Beynəlxalq muğam festivalının rəngarəng konsert proqramları

 

Paytaxtın konsert salonlarında musiqisevərlərə zövqoxşayan ifalar təqdim olunur

 

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı maraqlı konsert proqramları ilə davam edir.

 

Martın 12-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və İspaniya musiqiçiləri konsert proqramı ilə çıxış etdilər. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar, muğamsevərlər iştirak edirdi.

Proqramda əvvəlcə Azərbaycan ifaçıları “Rast” muğamını təqdim etdilər. Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Babək Niftəliyev və İlkin Əhmədovun ifası alqışlarla qarşılandı. Xanəndələri Ayaz İmranov (tar), Elvin Novruzov (kamança), Humay Rəhimova (qanun), Soltan Əliyev (nağara) və Novruz Hüseynov (bəm-tar) müşayiət edirdi.

Sonra səhnəyə İspaniyanın “Flamenkoqrupu çıxdı. Qrupda yer alan müğənni Xuan Piniya Martin və rəqqasə Kika Quesadanın çıxışı gecəyə xüsusi rəng qatdı. Hər iki ifaçı dünyada tanınan sənətçilərdəndir və nüfuzlu mükafatlara layiq görülüblər.

 

* * *

Axşam festival çərçivəsində daha bir konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi. Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupunun iştirakı ilə konsert proqramı təqdim olundu.

Konsertdə Üzeyir Hacıbəylinin “Fantaziya”, Səid Rüstəmovun “Bayatı-kürd”, Tofiq Bakıxanovun “Qızlar rəqsi”, Niyazinin “Vətən” nəğməsi, Qara QarayevinYeddi gözəl” baletindən “Vals” və “Sarı gəlin” xalq mahnısı səsləndirildi. Gecədə həmçinin Süleyman Ələsgərovun “Aşıqvarı”, Musa Mirzəyevin “Azərbaycan rəqsi”, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasından VII hissə ifa olundu.

Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev, solistlər Xalq artisti Gülyaz Məmmədova, əməkdar artistlər Sahib Paşazadə, Çinarə Heydərova, Anar Şuşalı və Almaz Orucova, beynəlxalq muğam müsabiqəsinin qalibi Ehtiram Hüseynov idi.

Martın 12-də festivalın daha bir konserti Bakı Caz Mərkəzində keçirildi. Gecədə Salman Qəmbərovun qrupu çıxış etdi.

Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı martın 18-dək davam edəcək. Martın 15-də festival çərçivəsində beynəlxalq muğam müsabiqəsinə start veriləcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 2.