Baharın rəng
və naxışları
Min illərin adət-ənənələrini
özündə yaşadan Novruz bayramı yaradıcı insanları həmişə
cəlb etmiş, onun
müxtəlif atributları bir-birindən gözəl sənət
əsərlərinin yaranmasına vəsilə olmuşdur.
Azərbaycan təsviri sənətində də Novruz mövzusu aktuallıq kəsb etmişdir. Xalq rəssamı Arif Hüseynovun bu mövzuda əsərləri bayramın bütün xarakterik məqamlarını özündə əks etdirir. Əməkdar rəssam, professor Adil Rüstəmovun “Milli güləş” qrafik əsəri, Əsgər Əsgərovun "Qız qalası önündə Novruz şənliyi" tablosu bahar bayramını əks etdirən gözəl nümunələrdir.
Zaman-zaman Novruz mövzusuna müraciət edənlərdən biri də Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimovdur. Rəssam bildirdi ki, keçmiş ittifaq zamanında bu bayramın geniş şəkildə qeyd olunmasına, hətta sənətdə təcəssümünə əngəllər vardı: “80-ci illərin əvvəllərində “Bayram axşamı” adlı əsər çəkmişdim. Həmin dövrdə sovet ideologiyası əsəri “Novruz” adlandırmağa imkan vermədi. Bakıda əsəri qəbul etmədilər. Tabloda əlində şam olan qadın təsvir etmişdim. Bununla Novruzun əbədiliyinə işarə vurmuşdum. Əsərdə dağlar və od, atın üzərindəki insanın səmaya baxışını Allaha işarə kimi qəbul etdilər və sərgilənməsinə imkan verilmədi. Ancaq əsər əsl sənətkarlar tərəfindən rəğbətlə qarşılanmışdı. Bir müddətdən sonra onu Moskvaya sərgiyə yolladım və orada yüksək qiymətləndirildi”.
Qobelen üzrə xalçaçı rəssam Adil Şıxəliyevin Novruz mövzusunda əsərləri çoxdur. Sənətkar toxuduğu qobelenlərdə qədimliyimizi əks etdirib, Novruz elementlərindən yararlanıb. Rəssam bildirir ki, sənət əsərində ilk növbədə yurdumuzun varlığı, ruh zənginliyi təsvir olunsun: “Yurdumuza bahar gəlir. Novruz bayramı həmişə olduğu kimi, bu gün də qəlbimi fərəhləndirir, mənə yeni-yeni mövzular verir. Yazda təbiət tamam başqa rənglərlə danışır. Təbiətin bu əhvalını çox sevirəm. Rəngləri vurursan, baxan kimi bilirsən ki, buradan bahar iyi gəlir”.
Novruz mövzusunda rəssam Elnur Rəsulovun da maraqlı əl işləri var: “Novruz bayramının mərasimləri həmişə məni ciddi düşündürüb, bu mövzuda xeyli əsərlər çəkmişəm. “Xoruz döyüşdürənlər”, “Yumurta döyüşdürənlər” bu qəbildəndir. Novruzun gəlişi təbiətin hər mənada yenidən doğulduğu, ağacların, torpağın dirçəlməsi ilə bir vaxta düşür. Bu mövzuda bir əsərimdə ağaclar çiçəkləyir, qaranquşlar uçur: bir sözlə, təbiət ən ilahi çağındadır”.
Dekorativ-tətbiqi sənətdə öz sözünü demiş mərhum fırça ustası, Əməkdar rəssam Ənvər Qarayev əl işlərində Azərbaycan folkloruna, milli koloritə üstünlük verib. Onun yağlı boya ilə işlənmiş “Xoruz ili”, eləcə də “Kosa-kosa”, “Baharın nəfəsi” əsərləri maraqlı nümunələrdir. Müəllifin bu mövzulu əsərlərində milli adət-ənənələrə dərindən bələdliyinin şahidi oluruq.
Hər il Novruz bayramı ərəfəsində Novruza, bahara həsr edilmiş rəsm əsərlərinin sərgisi təşkil olunur. Bu sərgilərdə gənc rəssamların bir-birindən maraqlı Novruz düşüncələri rənglərin dili ilə təqdim edilir. Baharın coşqun yaradıcılığa ilhamlandırdığı rəssamlar parlaq ideyalarla rəssamlıq sənətimizə yeni-yeni sənət nümunələri bəxş edirlər. Rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərlərində Novruz bayramının nikbin rəngləri bu gün rəssamlığımıza yeni nəfəsin gəlməsindən soraq verir. Gənc rəssamlardan Vüqar Əlinin “Novruz”, Nazim Məmmədovun “Güllər içərisində”, Leyla Nəsibovanın tünd qırmızı tonlarda olan “Kompozisiyalar”ı bunu bir daha sübut edir. Məlik Ağamalovun “Bahar gülləri”, İsa Məmmədovun “Güllər arasında qız” əsərləri də Novruza həsr edilən maraqlı sənət nümunələri sırasındadır.
L.Azəri
Mədəniyyət.- 2015.- 18 mart.-
S. 12.