Avropa Parlamentində Novruz mərasimi

 

Avropa Parlamentinin, Azərbaycanın, Əfqanıstanın, Pakistanın, Tacikistanın, Türkiyənin, Qırğızıstanın, Hindistanın Belçikadakı səfirlikləri və UNESCO-nun Avropa İttifaqındakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Avropa Parlamentində Novruz bayramı qeyd olunub.

Avropa Parlamentinin prezidenti Martin Şultsun iştirakçı ölkələrə ünvanladığı təbrik məktubu oxunub. Təbrik məktubunda və Avropa Parlamenti deputatlarının çıxışlarında Novruz bayramının multikulturalizm və sivilizasiyalararası dialoqa töhfə verdiyi qeyd olunub. Avropa üçün həssas bir dönəmdə geniş bir coğrafi regionda qeyd edilən bu bayramın sivilizasiyalararası dialoqun daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Tədbir iştirakçıları Novruzu qeyd edən ölkələrin stendləri ilə də tanış olublar. Azərbaycan stendində milli şirniyyatlarımızla yanaşı, ölkəmizin turizm potensialını əks etdirən, eyni zamanda Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə kitab və broşürlər sərgilənib.

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 8.