Ürəyəyatımlı sənətkar

 

Elə sənətkarlar var ki, onun haqqında söz açmaq, danışmaq, fikir söyləmək adama çətinlik yaradır, ürəkdən danışa bilmirsən. Elə sənətkarlar da var ki, onun haqqında söz aşmaq, danışmaq asan olur, dediyin sözlər, haqqında söylədiyin fikirlər ürəkdən gəlir, sevə-sevə danışırsan. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının sevimli sənətkarı Səmayə İsmayılova ikincilərdəndir. Onun haqqında danışmaq, fikir söyləmək, həqiqətən də, insanda xoş əhval yaradır. Çünki Səmayə xanımın özü xoş əhvallı, müsbət aura yaradan gözəl ovqatlı bir insandır. Bu dəyərli xanım bir insan kimi son dərəcə səmimi, qayğıkeş, sənətkar kimi ürəyəyatımlıdır. Ona görə onun haqqında danışarkən sözlər içdən gəlir. Tanrı ona elə bir xoşbəxtlik bəxş edib ki, belə xoşbəxtlik hər sənətkara nəsib olmur. O, istedadlı aktrisa kimi həm də aktyor sənətinə çox gərəkli olan və hər kəsə nəsib olmayan, şirin səsə malik bir sənətkardır. Bu sənətkarın cəmiyyətdə, dostlar arasında olduğu kimi, İrəvan Teatrının səhnəsində də özünəməxsus yeri vardır. Səmayə xanım istər teatrın İrəvandakı fəaliyyəti zamanı, istərsə də hazırkı dövründə həm sənəti ilə, həm də bir insan kimi səmimiyyəti və mülayimliyi, isti münasibəti, mehriban ünsiyyəti ilə kollektivin məhəbbətini qazana bilmişdir. Teatrımızda elə bir əməkdaş tapılmaz ki, Səmayə xanımı doğması kimi qəbul etməmiş olsun, onu sevməsin, onu özünə yaxın bilməsin. Onun məşqlər zamanı, qastrollarda olarkən, tamaşalar oynanılan məqamlarda gənclərə göstərdiyi qayğı, mehriban münasibət öz övladlarına göstərdiyi münasibət qədər doğmalıq təşkil edir. Səmayə xanım hər yerdə özünə böyük hörmət qazanmış son dərəcə intizamlı və nümunəvi xanımdır.

Səmayə İsmayılova 1977-ci ildən, M.Əliyev adına İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirdiyi vaxtdan etibarən, baxmayaraq ki, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrına dəvət olundu, lakin o öz doğma vətənində, ona çox əziz olan İrəvan Teatrının səhnəsində çalışmağa, həmvətənlərinə xidmət göstərməyə üstünlük verdi və təyinatını İrəvan Teatrına verilməsini xahiş etdi. Elə həmin ildən də bu teatrın səhnəsində peşəkar aktrisa kimi əmək fəaliyyətinə başladı. Bu illər ərzində o, ümumilikdə onlarla bir-birindən maraqlı, rəngarəng obraza səhnə həyatı vermişdir.

Onu da qeyd etmək lazımdır ki, Səmayə xanım sənətkar kimi bir sıra üstün cəhətlərə malikdir. Onlardan biri və ən üstün olan cəhəti hələ sovetlər birliyi zamanında xalqımıza qadağan olunmuş, çox sənətkarlar buna cürət etməyəndə, ehtiyatlananda türk nəğmələrini cəsarətlə və məlahətlə oxumasıdır. İştirak etdiyi konsert proqramlarında onun səhnəyə çıxarkən özünəməxsus şirin və məlahətli səslə oxuduğu qadağada olan mahnılar, türkülər sürəkli alqışlarla qarşılanırdı. Xüsusən də Qərbi Azərbaycanın bütün bölgələrində İrəvan Teatrının qastrol səfərlərindəki oynanılan tamaşalarla yanaşı keçirilən konsert proqramlarında tamaşaçıların qarşısında, hətta ermənilərin də yaşadığı kəndlərdə oxuduğu türk nəğmələri sevilə-sevilə dinlənilirdi. Sənətkara böyük sevgi və məhəbbət aşılayan belə nəğmələr Azərbaycan Dövlət Radio və Televiziyasının qızıl fondunda bu günqorunur və vaxtaşırı səsləndirilir. Səmayə xanımın səsindəki məlahət onun xarakterindəki həlimliyin, mülayimliyin, xoş ovqatın, müsbət keyfiyyətin bir növ təcəssümü kimi təsir bağışlayır.

Səmayə İsmayılova dostluqda son dərəcə sədaqətlidir. Dostlarına canyanğısı ilə bağlı olan, onları həmişə bütün varlığı ilə müdafiə edən, sinəsini dost yolunda ən gərgin anlarda sipər etməkdən çəkinməyən bir insandır. Arif kimi, Aynur kimi iki gözəl və cəmiyyətimiz üçün dəyərli keyfiyyətə malik övlad böyütmüş cəfakeş ana, sədaqətli qadın, valideynlərini sevən layiqli övlad, qayğıkeş nənə, qohumcanlı bir ürək sahibidir. Səmayə xanımı bütün əzizləri sevir, lakin onu əzizlərindən heçaz sevməyən İrəvan Teatrının kollektivivar ki, bu kollektiv onun üçün doğma və əzizdir. Bunu onun kollektivə olan isti münasibəti və kollektivinona olan sevgisi sübut edir.

Mənim Səmayə İsmayılovaya olan münasibətim öz doğmalarıma olan münasibətim qədər yüksəkdir. Məncə, bunu sübuta yetirmək üçün bu kiçik yazımdakı fikirlərimlə demək istədiklərimin əsas mahiyyəti, az da olsa, öz səciyyəsini tapır. Qeyd etdiyim kimi, Səmayə xanım haqqında çox asan və ürəkdən danışıla bilən bir sənətkardır. Bu ürəyəyatımlı sənətkarın ömür və sənət yolu haqqında nə qədər desən xoş söz açmaq, ürəkdən danışmaq, maraqlı fikirlər söyləmək mümkündür.

Martın 17-də ömrünün 60-cı baharına qədəm qoyan, 40 il səhnədə öz yaradıcılığı ilə tamaşaçılarının məhəbbətini qazanan Səmayə xanımı səmimi qəlbdən həm 133-cü mövsümünü yaşayan İrəvan Teatrının kollektivi adından, həm də öz adımdan təbrik edir, cansağlığı, uzun ömüryeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

İftixar

sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 15.