“Xoş gördük,
əzizlərim”
Nyu-Yorkda Zeynəb Xanlarovanın konserti anşlaqla keçib
Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova Novruz bayramı münasibətilə ABŞ-ın Nyu-York şəhərində konsert proqramı ilə çıxış edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuş proqram “Master Theatre” adlı konsert kompleksində gerçəkləşib.
“Xoş gördük, əzizlərim” adlı proqramda Zeynəb Xanlarova onnəfərlik ansamblının müşayiəti ilə repertuarından ən sevilən nümunələri - “Xoş gördük”, “Doğmasan mənə”, “Anacan”, “Niyə yox deyirsən”, “Azərbaycan maralı”, “Olmaz, olmaz” və s. mahnıları ifa edib.
Tədbirdə şəhərin Bruklin rayonunun rəhbəri Erik L.Adams çıxış edərək Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik edib. O, Zeynəb Xanlarova haqqında fikirlərini bölüşərək onun Azərbaycan musiqisinə təbliğinə verdiyi töhfələri, müxtəlif dillərdə mahnılar ifa edərək xalqlar arasında mədəni əlaqələrin inkişafında xidmətlərini yüksək qiymətləndirib, sənətkara mükafat təqdim edib.
Nyu-Yorkda Qafqaz Yəhudilərinin Mərkəzi
Cəmiyyəti, Azərbaycan diaspor təşkilatları
da ölkəmizin mədəniyyətinin
təbliğində və mədəniyyətlərin birləşməsində
göstərdiyi xidmətlərinə görə Zeynəb Xanlarovaya mükafat və diplomlar təqdim ediblər. Konserti izləyən tamaşaçılar
arasında ABŞ-ın bir sıra şəhərlərindən
gəlmiş azərbaycanlı, türk, yəhudi
və digər xalqların nümayəndələri olub.
Mədəniyyət.- 2015.- 18 mart.-
S. 5.