Humay - “təkayaqlı qərinə”
21 mart 1906-cı il Səməd Vurğunun doğum günüdür
Səməd Vurğunun «Komsomol
poeması» onun
yaradıcılığında xüsusi yer tutur. Tədqiqatçılar
bu əsəri 1930-cu illər Azərbaycan
poeziyasında əlamətdar ədəbi hadisə hesab edirlər.
Şair əsərdə bir sıra xarakterlər yaratmışdır. Bu xarakterlər inamı, əqidəsi, hadisələrə münasibəti, dünyagörüşü ilə bir-birindən xeyli dərəcədə fərqlənirlər. Lakin onların hamısı həyatda vardır. Səməd Vurğun da onları məhz həyatdan əsərə gətirmişdir.
Poemada bu xarakterlər bir-birinə əks olan iki qütbdə birləşmişlər: bolşeviklərin çağırışı ilə yeni bir cəmiyyət yaratmaq uğrunda mübarizə aparanlar və əvvəlki cəmiyyətin silaha sarılaraq dağlara çəkilən nümayəndələri. Qarşı-qarşıya durmuş bu tərəflərdən birini Bəxtiyar və onun komsomol dəstəsi, digərini isə Gəray bəy və köhnə quruluşun tərəfdarları təmsil edir. Lakin baş verən hadisələr bu iki tərəfin bir-birilə apardığı ölüm-dirim savaşları ilə məhdudlaşmır. Komsomolçu Cəlalla Gəray bəyin qızı Humayın qarşılıqlı məhəbbəti poemanın əsas xəttini təşkil edir.
Səməd Vurğunun əsərdə böyük məhəbbətlə yaratdığı obrazlardan biri də məhz Humaydır. Şair onu bu cür təqdim edir:
Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küskün baxışlı qara gözləri
Nələr düşündürür... Onun həyatı.
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış.
Bütün diləkləri gözündə qalmış.
Bu kənd qızı çox kövrək bir ruhda böyümüş, gözünü açandan sazın və çoban neyinin səsini, bir də quşların nəğməsini eşitmişdir. Neyin səsini eşidəndə onun gözləri yaşarır. O, heç vaxt böyük şəhərlərin səs-küyünü görməmiş, bəlkə də ömründə bir kitab belə oxumamışdır. Bütün bunların müqabilində o, saf azərbaycanlı qızı, sevgisinə sadiq insandır.
Şair bu əyalət qızının həyatda hələ bərkimədiyini bir misra ilə ifadə etmişdir:
Humay təkayaqlı bir qərinədir.
Sazın və çoban neyinin səsi, yaslı gəlinlərin ağı deyib ağlaması, kənd həyatına məxsus digər mərasimlər Humayın gündəlik gördüyü və eşitdikləridir. O, səhərlər başqa kənd qadınları kimi səhəngi götürüb bulaqdan su gətirir, ev işləri ilə məşğul olur.
Şair onun axşamlarını isə belə təsvir edir:
Qaranlıq döşünü gərdiyi zaman
Onun da ruhuna qaranlıq çökür.
Çırmayıb qolunu itə yal tökür;
Qapının ağzında paltar-palazdan
Nə varsa içəri götürür asta,
Cehiz sandığına bir qıfıl vurur...
Humay, eyni zamanda öz kökünə, mənsub
olduğu xalqın adət-ənənələrinə möhkəm tellərlə
bağlıdır.
O, Cəlalı böyük bir məhəbbətlə
sevir, lakin atasının razılığı
və xeyir-duası olmadan ailə qurmaq istəmir. Buna görə də
Cəlalın qoşulub
qaçmaq barədə
təklifini qəbul etmir.
Azərbaycanda müxtəlif səbəblər
üzündən qızın
qaçırılması halları
olmuşdur. Bu səbəblərdən
biri azad və qarşılıqlı
məhəbbətin valideynlər
tərəfindən qəbul
edilməməsi ilə
bağlıdır. Tərəflərdən biri və ya
hər ikisi bu işə razılıq vermədikdə
oğlanla qız son vasitə kimi qaçmalı olmuşlar.
El arasında bu, «qoşulubqaçma» adlanır. Humayla Cəlal da belə bir yol
seçə bilərdilər.
Cəlal
da əvvəlcə belə bir fikrə
düşür. Onun «Qoşulub
qaçmaq! Başqa
bir iqlimə doğru yol açmaq!» təklifinə
Humayın cavabı öz kökünə bağlı azərbaycanlı
qızının həqiqi
ürək sözləridir:
- Yox, Cəlal, olmadı. Şahiddir hamı,
Görürkən yuxuda qaçaq
babamı
Hönkürüb ağlaram əlimdə
yaylıq...
Bəlkə də bir günlük səfərə
getmək,
Eşq üçün babamı
atıb, tərk etmək
Ölümdən yamandır el-gün
içində...
Sən onu axtar,
Hər nə sözün var
Özüylə danış
Nə yad, nə tanış
Gülməsin ona...
Göründüyü kimi, Humay övlad
adını şərəflə
daşıyır, «eşq
üçün», öz
nəfsi üçün
atasını atmır,
istəmir ki, atası el tənəsinə
məruz qalsın, düşmən ona gülsün. Humay burada özünü
azərbaycanlı qızı
kimi təsdiq edir.
Görkəmli ədəbiyyatşünas Georgi Lomidze bir münasibətlə oxucuya cavab olaraq
belə yazmışdır:
«Mənə aydın deyildir ki, nəyə
görə eyni zamanda həm insan, həm də millətin nümayəndəsi sayılmaq
olmaz?.. Cəmiləni (Çingiz Aytmatovun «Cəmilə» povestinin qəhrəmanı nəzərdə
tutulur - A.B.) öz çətin, özünəməxsus
taleyi ilə, onun cəlb olunduğu konfliktli mübarizə xüsusiyyətləri
ilə başqa bir diyara, deyək
ki, Rusiyaya, Belorusiyaya, Latviyaya, yaxud Moldaviyaya köçürün. Cəmilə obrazı solğunlaşacaq,
öz mahiyyətini itirəcəkdir. Onun öz
zəmini ilə bağlı iztirabları,
əzabları, axtarışları
inandırıcı görünməyəcəkdir».
Görkəmli tədqiqatçının bu
sözlərini eyni ilə Humaya da aid etmək olar. Humayın hərəkətini yalnız onun özü, yəni azərbaycanlı qızı
edə bilərdi.
Bəlkə də bu, başqa birisi üçün təəccüblə qarşılanardı...
Atasının onu çox istədiyi üçün
Cəlala verəcəyinə
Humayda dərin bir inam vardı. Humayın faciəsi
də elə bunda idi. Burada o, bir xarakter kimi
Cəlalla birləşir.
Cəlal
kimi o da unudurdu ki, Gəray
bəy heç vaxt qızını özünə düşmən
hesab etdiyi adama verməz.
Qeyd etdiyimiz
kimi, Humay mənsub olduğu xalqın adət-ənənələrinə
möhkəm tellərlə
bağlıdır. O, xalq arasında geniş yayılmış inam və inanclara müraciət edir, bununla da sonrakı
həyatına bələd
olmağa çalışır.
Humayın öz bəxtini sınamaq üçün
suya iynə salması, qapı pusmağa getməsi ən qədim qaynaqlara söykənir. Bunlar, eyni
zamanda Azərbaycan etnoqrafiyasının öyrənilməsi
baxımından əhəmiyyətlidir
və şairin bu sahədə dərin bilik və məlumata malik olduğunu göstərir.
Xalqımız arasında belə
bir inam yaşayır: «İlin, ayın axırında bulaqdan, yaxud axar sudan «lal
su» gətirilir... Suyu qaba töküb iki iynənin ulduzlu tərəfinə pambıq dolayır və hərəsini bir tərəfdən suya salırlar. Sonra iynələrin hərəkəti
ilə mülahizələr
söyləyirlər. Uğurlu halda iynələr müxtəlif səmtlərə
hərəkət etsələr
də, axırda bir-birinə yaxınlaşıb
bitişirlər. Əksinə olanda isə iynələr o tərəf,
bu tərəfə hərəkət edir və bir-birinə qovuşmurlar» («Nəğmələr,
inanclar, alqışlar»,
Bakı, 1986).
Bu falın əyani şəklini «Komsomol poeması»nda görürük:
Humay qabdakı suya iki sancaq
salmışdır. Pambıqlı sancaqlar bir-birini suyun üstündə qovurlar. Bu cansız
əşyalar üz-üzə
gələndə Humayın
sevinci aşıb-daşır,
rəngi açılır,
taleyi gülür, «üzündən, gözündən
məna tökülür».
Bu yerdə şair sual edir:
Bu bayram axşamı, bu əziz gündə
Humay ürəyində
nəyi tutmuşdur?
Elə bu vaxt sancaqlardan biri suya qərq
olur. Bundan sonra Humayın
vəziyyəti də
dəyişir. Qışqırmaq istəyir, lakin səsi çıxmır.
Ürəyi döyünür,
gözləri qaralır,
nəfəsi təngiyir:
Cəlalın başında xəta
var, deyə
Sinəsi töyşümüş qapıya
çıxır.
Əlini
qaldırıb yalvarır
göyə,
Qəlbini yerlər də, göylər də sıxır.
Humay bu vəziyyətdə yenə
xalq inamına pənah aparır. O, «qapı
pusmağa gedir: «Axır çərşənbə
günü...axşamçağı
qonşuların qapısını
pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü
yozub, bəxt haqqında müəyyən
mülahizələr söyləyirlər.
«İşığı yandır»,
«yaxşı olacaq» və s. olarsa, hər şeyin yaxşı olacağı
güman edilir. Əksinə «söndü»,
«viran qalsın» və s. kimi sözlər eşidiləndə
pis tərəfə yozulur» («Nəğmələr,
inanclar, alqışlar»).
Şair
bu xalq inamını
poeziya dilinə çevirir:
Qayda belədir ki, birinci kərə
Xeyir söz eşitsə şad olacaqdır;
Yaman söz eşitsə yenə qəmlərə
Qərq olub, içində qovrulacaqdır.
Humay qorxudan yarpaq kimi əsir. O, necə
xəbər eşidəcəkdir?
Bu dəfə tale Humayın
üzünə gülür,
içəridən gələn
səs onu göylərə qaldırır:
«Toyunu görək!»
Bu iki kəlmə Humaya bütün dərdlərini unutdurur, onun gözlərində hər şey-dağlar, daşlar, adamlar daha da gözəlləşir,
quzey qarı bir çəmənə çevrilir:
De, qız nə
eşitsə yaxşıdır
birdən?
Kimsə
öz oğluna: «Toyunu görək!»
Humay bir quş kimi
durdu yerindən,
Sıçrayıb göylərə
qanad gərərək,
Bir anda seyr edir
asimanları,
Ay kimi göylərə qız şəfəq yayır;
Öpür, alqışlayır, hey salamlayır
Dağları, daşları, sıx
ormanları...
Xalq inamının
obrazın əhvalına
bu cür uyğunlaşdırılması şairin poetik məharətini əks etdirir.
Baş verəcək hər hansı bir hadisəni əvvəlcədən yuxuda görmək, yaxud yuxu yozmaq da xalqımıza məxsus inamları əks etdirir. Gəray bəy Cəlalı öldürür. Elə həmin gecə Humay dəhşətli bir yuxu görür. Bu cür yuxulara el arasında «qarabasma» da deyirlər. Şair də bu ifadədən istifadə etmişdir:
Humayı basmışdır yuxuda qara,
Yazıq boğazından çəkilir dara...
Pəncəli, caynaqlı anaş qaraquş
Götürüb Humayı göylərə uçmuş.
Humay bu vəziyyətdə yuxudan oyanır və hiss edir ki, Cəlalın başında bir xəta vardır. Bu yuxu Cəlalla yanaşı, həm də Humayın gələcək faciəsinə işarədir.
Humay müəllifin sevimli obrazlarındandır. Şair bu obrazı sevə-sevə yaratmış, sonradan yazdığı bəzi əsərlərində yenidən onu xatırlamışdır.
Adilxan Bayramov,
filologiya elmləri doktoru
Mədəniyyət.- 2015.- 20 mart.-
S. 12.