaları çıxış edəcəklər.
Festival günlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Xor Kapellasının, "Sinfonietta" orkestrinin çıxışları da nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" tamaşaları festivalın qonaqlarına təqdim olunacaq.
Həmçinin Bakı Caz Mərkəzində görkəmli caz ustası Vaqif Mustafazadənin 75 illiyinə həsr olunmuş tədbir, Cəmil Əmirovun, Salman Qəmbərovun, Elçin Şirinovun rəhbərliyi ilə tanınmış caz kollektivlərinin iştirakı ilə konsertlər keçiriləcək.
Festivalın təntənəli
açılış mərasimi martın 11-də saat 19.00-da Heydər Əliyev Mərkəzində
keçiriləcək.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 2.