İki, üç,
dördulduz kateqoriyalı mehmanxanaların
inşasına maraq artıb
Azərbaycanda iki, üçulduzlu hotellərin tikintisi üçün sahibkarlara müvafiq güzəştlər edilməlidir. Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, ölkəyə daha çox turist cəlb etmək üçün bu kateqoriyalı hotellərə ehtiyac var. Belə hotellərin tikilməsi Azərbaycan iqtisadiyyatı üçün də sərfəlidir: «Məsələn, bu il Novruz bayramında İrandan gələn turistlərin çoxu kirayə evlərdə qalacaq. Əgər 2-3 ulduzlu hotellər olsa, onlar orada yerləşərdilər. Buna görə də sahibkarlar üçün şərait yaradılmalıdır ki, qısa zamanda iki, üçulduzlu hotellər inşa olunsun. Belə hotellər tikilərsə, bu, orada yerləşən qonaqların sayəsində daha çox vergilərin toplanmasına, həm də qonaqların təhlükəsizlik məsələlərinə öz müsbət təsirini göstərər. Məsələn, Baltikyanı ölkələrdə belə təcrübə var ki, gələn qonaqların hamısı hotellərdə qeydiyyatdan keçməlidirlər. Bu halda statistika da düzgün aparılır».
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, iki, üçulduzlu hotellərin tikilməsi bu gün nazirlik üçün prioritet hesab olunur. Amma sahibkarlar da bu məsələdə maraqlı olmalıdırlar. V.Şixəmmədov bildirib ki, bununla bağlı nazirliyə daxil olan hər bir təklifə müsbət yanaşılır.
Nazirlik rəsmisi əlavə edib ki, son vaxtlar iki, üç, dörd ulduz kateqoriyalı mehmanxanaların inşasına maraq var: «Mədəniyyət və Turizm Nazirliyinin müvafiq komissiyası tərəfindən mehmanxanalara ulduz dərəcələri verilir. Son dövrlərdə də iki, üç, dördulduzlu mehmanxanaların sayının nisbətən artdığını görmək olur».
Şöbə müdiri deyib ki, bu kateqoriyadan
olan mehmanxanalar regionlarda var. Bakıda da belə mehmanxanaların
sayının artırılmasına
ehtiyac var: «Sahibkarlara da tövsiyə edirik ki, bu məsələdə
maraqlı olsunlar. Bakı şəhərinə turist
axını çoxaldıqca
üç və dördulduzlu mehmanxanaların
sayının artırılması
vacibdir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2015.- 13 mart.-
S. 9.