Yurdda Novruz, dünyada Novruz
TÜRKSOY dörd ölkədə bayram şənlikləri təşkil edir
2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə BMT Baş Assambleyası tərəfindən beynəlxalq status verilmiş Novruz bayramı artıq ümumbəşəri səciyyə kəsb edərək dünya miqyasında qeyd edilir.
Novruzun qədim mədəni irs nümunəsi olaraq dünyada təbliğinə xüsusi önəm verən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY hər il müxtəlif ölkələrdə bayram şənlikləri təşkil edir.
Bu il də TÜRKSOY-un təşəbbüsü ilə 21-22 mart tarixində Ankara şəhərində, 24-25 martda Parisdə, UNESCO-nun baş qərargahında, habelə 26 martda Almaniyanın Köln şəhərində və 28 martda Avstriyanın paytaxtı Vyanada Novruz tədbirləri keçiriləcək. Türkiyə Cümhuriyyəti Baş Nazirliyi yanında Tanıtma Fondunun, Yunus Əmrə İnstitutunun dəstəyi ilə gerçəkləşdiriləcək tədbirlərdə türkdilli respublikaların rəsmi və bədii heyətləri iştirak edəcək.
Novruz şənliklərində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.
TÜRKSOY-un “Novruz-2015” tədbirləri ilə bağlı türk dünyasından Ankaraya 200-dək iştirakçı gələcək. Türkdilli ölkələrin təmsilçiləri Türkiyənin 22 şəhərində Novruz mərasimlərinə qatılacaqlar.
Təşkilatın Parisdə keçirəcəyi bayram tədbiri UNESCO-nun 70 illik yubileyinə həsr olunub. Tədbirdə qurumun baş katibi İrina Bokova da iştirak edəcək. UNESCO baş qərargahında təşkil olunacaq qala-konsertdə türk dünyasının 100-dək sənətçisi yer alacaq. Mərasimə Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik, TÜRKSOY ölkələrinin müvafiq nazirliklərinin məsul nümayəndələri qatılacaq. Bayram tədbirlərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Altay, Başqırdıstan, Xakasiya, Çuvaşiya, Tıva, Saha-Yakut, Qaraçay-Balkar respublikaları, habelə Qaqauz Yeri (Moldova), Təbriz (İran), Şimali Kipr Türk Respublikası və Sincan Uyğur Muxtar bölgəsindən sənətçilər iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayevin sözlərinə görə, Azərbaycanın sənətçilər qrupuna "Cəngi" estrada-folklor ansamblının dörd üzvü və aşıq Əli Quliyev daxildir. Şöbə müdiri bildirdi ki, türk dünyasının birlikdə Avropada keçirəcəyi Novruz tədbirləri türkdilli xalqların mədəniyyətlərinin bir araya gəlməsində, tanıdılmasında, təbliğində mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, TÜRKSOY-a üzv ölkələrin müvafiq nazirliklərinin əməkdaşlığı ilə həyata keçiriləcək bu tədbirlər çərçivəsində türk dünyasının ortaq adətləri və bəşəriyyətin qeyri-maddi mədəni mirası - Novruz dünyaya coşqu ilə təqdim ediləcək.
Mehparə Sultanova
Mədəniyyət.- 2015.-18 mart.-
S. 2.