Bakıda Fransa həftəsi
Fransanın Bakıdakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Fransa qastronomiya həftəsi və frankofoniya günləri təşkil edilib. Məlumat üçün bildirək ki, Qastronomiya həftəsi martın 19-da “Gout de France/ Good France” layihəsi vasitəsilə beş qitədə qeyd olunan beynəlxalq fransız mətbəxi bayramıdır.
Artıq bir neçə ildir ki, Bakıda da keçirilən frankofoniya günləri isə fransız dilində danışan insanları birləşdirir. 1970-ci ildən etibarən dünyanın fransızdilli ölkələrinin əməkdaşlığı məsələləri ilə məşğul olan eyniadlı təşkilat fəaliyyət göstərir.
Fransa mətbəxi həftəsi çərçivəsində bütün arzu edənlər fransız şərabının, fransız pendirlərinin, bu ölkənin müxtəlif yeməklərinin dadına baxmaq, eləcə də endirimli qiymətlərlə onları Bakıdakı bir sıra fransız restoran və kafelərindən almaq imkanı əldə etdilər.
Fransanın Azərbaycandakı səfirliyi və Bakıdakı Fransa İnstitutu da bu münasibətlə bir sıra tədbirlər təşkil etdi. Fransız qastronomiya həftəsində Bakıdakı dörd fransız mətbəxi restoranı qonaqlara ləziz yeməklər təqdim etdi. Martın 8-də “Entree”, “Paul”, “Pierre Herme”, “Paris Bistro” restoranlarına qastronomik gəzinti təşkil olundu, endirimli qiymətlərə fransız mətbəx nümunələri, şərabları təklif olundu, makaron dequstasiyası oldu. Axşam saatlarında isə «Paris Bistro» restoranında Jan İv Bordier tərəfindən hazırlanmış yağ və pendirlər, «Weiss» şokoladlarının dequstasiyası, xüsusi qiymətə dequstasiya porsiyaları, qadınlar üçün şirin hədiyyələr və musiqi iştirakçılara yaddaqalan anlar bəxş etdi.
Fransa səfiri Paskal Mönye də bu tədbirlərin Azərbaycanda fransız mətbəx mədəniyyətinin təqdimatı və tanıtımı baxımından əlamətdar hadisə olduğunu vurğuladı.
Frankofoniya günləri çərçivəsində Bakıdakı Fransa İnstitutunda bu ölkənin mədəniyyəti və qastronomiyasına dair "Kino mətbəxdə" adı altında filmlər nümayiş olunub. Martın 12-də isə Fransa İnstitutunda məşhur fransız şərablarından bəhs edən konfrans keçirilib. Frankofoniya həftəsi martın 15-dək davam edəcək.
Mehparə
Mədəniyyət.- 2015.- 13 mart.-
S. 10.