Torpaq - əbədi diriliyin rəmzi

 

İlaxır çərşənbələrin sonuncusu torpaq çərşənbəsidir. Torpaq çərşənbəsi yaranışın əsası olan varlığa - torpağa inamın bayram edilməsidir. Xalq arasında bu çərşənbəyə “Yer çərşənbəsi” də deyilir.

 

Hər başlanğıc bir yenilənmədir. Bu baxımdan Novruz təbiətin yenilənməsidir. Əski inanclara görə, torpağın oyanmasıyla təbiət bütünlüklə yenilənir. Ona görə ki, varlığın əsasını təşkil edən su, od, yel özlərinin təsdiqini torpaqda tapırlar. Bu ünsürlərin torpaqla təması olmasa, yaşam baş tutmaz.

Türk inancında, gələnəyində torpağın müqəddəs sayılması, dəyərləndirilməsi onun həyatverici mahiyyətinə inamla bağlıdır. Torpaq əzəli, əbədi mahiyyəti, ormanları, otlaqları, havası, suyu, müqəddəsləşən vətən anlamı ilə insanı özünün izaholunmaz cazibəsində saxlayır.

El sözü var: “Torpaq deyir: səndən hərəkət, məndən bərəkət; öldür məni, dirildim səni”. Bu baxımdan torpaq çərşənbəsi əkin-biçin işlərinin başlanmasıyla yadda qalır. Torpaq çərşənbəsi torpağa münasibətin doğmalığı üzərində qurulub. Ona görə də bu çərşənbədə bağ-bağça qaydaya salınır, ağacların dibi bellənir, əkin işlərinə başlanılır.

Torpaq çərşənbəsinin öz inancları, adətləri var. Bunların çoxu artıq tarixə qovuşub, unudulub. Ancaq Novruzun rəmzi olan səməni qoymaq, bişirmək yaddan çıxa bilməz. Səməni dirilişin, yaşıllığın rəmzidir. Əski çağlarda insanlar onu təbiətdən torpaqla birgə - çim şəklində gətirib süfrəyə qoyardılar. Günümüzdə hər bir evdə səməni cücərtmək insanların əməl etdiyi ən yayğın Novruz adətlərindən biridir. Bu çərşənbənin nemətləri sırasında səməni halvası bişirmək də ayrıca yer tutur. Torpaq çərşənbəsində insanlar Novruza dərdsiz girmək üçün hökmən tonqalın üstündən tullanmalı, ağrı-acılarını odda “yandırmalıdırlar”.

Torpaq çərşənbəniz kutlu olsun!

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 18 mart.- S. 14.