Vaqif Mustafazadə sənətinə böyük sevgi
İçərişəhərdə “Vaqifsayağı” caz festivalı keçirildi
Martın 16-da
görkəmli caz ifaçısı Vaqif Mustafazadənin 75 illik
yubileyi münasibətilə
“Vaqifsayağı” caz festivalı keçirildi. Mədəniyyət
və Turizm Nazirliyi,
“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin
dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu,
Azərbaycan Dövlət Filarmoniyasının texniki
dəstəyi və “Voice of
Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı
ilə ərsəyə gələn festivalın
iştirakçıları əvvəlcə musiqiçinin məzarını ziyarət
etdilər.
Sonra sənətkarın İçərişəhərdəki ev-muzeyində xatirə mərasimi keçirildi. Muzeyin direktoru, Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun rəhbəri Afaq Əliyeva bildirdi ki, sənətkarın yubileyinə həsr edilən festival onun əziz xatirəsini bir daha yad etməyə imkan yaradır. Tanınmış musiqiçilər Vaqif Mustafazadə ilə bağlı xatirələrini bölüşdülər.
Günün ikinci yarısında İçərişəhərdə, Kiçik qala küçəsində festivalın açılışı oldu. Festival iştirakçıları tədbirə sənətkarın saç düzümünə uyğun pariklərdə, əllərində onun fotoları ilə qatılmışdılar.
Tanınmış teleaparıcı Rahib Azəri qonaqları salamlayaraq Vaqif Mustafazadənin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, ölməz sənətkarın melodiyaları bu gün də musiqisevərləri, caz-muğam həvəskarlarını öz sehrinə salır.
V.Mustafazadə adına uşaq incəsənət məktəbinin direktoru, Əməkdar artist Akif Süleymanbəyli bildirdi ki, gənclərin festivalda Vaqif Mustafazadə sənətinə sevginin, sənətkara böyük ehtiramın örnəyi olduğunu vurğuladı: “Bu sevgi Vaqif sənətinin düzgün təbliğ edilməsinin nəticəsidir. Son dövrlər musiqi siniflərində oxuyan uşaqlara nəzər salanda görürəm ki, onların Vaqif sənətinə böyük sevgisi var, musiqiləri “vaqifsayağı” ifa etməyə can atırlar. 30 il əvvəl belə deyildi, amma bu gün caz bizə doğma gəlir. Bu da Vaqif Mustafazadənin xidmətləri sayəsində mümkün olub. Taleyin qismətidir ki, mən bu sənətkarla birlikdə çalışdım və uzun illərdən sonra onun adını daşıyan məktəbə rəhbərlik etməli oldum. Vaqifin ruhu qarşısında baş əyərək onun xatirəsinin əbədi yaşamasına çalışırıq”.
Festivalda ölkənin tanınmış və gənc caz ustaları Vaqif Mustafazadənin bəstələdiyi və ifa etdiyi məhşur melodiyaların müəyyən hissəsini orijinala uyğun, digər parçasını isə özünəməxsus şəkildə səsləndirdilər. İlham Nəcəfov, Zaur Mirzəyev, Akif Süleymanbəyli, Sevda Ələkbərzadə, Salman Qəmbərov və başqalarının ifası festivala xüsusi rəng qatdı.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 18 mart.-
S. 4.