İncə sənətin
böyük fədaisi
Bakı Xoreoqrafiya Akademiyasında Qəmər Almaszadənin yubileyinə həsr olunan konsert keçirilib
Martın 12-də
Bakı Xoreoqrafiya Akademiyasında görkəmli
balerina, SSRİ Xalq artisti Qəmər Almaszadənin 100 illiyinə
həsr olunmuş konsert
keçirildi.
Tədbiri akademiyanın musiqi bölməsinin fortepiano müəllimi Nigar Həsənzadə açaraq sənətkarın həyat yolundan və pedaqoji fəaliyyətindən söz açdı. Bildirdi ki, Qəmər Almaszadə Sankt-Peterburq Xoreoqrafiya Məktəbini bitirən ilk azərbaycanlı qadın sənətçi olub. O, uzun müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri olub, S.Hacıbəyovun “Gülşən”, R.Qliyerin “Qırmızı lalə”, P.Çaykovskinin “Yatmış gözəl” və s. balet nümunələrini səhnəyə qoyub.
Aktyorluq sənəti kafedrasının müəllimi, Əməkdar incəsənət xadimi Rima Məmmədova qeyd etdi ki, unudulmaz sənət fədaisi 1936-cı ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. Milli xoreoqrafiya kadrlarının hazırlanmasına töhfələr verib. Bənzərsiz sənətini və yüksək peşəkarlıq səviyyəsini yetirmələrinə ürəklə öyrədib. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. 1940-cı ildə Əməkdar artist, 1943-cü ildə Xalq artisti adına layiq görülüb. 1952-ci ildə Dövlət mükafatı, 1959-cu ildə isə SSRİ Xalq artisti adı alıb. Balet ulduzu 2006-cı ildə vəfat edib.
Çıxışlardan sonra sənətkarın balet tamaşalarındakı ifalarından fraqmentlər göstərildi. Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin ifasında Ə.Bədəlbəylinin “Qız qalası”, S.Hacıbəyovun “Gülşən”, Q.Qarayevin “Yeddi gözəl”, “Leyli və Məcnun”, F.Əmirovun “Şur”, Ü.Hacıbəylinin “Koroğlu” operasında “Qızların rəqsi”, İ.Minkusun “Polka”, S.Rüstəmovun “Qaytağı”, “Azərbaycan” süitası və s. əsərlərdən parçalar təqdim olundu. Bütün ifalar sürəkli alqışlarla qarşılandı.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 13 mart.-
S. 8.