Həsən
Əbluc qiraətləri
Süsən sünbül əsimli, şeyda bülbül sədalı, şəbi-hicran ağrılı, dili-vüsal çağrılı...
Sənət səhnələrimizin nəzmisində qönçə gül-çiçəktək idi, nəsrisində “uzun, incə bir yol”, dramaturjisində heyrətamiz qeylü-qal idi - Həsən Əbluc...
Bu mahir aktyor öz sənətkar “mən”inin ilkinci, özgə mətnlərinin ikinci müəllifi təsiri bağışlayırdı hər çıxışında. Hər hansı ədəbi-bədii mətndə sözün özünü dil-ağzıyla, havasını diksio-polifonik nəfəsi, məna-məram “dava”sını qaş-gözüylə çatdırırdı bu sirri-pir olmuş...
...O, kəlmələrin deyilişində elə uyu-duyulanar, sözlərin havasına elə gəlmələr gələrdi ki... Bəzən “Nə gözəlsən, ay gözəl”, - deyib, elə duruxardı, sanki növbəti misranı unudub və ya ən azı o sözlərin yaddaş axtarışındadır. Amma sən demə, o bunu, bizi - tamaşaçıları da - indicə bəyan edəcəyi məlum mətləblə daha yaxın, daha məhrəm-məlhəm bahəmlikçün edirmiş: “ Sən gözəlsən, - Ay gözəl?!.”
...Estetik-etik bir-biçimli, gözəl səs-nəfəsli, ali sənət həvəsli Həsən müəllimin fərdi aləmi böyük ictimai mədəniyyətimizin bu sərhədsiz sahəsinin “dərəsindən zirvəsinə qədər” idi. Söz sənətimizin “Dərsə gedən bir uşaq...” sayaq ilahi “ibtida”sından “Dərd alıb, qəm satıb, nəf eyləmişəm” kimi poetik fəlsəfələrinə qədər...
Bu məqamda onun tale qəza-qədərindəki -
Güneyli-quzeyliliyindən...
Həsən Əbluc Cənubumuzun paytaxtında doğulub. Sənətcə çox cəhətdən orijinal, bəzi nüanslarda tamamilə bənzərsiz bu sənətkar tər-təbiətcə büsbütün o qədim şəhərimizə - Təbrizə bənzəyirdi. İstedad dolu can-qanında, oturuş-duruşunda, yeriş-yürüşündə o özəl-qəzəl şəhəri də gəzdirirdi. Bir üzü Güney, bir üzü Quzey kimiydi. Bunları birləşdirib Bütöv Azərbaycan eləyən, sənət-səhnə fəaliyyətində hər gözəllikdən bir nişanə əks olunan Həsən Əblucda daimi bir “fikri-sonuc” da hiss edilirdi: doğma yurd həsrəti. Deyirəm, bəlkə elə buna görə, səhnələrdə, efir-ekranlarda, hətta “dəxli olmayan” məclislərdə belə - şeirlərinin ifasından doymadığı Məmməd Arazın məlum və məşhur (“Təbriz ağlayırdı...”) bəndlərini həmkarlarının hamısından fərqli bir ululuq-doluluqla söyləyirdi! Belə ki, şairin onsuz da birəbeş hiss-həyəcanladığı (ovaxtlarımızın baş dərdi olan Güney-Quzey əlaqəsizliyi...) ağrını mətləbə müəllifdən bir köynək də yaxın Həsən əlavə göynəklərlə nidalayırdı:
Aşıq Cavan sarılmışdı sazına!
Toy qurmuşdu dünəninin yasına!
O, qəzəbi ya sındıra, ya sına -
Təbriz ağlayırdı dağlar başında!..
Bu misraları söylərkən Həsən Əbluc da iş başında ağlayırdı. Göz Arazı axmadan ağlayırdı...
...O, Vətəninin bu tayında çox istəklərinə yetsə də, uzun illər yurd-yuva vüsalıyla yaşadı. Bir vaxt - hələ 20-25 yaşlarında Filarmoniya səhnəsində Bəxtiyar Vahabzadədən söylədiyi:
Yarım o tayda qaldı,
Yarım bu tayda qaldı,
Toyum burda çalındı,
Yarım o tayda qaldı.
- misralarını 45-50-sində də ekranda elə qiraət etdi ki, deyərdin bəs, vay-vay, bu otaylı “qərib” hələ də subay...
Haçansa qiraətləyəndə ki;
Ey dəvə yal, düşdüm daha belindən,
Ovsar cığır, çıxdın daha əlimdən,
Balam çiçək, bir də öpüm telindən -
Salamat qal, salamat...”, -
deyərdin bəs,
bu sənət “bəy”inin məşuqəsi
təbiətdi, bütün
güllər-çiçəklərsə
zürriyyət...
Füzuli dəlisi idi Həsən Əbluc. Yır-yığıncaqlarda “surətxəyal” olardı, məcmu-hicrani nəfəs surətini, məlum qəfəs obrazını xatırladardı.
Bəxtiyardan söyləyəndə “ulu dağlar”a bənzəyərdi, Məmməd
Arazdan hayqıranda “göy kişnər, bulud ağlar”dı. Ayrılıqdan, qəriblikdən
hoylayanda “çeşməli-sulu
dağlar”a oxşayardı.
O sayaq ilahi səs-sənət
sahibi Azərbaycan teleradiosunun pilləkənlərini
elə səssiz, elə təvazökar təhər-tövrlə qalxıb-enərdi
ki, sanasan, bu dünyanın göydə quşuna, yerdə hər bəşər başına
borcu var; canı qədər sevdiyi xalqına, “Vətən daşı olmayandan - olmaz ölkə vətəndaşı”
kimi misralardakı vətəndaşlara ziyalı
borcu...
“İti bazarında atından baha, Mən belə dünyanın nəyindən
küsüm” kimi misralara özünəməxsus
qaş-göz, qırım-durum
“ədəva”ları da
qatan Həsən -
Mən güneyli oldum, arzum quzeyli,
Ona çatammadım - çalışdım
xeyli,
Bəxtiyar, bəxtindən oldun
gileyli,
Bu da sənin üçün
xoş bəhanədi
-
kimi bəndləri öz qiraət əlçatmazlığıyla hər kəs üçün ünçatar
edirdi.
Onun adını
göstərən titrlərdən,
subtitrlərdən də
poeziya dalğalanırdı,
tamaşaçıya təkrarsız
poeziya, qançəkər,
şirin-şəkər şeiriyyət
vəd edilirdi. İndi
xatırladacağım axarı
misraları - elə bu misralardakı isim-sifətlər qədər
gözəlcə, qəşəngcə
söylərdi Həsən
Əbluc: “...Sənət
səmasında süzür
Füzuli, Sənət
göylərindən öz
qələmiylə - Al-əlvan
çiçəklər üzür
Füzuli...”
Misralar kimi...
ifa da gözəl-özəl olanda
- dinləyici dillənməz,
tamaşaçı göz
qırpmaz. Belə “qarşılıqlı anlaşma
şəraitində” də
ki, riyazi inteqrallar da poeziyalaşar!
Bəli, o, tamaşaçını durğu-vurğu
“sadə”lərilə elə
“şirnikləndirirdi” ki,
onlar növbəti (məsələn, “Ey mələksima, səndən
özgə hamı heyrandır sana, Həqq bilir, insan söyləməz - hər kəs ki insandır, sana” kimi) “mürəkkəb”lərdən
rəncidə düşmürdülər.
Budur, ekran açılır, sehrli şüşənin
o üzündən mehrli
Səs-Səda saçılır:
Ala gözlüm, səndən
ayrı düşəli,
Hicranın qızıyla kef eyləmişəm.
Günüm ahnan-vaynan keçib
dünyada -
Dərd
alıb, qəm satıb, nəf eyləmişəm!..
Dədə Ələsgərin bu
mənəvi-poetik daş-qaş
“alver”indəki “nəf”ində
Həsən Əbluc elə bir ifa-“investisiya əməliyyatı”
aparırdı ki, külli-zövqlər milyonerləşirdi.
Neçə-neçə kinolentlərdə də yaşayır Həsən
Əbluc. Abbas Mirzə Şərifzadə
haqda çəkilmiş
qısametrajlı sənədli
filmdə onun səsi xəyali baş qəhrəmanlardan
biri kimi canlanmırmı? Səsinin,
yaxud özünün
yer aldığı “Dəli Kür”ü, “Dantenin yubileyi”ni, “Babək”, “Ən vacib müsahibə”, “Tənha narın nağılı”, “Uşaqlığın
son gecəsi”, “Yaşamaq
gözəldir, qardaşım!”,
“İstintaq”, “Qanlı
zəmi”, “Sən niyə susursan?” və onlarla digər filmləri xatırlayaq. Bütün kompleksal lirikası,
təbiətin tufansız-küləksiz
təsir qüvvəsi,
bədii sükut diqtəsi, əsərlərin,
yazı-pozuların üç
nöqtəsi kimi xatırlayaq. “Qatarda” televiziya tamaşasına səyahətlənək
və orada aləmi bir-birinə qatan Dadaşov ilə abrına qısılan bu “müəllim”i müqayisə
edək. Kupenin bir oturacağında fırtınalı dramatizm
(Yaşar Nuri), digərində - Həsən
Əbluc sənətkarlığı
timsalında - psixo-müalicəvi
lirizm...
Onun dublyaj səsi də özgə bir aləm! Əcnəbi filmlərdəki
yad-yad, uzaq-uzaq adamların lad-lad danışıq
tərzlərini bizimçün
necə də yaxınlaşdırır - bu
ali səs-nəfəs
ustadı!
Onun özü universitetdə
(ADMİU) müəllim, səs-nəfəs
aləmi isə bütöv bir universitet idi! O, misraları elə vəsli-vüsal söylərdi
ki, sanasan, həm də bütün teleauditoriyaya ustad dərsi keçir. O, deyəndə
ki: “Ey daşlaşan,
torpaqlaşan ulu babam! ...Səs ver, mənim səsimə sən!” - dinməzcə dinşək kəsilərdin
ki... bəlkə bu heyrətamiz Səsə qəflətamiz
bir səs verən oldu...
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 13 mart.-
S. 11.