Azərbaycanda Amerika günləri
Martın 10-da Azərbaycanda Amerika mədəniyyəti günləri başlayıb. ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin açılışı Azərbaycan Dillər Universitetində gerçəkləşib. Mərasimdə universitetin rektoru, millət vəkili Səməd Seyidov mədəniyyət günlərinin əhəmiyyətini qeyd edib, tədris ocağında 8 il əvvəl Amerika Mərkəzinin açıldığını diqqətə çatdırıb. Mərkəz ABŞ təhsilini, mədəniyyətini, texnoloji inkişafını təqdim edir.
ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bildirib ki, bu tədbirin məqsədi rəngarəng ABŞ mədəniyyətini azərbaycanlılarla bölüşməkdir: “Bu günlər ərzində Amerikanın mədəniyyət nümunələri, rəqsi, rok musiqisi təqdim olunacaq. Ümid edirəm ki, bu tədbirdən zövq alacaqsınız”.
Sonra tədbir çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgidə Azərbaycan orta və ali təhsil müəssisələrindən şagird və tələbələrin əl işləri nümayiş olunub. Mədəniyyət günlərinin sonuncu günü, martın 14-də 3 iştirakçının rəsm əsəri seçilərək ABŞ səfirliyi tərəfindən mükafatlandırılacaq.
Martın 10-da axşam Nizami Kino Mərkəzində Amerika mədəniyyəti günlərinə həsr olunmuş mərasim keçirilib. 2 nömrəli internat məktəbin uşaq orkestrinin ifasında Azərbaycanın və ABŞ-ın himnləri səsləndirilib.
Səfir Robert Sekuta çıxışında qeyd edib ki, Azərbaycanda ilk dəfə Amerika günləri keçirilir. O, mədəniyyət tədbirlərinin iki ölkə arasında əlaqələrin genişlənməsinə kömək göstərəcəyinə, azərbaycanlıların Amerikanı daha yaxından tanımasına imkan verəcəyinə əminliyini ifadə edib: “Festivalın proqramı rəngarəngdir. Onun keçirilməsində məqsəd Amerikanı daha yaxından tanıtmaqdır. Bütün bunlar mədəniyyətlərarası dialoqa töhfə olacaqdır”.
Diplomat tədbirin keçirilməsinə kömək göstərdiyinə görə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Sonra konsert proqramı nümayiş etdirilib. Amerika günlərinin proqramı
paytaxt Bakı ilə yanaşı, Qəbələ, İsmayıllı,
Sumqayıt, Quba, Şəki və Zaqatalanı əhatə edir. Bakıda Nizami Kino Mərkəzində
Amerika kinematoqrafının
klassik filmləri göstərilir. Həmçinin
“Amerikada müsəlmanların
həyatı” mövzusunda
təqdimat, Bülbül
adına orta ixtisas musiqi
məktəbində və
Bakı Caz Mərkəzində konsertlər
nəzərdə tutulub.
Mehparə
Mədəniyyət.- 2015.- 13 mart.-
S. 5.