“Həsən və
Güllü” dastanı
Ailələr və talelər
Zemfira Qafarova: “Həyatımızın belə gətirməsində mən daha çox taleyi, zamanı suçlamışam”
Müsahibimiz
musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə
fəlsəfə doktoru Zemfira Qafarova 1942-ci ildə Bakıda məşhur
rəssamlar Həsən Haqverdiyev və Güllü
Mustafayevanın ailəsində dünyaya gəlib. Bakı
Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar
İttifaqının katibidir. Onunla valideynlərinin çətin
və uğursuz taleləri barədə söhbət etdik.
Ümumiyyətlə, bu yazıda adları çəkilənlərin
hamısı Azərbaycanın tanınmış
simalarıdır. Onların hər birinin həyatı faciəli
“Həsən və Güllü” dastanı ilə bu və
başqa şəkildə bağlıdır.
- Zemfira xanım, zəhmət olmasa, atanız Həsən Haqverdiyev haqqında danışasınız. - Mən qabaqlar elə bilirdim atam irəvanlıdır. Sonra öyrəndim ki, atam 1917-ci ildə Güney Azərbaycanda doğulub. Sonra İrəvana köçmüşdülər. 1918-ci ildə orada ara qarışır, ona görə Gəncəyə gəlirlər. 1925-ci ildə isə Bakıda, İçərişəhərdə yerləşirlər. Atam ailədə tək övlad olub. Ailədə bir neçə uşaq doğulub, amma bircə atam sağ qalıb. Bizi ata nənəm böyüdüb, gözümü açıb onu görmüşəm.
Atamla anam 1938-ci ildə ailə qurublar. 1939-cu ildə qardaşım Əli doğulub. Əli altıaylıq olanda - 1940-cı ildə atam hərbi xidmətə çağırılıb. Anam həmişə yanvarın 26-sı olanda deyərdi ki, bu gün mənim üçün ən ağır tarixdir - atanın əsgərliyə getdiyi gündür. Sonra da sovet-alman savaşı başlayıb.
- Atanızla ananız yəqin ki, Rəssamlıq Texnikumunda tanış olublar.
- Hə, elədir. Anam danışırdı ki, atam onu görüb və vurulub, beləcə tanış olublar. Bir-birini dərindən seviblər. Bir gün atam yuxuda danışanda “Güllü” adını çəkib. Nənəm bunu eşidib, Güllünün kim olduğunu soruşub. Atam evin bir övladı olduğu üçün könlünü qırmayıblar, istəyinə qarşı çıxmayıblar. Mən də, Əli də İçərişəhərdə doğulmuşuq, uşaqlığımız orada keçib. Folklorşünas Məmmədhüseyn Təhmasib, rəssam Lətif Feyzullayev, aktyor Məmmədağa Dadaşov və başqaları qonşularımız idi.
- Ananız - Xalq rəssamı Güllü Mustafayeva haqqında nə deyə bilərsiniz?
- Anamın kökü şamaxılıdır, sayılıb-seçilən nəsildəndir. 1902-ci ildə Şamaxıda zəlzələ olanda babamgil Orta Asiyaya - Türkmənistanın Türkmənabad şəhərinə köçüblər. Anam orada doğulub. Babam Hacı Naim Mustafa M.Ə.Sabirlə qohum olub. Nabat nənəm S.Ə.Şirvaninin nəslindəndir. Babam maarifpərvər adam olub, Türkmənistanda qızlar üçün məktəb açıb, Ü.Hacıbəylinin operettalarını tamaşaya qoyub. Orada babamın adına küçə var. Babamın beş qızı olub. Düşünüb ki, qızlar böyüyürlər, onlar yalnız öz millətindən olan oğlanlarla ailə qurmalıdırlar. Ona görə 1927-ci ildə Bakıya köçür, İçərişəhərdə yaşayır.
- Bildiyimə görə, uzun illər atanızın üzünü görməmisiniz...
- 1942-ci ildə atamı orduda yaxşı xidmətinə görə məzuniyyətə buraxıblar. Evə gəlib və mən anamın boynuna düşmüşəm. Mən anadan olanda atamı görməmişəm. Atam məzuniyyətə gələndə hamı ona yalvarıb ki, cəbhəyə qayıtma, sən istedadlı rəssamsan. Hətta Mirzə İbrahimov da deyibmiş ki, Həsən, getmə, burada səni saxlatdıra bilərik, bizə çox gərəksən. O isə deyib ki, getməliyəm, komandirimə söz vermişəm. Atam cəbhəyə qayıdır və almanlara əsir düşür. Bir müddət Berlində M.Ə.Rəsulzadənin yanında “Azərbaycan” qəzetində rəssam olaraq çalışır. Müharibədən sonra atam əsirlikdən qayıdır və onu “xalq düşməni” kimi Sibirə sürgün edirlər.
Tanınmış rəssam Həsən Əli oğlu Haqverdiyev 1917-ci ildə Güney Azərbaycanın Mamağan şəhərində anadan olub. Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib. Rəssamlığın bir çox janrlarında əsərlər yaradıb. “Ə.Əzimzadənin portreti”, “Nizami Gəncəvi”, “Rəsul Rza”, “Niyazi”, “Səttar Bəhlulzadə”, “Nəriman Nərimanov Bakı neftçiləri arasında”, “Çoban” və s. tabloları məşhurdur. “Puşkin Qriboyedovun qəbri üstündə” əsəri Moskvada Puşkin muzeyində saxlanılır. Karikaturaçı kimi də tanınıb. 1978-ci ildə vəfat edib.
Azərbaycanın Xalq rəssamı Güllü Hacı Naim qızı Mustafayeva 29 noyabr 1919-cu ildə Türkmənistanda anadan olub. 1927-ci ildə ailəsi ilə Bakıya köçüb. 1938-ci ildə Dövlət Rəssamlıq Texnikumunu bitirib. Tematik tablolar və portretlər yaradıb: "Leyli və Məcnun məktəbdə", "Məhsəti Gəncəvinin portreti", "Paris. Rəssamlar meydanı". Yaradıcılığında uşaq portretləri ayrıca silsilə təşkil edir. 1994-cü ildə vəfat edib.
- Ananızın Sibirə atanızın dalınca getməsi necə olub?
- Anam
atamın yolunu çox gözləyir. O, “xalq düşməni”nin arvadı olduğundan basqılarla üzləşirdi,
ona iş vermirdilər. Anam 1947-ci ildə Məhsəti
Gəncəvinin portretini çəkir və bundan
aldığı qonorarla Sibirə - atamı görməyə
gedir. Atam ona deyir ki, get məndən
boşan, sənə yaşamağa və işləməyə
imkan versinlər. Onda boşanmaq haqqında
hökmən rəsmi qəzetdə elan çap
olunmalıydı. Anam atamdan rəsmən
boşanır. Üstündən iki il
keçir və o vaxt subay oğlan olan gənc rəssam Nəcəfqulu
(Əməkdar incəsənət xadimi Nəcəfqulu
İsmayılov (1923-1990) - S.S.) anama evlənmək təklif
edir. Dayım anama deyib ki, gəncsən,
başsız qalma, yenidən ailə qur. 1949-cu
ildə anam ikinci dəfə ailə qurur.
-
Ananız yenidən ailə quranda siz nənənizlə
qaldınız?
- Öncədən
biz nənəmizlə qalırdıq. Anam elə o vaxt ev aldı. İçərişəhərdə
qaldığımız ev nəm idi, ona
görə anam vərəm xəstəliyinə tutulmuşdu.
Anam respublikanın birinci katibi M.C.Bağırova müraciət
elədi, ona ev verildi. Evi alanda anam nənəmə
dedi ki, gəlib bizimlə yaşasın. Nənəmsə
gəlmədi, İçərişəhərdə
qapının ağzında oturub atamın yolunu gözləyirdi.
Nəcəfqulu anamla ailə qurandan sonra bizim evdə
yaşamağa başladı. Qardaşım
Əlini rəssam edən nənəm olub. Ona atamın rəsmlərini göstərirdi, əlinə
kağız-qələm verirdi ki, sən atan kimi rəssam
olmalısan. Əli həmişə deyirdi
ki, məni nənəm rəssam edib.
- Atalığınız Nəcəfqulu müəllimin
sizə münasibəti necəydi?
- Nəcəfqulu
müəllim çox gözəl insan idi. Uşaqlarıyla
bizim aramızda fərq qoymazdı. Biz ona
“ata” deyirdik. 1950-ci ildə Nəcəfqulu
müəllimdən anamın Rəna adlı bir qızı
oldu. İndi o tanınmış orqan
ifaçısıdır. 1958-ci ildə
anamın Sevinc adlı qızı da doğuldu. O da
skripkaçıdır.
-
1953-cü il. Atanız Həsən
Haqverdiyev sürgündən evə qayıdır. O
günü necə xatırlayırsınız?
- Biz
heç gözləmirdik ki, atamız qayıdacaq. Bu, Stalin
öləndən sonra baş verdi, atam bəraət
aldı, sürgündən evə döndü. Mənim bir xalam var idi, 1937-ci ildə prokuror ərini
güllələmişdilər, özünü isə
tutmuşdular. Xalamı buraxandan sonra
Bakıda qalmağına icazə vermədilər. Onu Quba ilə Xaçmaz arasında bir kəndə
göndərdilər. O, tibb bacısı idi. Orada yaşadı və ərə getdi. Biz uşaq vaxtı yayda onlara gedib dincəlirdik.
1953-cü il avqustun 25-də biz - anam, mən,
qardaşım, dayım Faiq (Əməkdar incəsənət
xadimi, dirijor Faiq Mustafayev; Xalq artisti, bəstəkar Ramiz
Mustafayevin qardaşı - S.S.) - kəndə xalamın
yanına dincəlməyə getmişdik. Həmin
gün Xaçmazdan Bakıya qayıdırdıq.
Stansiyada oturub qatar gözləyirdik. Bir də
gördük qabaqda bir kişi gedir, Faiq
dayım durub onun dalınca düşdü və bir neçə
dəfə “Həsən, Həsən”
çağırdı. Atam da dönüb
baxır, dayımı tanıyır. Dayım
deyir ki, dincəlməyə gəlmişdik, Güllü də,
uşaqlar da burdadır. İndiki kimi
yadımdadır. Mən anamla
qarşı-qarşıya oturmuşdum. Atamı
görməmişdim, ona heç bir duyğum yox idi. Bir də gördüm anam ağappaq oldu, əl-ayağı
əsməyə başladı, özünü itirdi. Onun davranışından anladım ki, o, atamı
görüb. Gördüm, hündür,
yaraşıqlı bir kişi gəldi,
hamımızla görüşdü. Bu,
çox təsirli məqam idi. Onda
atamın 36 yaşı vardı.
-
Güllü xanımın bundan sonra durumu necə oldu?
- Sonra
anamın çətin günləri başladı. Düşünürdü ki, atam onun ərə getməyinə
necə baxacaq? Artıq anamın Nəcəfqulu
müəllimdən bir uşağı vardı. Mənə elə gəlir ki, atam ona təklif eləsəydi,
o, yenidən atama qayıdardı. Atamsa ona
yenidən evlənmək təklifi eləmədi. Məni və Əlini atam gəzməyə aparanda
anabir bacım Rənanı da götürürdü.
- Nəcəfqulu
müəllim atanızın qayıdışını necə
qarşıladı?
-
Atamın gözlənilməz qayıdışı Nəcəfqulu
müəllimi də qayğılandırmışdı. Onda o, “Kirpi” jurnalının baş rəssamı
işləyirdi. Yadımdadır, “Kirpi”nin
baş redaktoru, yazıçı Əvəz Sadıq evimizə
gəlmişdi. Anama deyirdi ki, Güllü
xanım, birdən fikrinizi dəyişərsiniz. Görünür, Nəcəfqulu müəllim ona dərdini
danışıbmış.
-
Atanız ananızı ikinci dəfə ailə qurduğuna
görə qınayırdımı?
- Atam
anama “boşan” demişdi, ancaq “ərə get” deməmişdi.
Atam da içində çox çəkirdi.
Yanına gedirdim, deyirdi ki, sən hələ məni
başa düşməzsən, böyüyəndə
anlayacaqsan. Onu qıraqdan
qızışdıranlar, dedi-qoduçular da vardı. Onların söhbətlərindən sonra atamın
kefi pozulurdu. Anam isə həmişə
özünü qınayırdı. Atamla
görüşəndən sonra anam soruşardı ki, atan məndən
nə dedi? Söyləyirdim ki, heç nə.
Uşaq da olsam, atamla anamın sözünü
bir-birinə çatdırmazdım.
-
Atanızın ananızla salamı vardımı?
-
Vardı. Biz sonradan bir binada yaşadıq.
1958-ci ildə indiki İnşaatçılar prospektindəki
rəssamlar evində atama da, anama da ev
verdilər. Artıq atam evlənmişdi.
O, ikinci dəfə Vera Kalinina adlı rus xanımla ailə
qurmuşdu. Atam evlənəndə həmin
xanımı anamın yanına gətirdi, ondan xeyir-dua
aldı. Vera xanım həkim idi, Rusiyadan
Bakıya ezamiyyətə gəlmişdi. Atamın
rəssam dostu Əlibala Kazımovun bacısı həkim idi.
Yeni ildə bu qadını qonaq
çağırıblarmış, atam onunla orada tanış olur, sonra evlənirlər. Bu evlilikdən onların 4 uşağı oldu.
Anam bizi saxlasa da, mən Əliylə atamgilə gedirdim. Eyni binada eyni
mərtəbədə qonşuyduq. Biz
ikinci, atamgil dördüncü blokda olurdu. Evi anama vermişdilər. Öncəki evi
qaytardı, buradan ev verdilər. Amma atam sürgündən qayıdanda onu Bakıda
yaşamağa qoymadılar. Ucara göndərdilər,
ailəsilə orada yaşadı. 1956-cı
ildə Hüseyn (heykəltəraş Hüseyn Haqverdiyev)
qardaşım, 1957-ci ildə Səidə (rəssam Səidə
Haqverdi) bacım doğuldu. Sonra Ucal (mərhum
rəssam Ucal Haqverdiyev) və Aida anadan oldular. Əli ilə mən böyük olduğumuzdan hər
iki tərəfdən olan bacı-qardaşlarımız
arasında mehribanlıq yaratmışıq. Uşaq vaxtı həyətdə oynayanda Əli ilə
mənim üstümdə balaca bacı-qardaşlarım
dalaşırdılar. Biri deyirdi ki, bunlar bizim
familiyanı daşıyır, o biri deyirdi ki, bunlar bizim evdə
yaşayır...
- Sizi
atalığınız Nəcəfqulu böyüdüb. Yəqin
onun xeyir-duası ilə ailə qurdunuz...
- Hə.
Əfsuslar olsun ki, toyuma atamı dəvət etmədilər. Bundan atam çox incimişdi.
-
Atanızla atalığınızın münasibətləri
necəydi?
-
1958-1959-cu illər olardı, atam heykəltəraş Cəlal
Qaryağdı ilə onun maşınında Ağsu
dolaylarında qəzaya düşmüşdü. Yadımdadır, Nəcəfqulu müəllim atama
baş çəkmək üçün xəstəxanaya
getmişdi. 1978-ci ildə atam öləndə
Nəcəfqulu və anam yasda yaxından iştirak etdilər.
Bir il sonra atamın ikinci yoldaşı
dünyasını dəyişdi. O, xəstəxanada yatanda
anamla yanına getmişdik. Vera xanımın
hansısa problemi olanda anamın yanına gəlirdi. Anam
həmişə bizə deyirdi: “Atanıza dəyin, zəng
edin”.
-
Atanız nədən öldü?
- Elə
bir xəstəliyi yoxuydu. Axşamacan
emalatxanasında olardı. Emalatxanadan evə
gəlmək istəyəndə pilləkəndə
dünyasını dəyişmişdi. Görünür,
ürəyi tutubmuş. Sonradan emalatxanada
“Validol” görüblər. Mən həmişə
fəxr etmişəm ki, Həsən Haqverdiyevin
qızıyam. Ona görə ki, o,
çox istedadlı rəssam, gözəl insan idi. Həyatımızın belə gətirməsində
atamın suçu olmayıb. Ona görə
atamı başa düşməyə
çalışmışam. Mən daha
çox taleyi, zamanı suçlamışam.
-
Qardaşınız, məşhur vokalçı, rəssam,
aktyor Əli Haqverdiyevdən danışın.
-
Gözümü açandan Əlini rəssam
görmüşəm. Əlidə aktyorluq
bacarığı da çox yüksək idi. O, Rəssamlıq
Məktəbinə girəndə elə bildilər onun rəsmlərini
atam, ya da anam çəkib. Həmin illərdə
Əlidə səs də üzə çıxdı.
A.Zeynallı adına Musiqi Məktəbinin
direktoru, bəstəkar Midhət Əhmədov onu məktəbə
dəvət etdi. Əli üçün imkan
yaratdılar və o, eyni vaxtda iki məktəbdə oxudu.
Niyazi konsertlərin birində Əlinin səsini
eşidir və onu Opera və Balet Teatrına
çağırır. Konservatoriyanın
rektoru Cövdət Hacıyev və Bülbül Əlini
konservatoriyaya qəbul edirlər. Bülbül
rəhmətə gedəndən sonra Əli Şövkət
Məmmədovanın sinfində oxudu.
Əli çox istedadlı idi. Rəssam, aktyor,
vokalçı idi. Səhnədə 30-dan
çox obraz yaratmışdı. Bir
neçə filmə çəkilmişdi. Ən yaddaqalan rolu “Dədə Qorqud”dakı
Yalıncıq obrazıdır. Di gəl
ki, o filmə çəkildiyinə görə sonradan
peşman olmuşdu. Yolda adamlar onu
“Yalıncıq” deyib çağırırdılar, bu da ona
pis təsir edirdi. Əli 1990-cı ildə
ikinci dəfə evləndi. Birinci ailəsindən
uşağı olmamışdı. İkinci
evliliyindən Fərhad adlı oğlu var, indi Rumıniyada rəssamlıq
təhsili alır. Onun da səsi var.
- Ailənizin
bir faciəsi də qardaşınızın ölümü
ilə bağlıdır. O günü necə xatırlayırsınız?
- Əli
1992-ci il sentyabrın 14-də aramızdan
getdi. Biz onda Buzovnadakı bağımızda
dincəlirdik. Sentyabrda həftəsonu
bağa gəlmişdi. Axşamdan
yağış yağmışdı. Ayın 14-də
Əli səhər tezdən dedi ki, gedib dənizə bir
baş vurum, gəlirəm. O, üzməyi gözəl
bacarırdı. Gözlədik, gəlmədi.
Oğlanlarım dənizə Əlini
axtarmağa getdilər. Sən demə,
Əli heç dənizə çatmayıbmış.
Qayaların yanında nəm qum
üstünə yüksək gərginlikli elektrik xətti
düşübmüş. Əli
ayağını basan kimi yerindəcə qalıb. Onda anam şəhərdə idi. Qardaşımın ölümündən sonra anam
şəkər xəstəliyi tapdı, 1994-cü ildə o
da dünyadan getdi.
-
İstedadlı rəssam, atabir qardaşınız Ucal
Haqverdiyev də dünyadan vaxtsız gedib...
-1990-cı ilin yanvar hadisələrində Əli mənə
zəng elədi ki, Hüseynlə Ucal yoxdurlar. Demə, rus hərbçiləri
onları tutub, bir zirzəmidə döyüblər. Ucal ondan sonra özünə gəlmədi, ürək
xəstəliyinə düşdü. 2004-cü
ildə 44 yaşında vəfat etdi. Onun
adını atamın dostu yazıçı Mikayıl
Rzaquluzadə qoymuşdu. Atam və anamla
başlayan ailəmizdəki rəssamlıq ənənəsi
davam edir, buna çox sevinirəm.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 13 mart.-
S. 12-13.