“Sən bizim ellərin ruhuna bir bax...”
Qarabağın Novruz adətləri
Ulu babalarımız
yaz fəslinin gəlməsini təbiətin
canlanması ilə bağlayıb. Bu münasibətlə şənliklər
keçirərək onu
yeni ilin başlanğıcı kimi
bayram edib. Hər elin, obanın təbiətə
münasibətindən asılı
olaraq, Novruz mərasimləri müxtəlif
formada keçirilir. Ata-baba yurdumuz
Qarabağ bölgəsində
də bu bayram təntənəli şəkildə qeyd olunardı. Hazırda
erməni işğalında
olan dilbər guşələrimiz Novruz
ab-havasına həsrət
qalıb...
Cəbrayıl rayonunda da bahar
bayramı böyük
coşqu ilə qeyd olunardı. Rayon mərkəzində, eləcə
də kəndlərdə
martın 20-dən 21-nə keçən axşam günəş qürub edəndən sonra hər məhəllədə,
qapıda tonqal qalanardı. Qoca, cavan,
uşaq - hər kəs tonqalın başına yığışar,
onun üzərindən
atılardı. Əgər
hansısa həyətdə
od qalanmazdısa,
bu, uğursuzluq kimi yozulardı. Həmin axşam evlərdə ləziz xörəklər
bişirilər və
süfrələr bəzədilərdi.
İnsanlar bir-birini təbrik
edər, uşaqlar bir-bir qonşulara, qohumlara gedər və torba atardılar.
Uşaqların torbalarına
müxtəlif çərəzlər,
şirniyyatlar, meyvələr
qoyulardı...
Yazın ilk günləri Diri dağın yaşıl yamaclarında pənbə
güllər açardı. Xudayarlı,
Soltanlı, Hasanlı,
Maşanlı, Şahvəlli,
Qumlax, Xudafərin kimi ətraf kəndlərdən, eləcə
də Zəngilan, Qubadlı rayonlarının
bu əraziyə yaxın yaşayış
məntəqələrindən və atlı gənclər dəstə-dəstə
Mazan nənə türbəsinə ziyarətə
gələrdi. Burada Diri dağın ətəklərinə qədər
uzanan bərəkətli
Gəən düzündə
ayrı-ayrı kəndlərin
atlı gəncləri yarışardı.
Yarışın nisbətən təcrübəli
bir ağsaqqalı olardı. Hamı da onu eşidər və qəbul edərdi. Bir saata yaxın davam edən yarışda tək bir gəncin yox, onun sakini
olduğu kəndin qalib gəldiyi elan olunardı. At yarışı xalq məişətini geniş lövhələrdə
əks etdirən kütləvi meydan tamaşasına çevrilərdi.
Qalib kəndin gənclərinə həmin
gün xüsusi hörmət göstərilərdi...
Yarış başa çatdıqdan sonra türbəyə yaxın ağacların altında hər ailə bir süfrə
açardı. Niyyət edilər və
türbədə şam
yandırılardı. Süfrə yığışdırıldıqdan sonra bir neçə
yerdə ayrı-ayrı
musiqi dəstələri
konsert verər, gün əyilənə qədər çalıb-oxuyar
və oynayıb-gülərdilər.
Bir başqa
tərəfdə isə
Novruz adətlərindən
daha bir kütləvisi hesab edilən dirə-döymə
oyunu keçirilərdi. Dairə şəklində
olan meydança kəndirlə dövrəyə
alınar və cızıqla işarə
edilərdi. Yarışçılardan
hər hansı birinin ayağı cızıqdan kənara çıxsaydı, oyun dərhal dayandırılar
və yenidən başlanardı.
Ağac (qılınc) döyüşündə
yüngül geyimdə
meydana çıxan cavanlar bir-birinin əlindən ağac düşənə qədər
döyüşərdilər. Ağacoynatma bəzən at üstündə,
bəzən də xüsusi yerdə düzəldilmiş meydançada
olardı. İştirakçıların ağacına qırmızı
dəsmal bağlanar, qalibə Novruz hədiyyəsi verilərdi.
Novruz ayinlərinin geniş tanınan və maraqla gözlənilən növlərindən
qurşaqtutma (güləşmə)
və əl üstə gəzmə günorta vaxtları açıq havada keçirilərdi...
Xalq şairi
Səməd Vurğunun
məşhur “Yadıma
düşdü” şeirindəki
“Sən bizim ellərin ruhuna bir bax, Bizdən
inciməmiş bir əziz qonaq” misralarında olduğu kimi, Cəbrayıl sakinlərinin bayram süfrələri rəngarəng
olardı. Novruz günlərində sanki mətbəx mədəniyyətinin sərgisi
təşkil edilərdi.
Kəngər plov bişirilər,
doşab yaxud da qaymaqla yeyilərdi.
Yeni il
üçün hər
ailədə ayna, saxsı kuzə, təzə paltar, çərəz (ləbləbi),
meyvə və s. alınırdı. Zəngin Qarabağ
mətbəxinin ləziz
nemətləri bayram süfrəsinə düzülərdi.
Əsrlər keçməsinə baxmayaraq,
Novruz mərasimlərinin,
oyunlarının bir çoxunu yenidən həyata gətiririk. Nə qədər
müasirləşsək də,
yeni həyata uyğunlaşsaq da, məhz Novruzda qədim adət-ənənələrimizə
səyahət edirik.
Novruz gözəllik, özünə qayıdış
bayramı olduğu üçün arzu edirik ki, süfrələrimizi
nisgilli Qarabağda açaq, dədə-baba yurdumuzun Novruz həsrətinə də
son qoyulsun!
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 18 mart.-
S. 11.