Beynəlxalq muğam müsabiqəsi başa
çatdı
Qaliblər “Muğam aləmi” festivalının bağlanış mərasimində elan olunacaq
Martın 17-də
“Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalı çərçivəsində
Azərbaycan Milli Konservatoriyasında
keçirilən beynəlxalq muğam
müsabiqəsinə yekun vuruldu.
Milli Konservatoriyanın rektoru, Xalq artisti, beynəlxalq münsiflər heyətinin sədri Siyavuş Kərimi çıxış edərək qədim xalq bayramımız olan Novruz ərəfəsində şəhərimizdə qonaq olan müsabiqə iştirakçılarına bayram təbriklərini çatdırdı. Rektor bildirdi ki, martın 15-dən 17-dək davam edən müsabiqədə Azərbaycan, Türkiyə, İordaniya, Latviya, İran, İraq, Özbəkistan, Tacikistan və Çindən musiqiçilər iştirak ediblər. Müsabiqənin birinci turunda instrumental ifaçılıq üzrə Azərbaycan təmsilçiləri Mustafa Aşurov (tar) və Tofiq Məmmədov (tar), Zərqələm Cəfərova (kamança), Aygül Həsənova (qanun), Toğrul Orucov (kamança), Baxış Binyətov (balaban) və Türkiyə təmsilçisi Tolqa Karaslan (ud), İordaniyadan Tareq Cundi (ud), İraqdan Mustafa Zair (ud) çıxış edib.
İştirakçıları Siyavuş Kəriminin sədrliyi ilə münsiflər heyəti qiymətləndirib. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin tərkibinə İrandan Dəryuş Təlayi, İraqdan Şeherizada Hasan, Fələstindən Suleyl Xuri və Fransadan Piyer Bois daxildir. Solo muğam ifaçılığı üzrə münsiflər heyətində Kudsi Ergüner (Türkiyə), Şarada Velankar (Hindistan), Aleksandr Cumayev (Özbəkistan) və Brahim El Mazned (Mərakeş) yer alıb.
Müsabiqənin ikinci turunda isə instrumental ifaçılıq üzrə Azərbaycandan Tofiq Məmmədov (tar), Zərqələm Cəfərova (kamança), Aygül Həsənova (qanun) və İordaniyadan Tareq Cundi (ud) çıxış ediblər.
Solo muğam ifaçılığı üzrə dinləmələrdə isə “Lamekan ansamblı” (Belçika/Türkiyə), İsa Şoxri (İran), “Gerbi Diyar Küyşiliri” (Çin), İlhom İsmayılov (Özbəkistan), habelə Azərbaycandan Xətai Hacıyev, Orxan Hüseynli, Aytən Məhərrəmova çıxış ediblər.
Siyavuş Kərimi qeyd etdi ki, ötən illərdən fərqli olaraq, bu il “Qran pri” mükafatını heç bir iştirakçı qazana bilməyib. Solo muğam ifaçılığı üzrə 1-ci, 2-ci və 3-cü yerlərə iki nəfər layiq görülüb. İnstrumental ifaçılıq üzrə bir nəfər 1-ci, bir nəfər 3-cü yeri, iki nəfər isə 2-ci yeri qazanıb. Üç iştirakçı isə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi mükafatı ilə təltif edilib.
Bildirildi ki, müsabiqə qaliblərinin adları martın 18-də “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının bağlanış mərasimində elan olunacaq, mükafatçıların iştirakı ilə qala-konsert keçiriləcək.
Sonda Azərbaycan Milli Konservatoriyası ilə Fələstin Milli Konservatoriyası arasında əməkdaşlığa dair müqavilə imzalandı.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 18 mart.-
S. 3.