Bakıda moda gecələri

 

Martın 13-dən 15-dək «FMS Models» və «Excelsior Hotel & Spa Baku»nun birgə təşkilatçılığı ilə adıçəkilən hoteldə «Baku Fashion Nights 2015» adlı təntənəli moda günləri keçirilib.

 

Martın 13-də bu münasibətlə təşkil edilən mətbuat konfransında tanınmış modelyerlər Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, türkiyəli modelyer Yıldırım Mayruk və digər iştirakçılar tədbiri əlamətdar hadisə kimi qiymətləndirərək, moda günlərində nümayiş olunacaq kolleksiyaları barədə məlumat veriblər.

Fəxriyyə Xələfova kolleksiyasında bir neçə geyimi ipək parçadan hazırladığını bildirib. Dekor kimi ayna parçalarından istifadə etdiyini vurğulayan modelyer, həmçinin geyimlərində buta naxışı əks etdirdiyini söyləyib.

Gülnarə Xəlilova 20-dən çox geyim nümayiş edəcəklərini söyləyərək, onların əsasən toxuma olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, kolleksiyasına daxil olan və 2010-cu ildə Çində keçirilən moda yarışında ən gözəl ziyafət geyimi nominasiyasında qalib gələn nümunəni də nümayiş edəcək.

Yıldırım Mayruk 66 geyim təqdim edəcəklərini vurğulayaraq, onların çoxunun əl işi olduğunu deyib.

Mətbuat konfransından sonra «Baku Fashion Nights 2015»in açılışı olub. İlk olaraq Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayıb. Möhtəşəm dəfilənin ardından, podiumda yerli dizayner modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunub. «Fashion Couture by Ulker Huseynova» moda evinin eleqant kolleksiyası, «Beauttech» salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015-ci il dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşatmaqla yanaşı, bu ilin ən yaddaqalan saç dizaynları da nümayiş olunub.

Digər gənc istedadlı modelyer Günay Mirzə yaz-yay moda trendləri ilə gecəyə xüsusi rəng qatıb.

Martın 14-də podiumda ən yeni kolleksiyası ilə qonaqları modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova salamlayıb. Tədbirin davamında nümayişi maraqlı rəngarəng kolleksiyaları ilə zənginləşdirən «La Couture Baku»dan Xavər Məmmədova, «Hokuma by Hokuma Hacıyeva» «Magura by Gulshan İbrahimova» moda evləri olub.

Türk modasının canlı korifeylərindən olan Yıldırım Mayruk, onun layiqli davamçısı Barbaros Şansal «Baku Fashion Nights 2015»in fəxri qonaqları qismində çıxış ediblər. Yıldırım Mayruk 50 illik yubileyini burada qeyd edib.

Martın 15-də Yıldırım Mayruk «Pert-a-Porter» konseptli kolleksiyası ilə son dəfiləsini təqdim edib. Kolleksiyanın ən görkəmli nümunələrini nümayiş etdirmək Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 10.