Səfəvilər dövlətinin məşhur salnaməçisi

 

İsgəndər bəy Münşinin əsərləri Azərbaycan tarixşünaslığının qiymətli nümunəsidir

 

Orta əsrlərdə elə alimlərimiz olub ki, əsərləri bu gün də dünyanın böyük kitabxana və muzeylərinin bəzəyidir. Belə görkəmli alimlərdən biri məşhur “Tarixi-aləmarayi-Abbasi” ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərinin müəllifi İsgəndər bəy Münşidir.

 

Mənşəcə Azərbaycan türkü olan İsgəndər bəy Münşi 1560-cı ildə (bəzi mənbələrdə 1561) Təbrizdə dünyaya göz açıb. Tam mədrəsə təhsili almamış “siyaqadlanan mühasib sənətini öyrənir. Bir çox dövlət xadimləri ilə birgə çalışır. Hətta hərbi yürüşlərdə də iştirak edir. Professor Əbülhəsən Rəhmaninin araşdırmasına görə, o, bir müddət sonra yorucu mühasiblik sənətindən imtina edir. Dövrünün oxumuş adamlarının məsləhəti ilə katiblik sənətini öyrənir. Qısa vaxt ərzində epistolyar ustalığın bütün incəliklərinə yiyələnir. 1592-1593-cü illərdə İsgəndər bəy I Şah Abbasın sarayında “böyük katib” (münşi) işləyir.

Araşdırmalarda göstərilir ki, İsgəndər bəy dostları arasında böyük Azərbaycan alimi Nəsrəddin Tusinin nəslindən olan şahın birinci vəziri Hətəm bəy Ordubadini tez-tez yada salıb. Məhz H.Ordubadinin himayədarlığı sayəsində o, münşilər sırasına daxil ola bilib. Baş vəzirin birbaşa rəhbərliyi altında çalışıb. Onlar birlikdə I Şah Abbasın hərbi yürüşlərində, ölkə daxilindəki səyahətlərində, səfərlərində və saraydakı qəbullarında iştirak ediblər. Azərbaycanın Təbriz, Ərdəbil, Naxçıvan, Əhər, Xoy, Maku, Gəncə, Ordubad, Şamaxı, Bakı və digər şəhərlərini qarış-qarış gəzib. İsgəndər bəy şah Abbasın Xorasan (1599-1601) və İraq yürüşlərində (1625) də olub. Baş verən bir çox tarixi hadisələrin canlı şahidi olub. Hətəm bəy hərbi səfərlərdən birində şahı öz vətəni Ordubada dəvət edir. İsgəndər bəy də Ordubadın gözəl təbiətini, bərəkətli meyvə bağlarını, şəffaf və xoş sulu bulaqlarını böyük ilhamla təsvir edib.

Bütün bunlar ona özünün şah əsəri olan “Tarixi-aləmarayi-Abbasi” əsərini yazmaq üçün zəngin material verib. Tarixçi həmin əsərində bütün müşahidələrini və Səfəvi dövlətinin ilk dörd hökmdarının zamanında baş verən ictimai-siyasi hadisələri təsvir edib. Əsərdə öz oxucularını dövrün ən görkəmli siyasətçiləri, din xadimləri, şairləri, rəssamları, xəttatları, musiqiçiləri və müğənniləri ilə tanış edib.

Əsər iki cilddən ibarətdir və Səfəvilər dövlətinin tarixinin öyrənilməsi baxımından olduqca qiymətli mənbə sayılır. Bir çox cəhətdən o dövrün oxşar tarixi əsərlərindən fərqlənir. Tanınmış Azərbaycan tarixçisi Oqtay Əfəndiyev yazır: “O, (İsgəndər bəy Münşi - red.) öz sələflərinin yazdıqlarını sadəcə olaraq, təkrarlamır, çalışır ki, tarixi materialları dərk etsin, bir çox hallarda isə hadisələrə öz yozumunu verir. O, bəzən hətta ictimai hadisələrin zahiri cəhətlərindən sərf-nəzər edir, xronoloji qeydlərə uymur, əksinə, hadisələrin məzmun və mahiyyətini açmağa cəhd göstərir. Bu mənada o, öz dövrünün yalnız faktları sadalamaqla kifayətlənən digər tarixçilərdən bir baş yuxarıda durur”.

Kitabı bənzər əsərlərdən fərqləndirən əsas cəhətlərdən biri ölkənin və onun ayrı-ayrı vilayətlərinin iqtisadi həyatını dərindən təhlil etmək cəhdidir. Burada şah Abbasın vergi siyasəti, vergilərin yığılma yolları, sənətkarların, tacirlərin və başqa peşə adamlarının maliyyə vəziyyəti, məmurların maliyyə gizlinləri barədə məlumatlar toplanıb. Kitabın məxsusi cəhətlərdən biritarixçinin şah fərmanlarından, çoxlu sayda rəsmi sənədlərdən sitatlar gətirməsidir.

İsgəndər bəyin başqa bir əsəri “Zeyli-tarixi-aləmarayi-Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixinin davamı”) adlanır. I Səfinin hakimiyyət dövründən bəhs edən əsər müəllifin qəfil ölümü səbəbilə yarımçıq qalıb.

Alim, saray tarixçiliyi ilə yanaşı, şeirlər də qələmə alıb, xəttatlıq sənətinə dərindən bələd olub. İ.Münşiyə məxsus şeirlərə məşhur tarixi əsərinin ayrı-ayrı yerlərində rast gəlinir. Amma onun ayrıca “Divan” bağlaması haqqında məlumat verilmir. Müasirlərinin verdiyi məlumata görə, İsgəndər bəy nəstəliq xətti ilə gözəl yaza bilib.

Səfəvilər tarixinin mühüm bir mərhələsini xronikaya çevirən İsgəndər bəy Münşi 1634-cü ildə Təbrizdə vəfat edib. Bu gün bir çox dillərə tərcümə edilən “Tarixi-aləmarayi-Abbasi” əsərinin əlyazma nüsxələri dünyanın məşhur kitabxana və muzeylərində saxlanılır. Alimlər XVI-XVII əsrlər Azərbaycanın sosial-iqtisadi, siyasi-mədəni həyatına dair ən qiymətli mənbə kimi bu əsərə istinad edirlər.

Onu da qeyd edək ki, bugünlərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında bu qurumun və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə İsgəndər bəy Münşinin Azərbaycan dilinə tərcümə edilmiş “Dünyanı bəzəyən Abbasın tarixi” kitabının təqdimatı keçirilib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 15.