Ədəbi-mədəni
dirilik dirijoru
Ən dramatik dövrlərimizdən birinin (və hələ ki sonralarımızın) ən birinci dramaturqu - Cəfər Cabbarlı...
Cəmi-cümlətanı
otuz beş illik ömrü
dövründə neçə-neçə “dövr”
özəlləmiş dahi ədib!..
“Harda
aş - orda baş” çalarlı məsəl-misallardan
bütünlüklə uzaq, harada milli-mədəni kəm-kəsir - orada müntəzir Vətəndaş!
“Nə
bağırırsan, xalq?!” deməyə mənəvi
haqqı çatan dramaturq,
aman-imansız bir zamanda
hürri-Cümhuriyyət dövrümüzə işarətlə
“Azad bir quşdum, yuvamdan uçdum...” söyləyən şair, çağınaqədərki əksər
qələm əhlinin nəqli-idillik üslublarından yorğun düşmüş
oxucuları əqli
çevikliklərilə dirçəldən nasir,
müəlliflərlə müştərək səviyyəli
tərcüməçi, kəskinqələm teatr-kinoşünas,
kinossenarist, jurnalist, neo-mizan rejissor...
1899-cu il martın 20-də - XIX yüzilliyin son baharının başlanğıcında Xızıda doğulub,1903-də ailəsilə Bakıya köçüb “Dağlı məhəlləsi”sində yaşamağa, 1 il sonra atasının vəfatı (dolanışıq çətinlikləri) səbəbilə anasının bişirdiyi təndir çörəklərini satmağa, 12 yaşından yazıb-yaratmağa, 16-sından səhnələr, ekranlar, direktiv kürsülər, proletarından tutmuş elitarına qədər - küll-qəlblər fəthinə başlayan və nəhayət, qədərsiz milli-mədəni yükə tab gətirməyən ürəyinin iflicindən dünyasını dəyişən bu fenomen bəndə bəşər sənətkarları sırasında həmişəyaşar, Azərbaycan, Türk-Turan dünyası üçün -
Hər zaman diri...
Əcəba, “7-ci müsəlmani və rusi”, “Alekseyev adına 3-cü ali-ibtidai” kimi “əndirəbadi” adlı məktəblərdə, Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsi, Azərbaycan Dövlət Universitetinin (yarımçıq buraxdığı) tibb və bitirdiyi tarix fakültələri kimi “anti”-ədəbi təmayüllərdə təhsillər alan bu yaşca nakam dahi ədəbiyyat zirvəsinə, sənət-incəsənət kamına necə yetib?!.
Ecazkar sənətkarımızın bütün araşdırıcıları, elmi-populyar yazar-pozarları kimi, bəndəniz də bu mürəkkəb sualı müfəssəl cavablandırmaq iqtidarında deyil. Deyəsən, heç bu “dram”, ümumiyyətlə, onun ovaxtkı çevrəsindən, qövmi-məhrəmlərindən kənar traktovkalara əl verəsi deyil və elə buna görə də bu yazını böyük Cəfərimizin öz sözləri, habelə barəsində dərgi-sərgilənmiş xatirələr üstündə kökləməli oldum...
Və... məsələ-mətləbin “sarı sim”indən öncə, bir-iki pərdə -
“Qara sim”...
O, sovetlərin ədəbi-bədii dəftərinə on dörd il imza atmağa məcbur olsa da, əvvəlki ikiillik milli hakimiyyətə sədaqət, məhəbbət və xidmətlərinə rəğmən, daim göz və... hərdən də eyhami söz altında oldu...
O, yetmiş il “formaca milli, məzmunca sosialist” adlandırılan ədəbiyyatımızın ələm qələmli 50 ili boyunca “Azərbaycan sovet dramaturgiyasının banisi” kimi təqdim edilsə də, az-para ayıq fəhlə-kəndlilərimizdən tutmuş bütün milli aydınlarımızadək - hamı bu “Aydın” ədibi təpədən-dırnağa “Oqtay Eloğlu” kimi xatırlayıb urvatladı...
Onun qələmini “Almaz”lığa çəkib, “Dönüş”lüyə döndərib, “1905-ci ildə”yə batırsalar da, bir an belə fasiləsiz fəaliyyətləri, ədəbi-bədii məhsulları, böyük mədəniyyət çabaları ilə daim millətinin solğun çiçəklərinə yanımlı oldu, Səriyyələrinə vəfalı qaldı...
İndilər (yəni, ağızların Allah yoluna qoyulduğu dəmlər...) o pyeslər bəzi həlləm-qələmçilər tərəfindən “sovetizmə yarı yarınma” qrifi ilə “dəyər”ləndirilsə də, o əsərlər bu xalqın təkrarsız dialoqlar, heyrətamiz leksikon, ibrətamiz əxlaq, ədəbi-xarakterial dür-düşüncələr səltənəti olaraq əbədi qalacaq!..
Bu məqamda, böyük ədibin “sosialist şerifi” tipində yaratdığı Şərifin sözü olmasın (“Yoldaşlar, söz verilir Almasa, hansı ki, danışacaq bəzi-bəzi məsələlər haqda”), bu üzün-üzün publisistik gəzişmələrdən sonra -
Keçək ədəbi nəhrin özünə...
Xalqın mədəni-mənəvi sərvətlərə yiyələnibən yaşaması üçün, özünün təsdiqi üçün milli mədəni intibahdan başqa yol olmadığını hələ yeniyetmə ikən dərk edən və öz qələmilə yaratdığı Oqtay Eloğlu donunda böyük Azərbaycan ehtivalı Səhnəyə çıxıb, cari səhnə içərisindəki “səhnə”də oynamaq istəməyən Mariya Timofeyevnanın üstünə “Marya Tumannifeyna!” jarqonuyla çığıran tamaşaçıların “şəxs”ində: “Səfil xalq, nə bağırırsan?! Səndə sənətkar bir qadın yox! Varsansa yarat, yaratmırsansa, sus, uzan öl!..” - deyə, milləti yeni dövrə uyğun sənətkarlar, şəxsiyyətlər, məcmu-nəticə etibarilə ictimai-siyasi xadimlər yetirməyə səsləyən bu od-alov millət oğlu haqda ilk söz elə o qəbil şəxsiyyətlərin birindən - M.Ə.Rəsulzadədən:
“Od gəlini”ni Cəfər “Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar...
Mənzərənin rəmziliyi göz qabağındadır və tamaşaçılar üçün “ərəb”, “islam” sözləri yerinə “rus”, “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir...
Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir”.
Xatirələr içərisindən bir reallıq pəncərəsi:
Fikir-zikr baxımından mədəniyyətimizin hər sahəsində, konkret reallıqca isə uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən bu professional səhnə-sənət mücahidi o çağlar yenicə inkişafa başlayan kino sənətilə də çox ciddi surətdə maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində M.F.Axundzadənin “Hacı Qara”sının motivləri əsasında çəkilmiş “Sona” filmi ilə ilk milli kinossenarist kimi də tanınan, ardınca Azərbaycan qadınının fəal ictimai-siyasi və iqtisadi həyata cəlbi üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrinə düşən Cabbarlı bu arzusunu "Sevil" filmi ilə qismən həyata keçirmiş oldu. Deyirlər, Cəfərin həmin kinofilmdə Sevil rolu üçün azərbaycanlı qız axtarışı işindəki çabaları ayrıca bir kino-dəsgahmış; öz qəhrəmanını ekranda canlandırası aktrisanı tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə azərbaycanlı qız axtarıb və nəhayət, Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət Orucovanı tapıb...
Böyük müvəffəqiyyətlə alınan “Sevil”dən sonra digər filmlərin çəkilişlərinə başlayan Cabbarlının teatr-səhnə aləmində qazandığı “tuhaf yorğunluq” və “sevgili xəstəliyi” daha da şiddətlənir (bu məqam da Şərif demiş, hansı ki, bədxahlarının iddialarına görə, guya Cəfər AzDramanı monopoliyaya götürübmüş və nə qədər ki, Cabbarlı teatrdadır və yazır, onlar oraya pyes verməyəcəklərmiş).
Bütün bu və digər “mış”-“müş”lərdən sonra teatrdan uzaqlaşıb kino aləminə düşən ədibin xanımı - bədii Səriyyəsindən də vəfalı Sona xanım Cabbarlının xatirələrindən də məlum olduğu kimi, onun sənəd ömrünün son və... ehtimali illəri kinostudiyadakı sənət ömrünə qurban getmiş...
Bu yerdə bu əbədi dahimizin mövsimi cahillərin həmin iddiasıyla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan -
Bir parça
“...Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssislərə - 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü borclu saydığım Azərkinoya, habelə pyeslərimin əksəriyyətinin oynanıldığı özbək, türkmən, tacik, tatar teatrlarına, fəhlə klublarına... tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar”.
Bir xana da Sona
xanımdan:
“...Ümumiyyətlə, bu illərdə Cəfər
səhhətinin pozulduğuna
baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə
də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta bağa,
yaylağa da gəlməyə vaxt tapmır, gələndə
də ancaq işləmək üçün,
yazmaq üçün
gəlirdi”.
Bu azman Azərbaycanlımızın
“Hara gedir Azərkino” adlı məqaləsilə
tanışlıq isə
o vaxtlar bütövlükdə
bu millətin hara getdiyi haqda
diksindirici hisslər oyadır:
“Azərkinonun rəhbərlərinə
sual verəndə ki, nə üçün
sizdə - fabrikin nəzdində yerləşən
mətbəədə dörd
mürəttibdən biri
də türk deyil və dili
bilməyənlər tərəfindən
elə təhrif olunur ki, “gözəl
qızlar” “gözəl
qozlar” kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri
“yoxdur”. Soruşanda ki, nə üçün sizdə türk qadını rolunda türk qadını çəkilmir,
deyirlər türk qadınları “yoxdur”.
Lakin bu fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçisi içərisində 8-9 türkdən
biri, gözəl aktrisa) makinaçı işləyir. “Nə üçün kişi rollarına aktyorlar Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur” sualına isə heç kəs aydın cavab vermir; direktor
rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır
və s. və i.a.
Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi
yaradıcılıq simasını
tapmalıdır. Azərkinonun yeganə xilas yolu-başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş
kütlələrinə inamsızlıqdan
imtina etməsində və bu əsas
kütlənin yaradıcılıq
iradəsini və təbiətini özünün
bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın
qapılarını açmaq
və oraya bu canlı yaradıcı
kütləni buraxmaq lazımdır. Azərbaycan kinosunun
əsl simasını
müəyyənləşdirməyə yalnız o qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur...”
Bəlli
sənət şedevrlərilə
bahəm, elənçik
bir rəzil dövrdə belənçik
sənəd atomu da yazan bir
Kişinin ürəyi
əsrin siyasi “37” dramınadək dözə
bilərdimi?!.
Görəsən, o bunu da hiss etdimi, bundan duyuq düşüb getdimi?..
Tahir Abbaslı
Mədəniyyət.- 20 mart.- S. 13.