Türkiyədə rəssamlar yetişdirən soydaşımız

 

Ölkəmizdən kənarda fəaliyyət göstərən incəsənət xadimlərimizdən biri də tanınmış rəssam Mənsur Cəfərovdur. Qardaş Türkiyədə çalışan rəssam 1957-ci ildə Naxçıvan MR-in Ordubad rayonunun Dəstə kəndində anadan olub.

 

Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin akademik rəngkarlıq fakültəsində təhsil alıb. 1997-2001-ci illərdə universitetdə rəngkarlıqdan dərs deyib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2008-ci ildən Qara dəniz Plastik Sənətlər Birliyinin üzvüdür. 2007-ci ildən Türkiyədə, Trabzon Karadeniz Texnik Universiteti gözəl sənətlər fakültəsində dosent-doktor olaraq çalışır.

Mənsur Cəfərov bildirir ki, çalışdığı universitetdə eynilə Azərbaycandakı kimi rəngkarlıq fənnindən dərs deyir: “Azərbaycanda çox güclü peşəkar rəssamlıq ənənəsi formalaşıb, dəyərli rəssamlar yetişib. Oradakı təcrübəmi indi türkiyəli tələbələrə öyrədirəm. Hər bir rəssamın akademik qayda-qanunları bilməsi gərəkdir. Ümidverici tələbələr çoxdur”.

O, hazırda Türkiyədə yaşayan 40 azərbaycanlı rəssamı tanıdığını bildirir: “Hər il Ankaradakı səfirliyimiz 28 May - Respublika Günü ilə bağlı sərgi düzənləyir. Biz azərbaycanlı rəssamlar bir-birimizlə orada görüşür, hal-əhval tuturuq”.

Rəssam dolanışığından razılıq edir: “Fərdi sifarişlərdən başqa sərgilərdə əsərlərin satılmasına imkan olur. Bir neçə il öncə “Trabzonda tarix, tarixdə Trabzon” adlı sərgidə “Sultan Süleyman Qanuni” əsərim Trabzon valisi tərəfindən dövlət muzeyi üçün alındı”.

2013-cü ildə soydaşımızın Trabzon Dövlət Gözəl Sənətlər Qalereyasında fərdi sərgisi də keçirilib. Rəssam deyir, çalışdığı universitetdə onun yaradıcılıqla məşğul olması üçün bütün şərait yaradılıb, emalatxana ilə təmin olunub.

Realist rəssam olan M.Cəfərovun özünəməxsus yaradıcılıq üslubu var, müraciət etdiyi mövzular çox genişdir. Adi həyat lövhələri onun əsərlərində yenidən canlanır, gerçəklikdə olduğu qədər insanı təsirləndirir, inandırır. Rəssam Türkiyədə yaratdığı əsərləri Bakıda və Naxçıvanda sənətsevərlərə təqdim etmək istəyindədir.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 10.