Novruz ümumxalq şənliyi ilə qeyd ediləcək

 

Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı ənənəvi bayram proqramı rəngarəng görüntülər, yeniliklər, əlamətdar məqamlarla yadda qalacaq

 

Azərbaycan xalqının min illərdir yaddaşından, əxlaqından, mənəviyyatından, mədəniyyətindən süzülüb gələn, qədim adət-ənənələrimizi özündə ehtiva edən Novruz bayramı hər il ölkəmizdə dövlət səviyyəsində geniş tədbirlərlə qeyd edilir. Ənənəvi olaraq bu il də martın 19-da paytaxtda Novruzla bağlı ümumxalq şənliyi keçiriləcək.

 

Bayram şənliyinin zəngin proqramı var

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi şənliyin martın 16-da keçirilən məşq prosesini biz də izlədik. Qız qalası yanından başlayaraq dənizkənarı bulvarda davam edəcək bayram proqramının məşqinə müxtəlif mədəniyyət müəssisələri, incəsənət kollektivləri, ifaçılar qatılmışdı.

İştirakçıların çıxışlarını yaxından izləyən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qəzetimizə açıqlamasında əvvəlcə Azərbaycan xalqına bayram təbriklərini çatdırdı: «Arzu edirəm ki, bu Novruz hər bir azərbaycanlı ailəsinə, hər bir vətəndaşımıza, eyni zamanda Azərbaycanı sevən, ürəyində Azərbaycana sevgi bəsləyən bütün insanlara cansağlığı, xoşbəxtlik, ruzi-bərəkət, səadət gətirsin. Novruz süfrəsi hər bir insanın evində istədiyi səviyyədə açıla bilsin, hər kəsin bayramı mübarək olsun. İstəyirəm ki, bu Novruz əmin-amanlıq Novruzu olsun, ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi Avropa Oyunları Azərbaycanın adını, dünyada nüfuzunu daha da yüksəltsin”.

Nazir müavini şənliyin proqramı barədə məlumat verdi: «Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı möhtərəm Prezidentimiz İlham Əliyev və ölkənin birinci xanımı, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı ilə hər il yüksək səviyyədə qeyd olunur. Bu il də ənənə pozulmayacaq. Martın 19-da Novruz şənlikləri Azərbaycan xalqının qədim mədəniyyətini özündə ehtiva etdirən İçərişəhərdən, Qız qalası ətrafından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də respublikanın teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş proqram hazırlamışıq”.

Nazir müavini bildirdi ki, bayram tədbirində ənənəvi «Şərq bazarı» da təşkil ediləcək. Azərbaycanın yeddi bölgəsini əhatə edən milli mətbəx nümunələri, həmçinin 30-a yaxın rayonun kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan qədim xalça və kəlağayı sənətimiz ayrıca stenddə sərgilənəcək. Eyni zamanda muğam ifaçılarımız və aşıqlarımız da ayrı-ayrı səhnələrdə insanların qarşısında çıxış edəcəklər.

Bayramın personajlarına gəlincə, ənənəvi olaraq şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı iştirakçıları salamlayacaq. Novruz personajları Kosa və Keçəllə bağlı səhnə, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanların, nağıl obrazlarının bir araya gəlməsi mərasimə xüsusi ovqat gətirəcək. Teatrlarımızın aktyorları, o cümlədən Kukla Teatrının bütün kollektivi həm kukla obrazlarında, həm də xalq nağılları qəhrəmanlarının obrazlarında şənlikdə iştirak edəcəklər. Azərbaycan Dövlət Filarmoniyasının rəqs kollektivi, digər mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupu, Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri də tədbirə rəng qatacaq. Rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri, o cümlədən Şabrandan zurnaçılar, Salyandan və Şəkidən pəhləvanlar, Quba kəndirbazları və digərləri də “Şərq bazarı” səhnəsində bayrama rəng qatacaqlar.

 

 

 

 

 

Nazir müavini bildirdi ki, builki Novruz şənliyini əlamətdar edən bir neçə məqam da var: “Bu il dahi Üzeyir Hacıbəylinin anadan olmasının 130 ili tamam olur. Bu səbəbdən də biz qərara gəldik ki, builki Novruz mövzusu Üzeyir bəyin qəhrəmanlarından ibarət olsun. Bayram şənliyinin “teatr meydanı”nda Bakı şəhərində yerləşən teatrlarımızın aktyorları təxminən 500 nəfərlik heyətlə Üzeyir bəy dövrününonun qəhrəmanlarının geyimlərində böyük bəstəkarın musiqisi sədaları altında gözəl bir səhnəcik hazırlayıblar. Eyni zamanda məlumdur ki, Azərbaycan Avropa Oyunları ərəfəsindədir. Novruz tədbirləri çərçivəsində böyük bir sahə Avropa Oyunları mövzusuna həsr olunub. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idmanın bütün növləri bu sahədə təqdim olunacaq”.

Bayram şənliyinə gələnləri «Natiq» ritm qrupu da yeni bir formatda təəccübləndirəcək. Nəfəs alətləri orkestri, hərbi orkestr, Dövlət Xor Kapellasının çıxışları olacaq.

Əvvəlki illərdən fərqli olaraq, “Saat” qülləsinin altında səhər saat 11-dən başlanacaq bayram konsert fasilələrlə gün ərzində 5 dəfə, saat 20-dək davam edəcək. Saat 18-dən 20-dək konserti televiziya ilə canlı yayımlanacaq. Bir sözlə, hazırlanan zəngin proqram tədbirə qatılacaq paytaxtımızın sakinlərinə və qonaqlara, eləcə də konserti televiziya vasitəsilə seyr edəcək vətəndaşlarımıza əsl bayram ovqatı bəxş edəcək.

 

Novruzu aşıqsız təsəvvür etmək mümkün deyil

 

Milli Park boyunca davam edəcək bayram tədbirinin ssenarisi ilə yaxından tanış olmaq üçün məşqləri izləyib, iştirakçıların fikir və təəssüratlarını öyrənirik.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin «Cəngi» pəhləvanlar folklor qrupu bayrama əliboş gəlməyib. Qrupun rəhbəri Məhəmmədəli Ramazanov deyir ki, “Cəngi” sədaları altında pəhləvanlar müxtəlif nömrələrlə çıxış edəcək, bacarıqlarını nümayiş etdirəcəklər. Məhəmmədəli müəllim öz arzularını da dilə gətirir: «Xalqımızın hər zaman Novruzu belə gözəl qeyd etmək fürsəti olsun, qan-qada torpaqlarımızdan uzaq olsun. Uca millətimə bahar təravəti, bol-bol ruzi-bərəkət arzulayıram».

Milli Kulinariya Mərkəzinin stendində 7 regionun mətbəxi nümayiş etdiriləcək. Qurumun prezidenti Tahir Əmiraslanov deyir ki, bu il Azərbaycan xalqının milli mətbəx nümunələri bir qədər fərqli təqdim ediləcək. Stenddə təmsil olunan hər bir rayon özünün təndirini, sacını gətirəcək, özünəməxsus xəmir məmulatlarını təqdim edəcək: «Lənkəran plovları, Abşeron çörəkləri, Şamaxı ətdən hazırlanan şirniyyatları, Qax maharası və sürhüllüsü, Şəki paxlavası ilə tanınır. Bayram tədbirində şəhərimizin sakinləri və qonaqları bütün bunların hazırlanmasını öz gözləri ilə görəcəklər, eyni zamanda arzu edənlər dadına baxacaqlar».

«Gənc aşıqlar» qrupunun rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəzail Miskinli dedi ki, 10 ildən artıqdır Novruz şənliklərində çıxış edirlər. Onun sözlərinə görə, Novruzu aşıqsız təsəvvür etmək mümkün deyil: «Sazsız, qara zurnasız bayram tədbirinin nə ləzzəti? Novruza əbəs yerə “Yaz bayramı - saz bayramı” demirlər. Məhz bu səbəbdən də qrupun üzvləri bu tədbirdə çox böyük həvəslə çıxış edirlər. Fərəh və sevinc hissi ilə sazımızla, sözümüzlə xalqımızın qarşısında çıxış etməkdən hər zaman məmnunluq duyuruq».

 

Rayonlar ayrıca stendlərdə təqdim olunacaq

 

Bayram tədbirində Azərbaycanın 30-a yaxın rayonu ayrı-ayrı stendlərdə öz bayram sovqatlarını, mədəni irsini, sənaye məhsullarını və mətbəxini nümayiş etdirəcək. Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov qədim milli adət-ənənələrimizin rəmzi olan Novruz bayramı münasibətilə xalqımızı ürəkdən təbrik etdibildirdi ki, hər il olduğu kimi, bu ilAbşeron rayonu Novruz şənliyinə xüsusi olaraq hazırlaşıb. Rayonun stendində Abşeronun milli mətbəxi, sənaye istehsalı məhsulları nümayiş olunacaq, eyni zamanda rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri çıxış edəcək.

 

 

 

 

 

Azərbaycanın qərb qapısı Balakən rayonu da tədbirdə öz stendi ilə təmsil olunur. Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ruqiyyət Seyidovanın sözlərinə görə, stenddə fındıq-qoz ləpəsi, şabalıd, ədvalar, quru meyvələr, mətbəx nümunələri nümayiş etdiriləcək, eyni zamanda isti-isti qutab bişirilib qonaqlara təqdim ediləcək. Şöbə müdiri arzularını da dilə gətirərək, qeyd etdi ki, dünyamıza, Azərbaycanımıza əmin-amanlıq, sakitlik, firavanlıq, insanlarımıza xoşbəxt həyat arzulayır.

Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Atakişiyeva da xalqımıza arzu və istəklərini qəzetimiz vasitəsilə çatdırdı və bildirdi ki, Zaqatala da bu bayrama öz töhfəsini qatacaq. Rayonun stendində kənd təsərrüfatı məhsulları, müxtəlif növ şirniyyatlar, rayonda təzə fəaliyyətə başlayan Xalça Mərkəzində istehsal olunan sənətkarlıq nümunələri, bayram suvenirləri nümayiş etdiriləcək.

 

Bulvar İdarəsi bayram günlərində xüsusi rejimdə işləyəcək

 

Novruz ərəfəsində Dənizkənarı Milli Parkda da bayram abadlığı nəzərə çarpırdı. Yeni gül-çiçəklər əkilir, çəmənliklər təzələnir, dekorativ ağaclar «qış köynəyi»ndən çıxarılırdı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov hər kəsin bayram əhval-ruhiyyəsində olduğunu deyir. Onun sözlərinə görə, Novruz bayramı bizim üçün yeni ilin gəlişidir: «Bu ərəfədə təbiət oyanır, yurdumuza bolluq-bərəkət gəlir. Arzu edirəm ki, təkcə Novruz ərəfəsində deyil, bütün il boyu insanlarımızın üzündə gülüş, əhval-ruhiyyəsi yüksək olsun».

Bulvar İdarəsi bayram tədbirlərini təşkil etməkdə Mədəniyyət və Turizm Nazirliyinə bütün lazımi köməkliyi göstərir. İdarə rəsmisi qeyd etdi ki, bayram günlərində idarə gücləndirilmiş rejimində işləyəcək. Bulvarda fəaliyyət göstərən obyektlər tez açılıb, gec bağlanacaq.

 

* * *

Bahar bayramının əsas mahiyyəti qışı, qara günü, çətinliyi, çilləni, ağrı-acını geridə buraxıb, yeni, bar-bəhər verəcək həyata başlamaqdır. Mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Bu bayram həm də firavanlıq, ruh yüksəkliyi, torpağa, insana məhəbbət bayramıdır.

Bayramda yandırılan tonqallar qaranlığı yox edir. İnsanlar qışı qovub uzaqlaşdırır, səməni yaşıllığı, qırmızı boyanmış yumurta günəşi səsləyir. Biz xalqımızın Bahar bayramını təbrik edir, ruzili, bərəkətli, sevincli, günəşli günlər arzulayırıq.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 18 mart.- S. 8-9.