“Milləti millət edən duyğu birlikləridir”
Ömər Çelik: “Millətin
yaşaması üçün
bu duyğusallığın,
sevginin mədəniyyət
və incəsənət
əsərlərindən keçməsi
lazımdır”
Xəbər verdiyimiz kimi, bu yaxınlarda TÜRKSOY təşkilatının dəvəti
ilə türkdilli ölkə və diyarların bir qrup media təmsilçisi
ünlü türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə elan olunan xatirə ilinin açılış
mərasimində iştirak
etmək üçün
Ankarada səfərdə
olmuşdu. Mərasimdə Türkiyənin mədəniyyət
və turizm naziri Ömər Çelik də iştirak edirdi. Fürsətdən istifadə
edib onun türk xalqlarının mədəni əməkdaşlığı,
eləcə də türk teatr sənəti barədə
fikirlərini öyrəndik.
Zaman-zaman tarix səhnəsinə müxtəlif türk dövlətlərinin gəldiyini,
ayrı-ayrı dövrlərdə
onların sayının
artıb-azaldığını deyən nazir bu tarix boyunca
ortaq mədəni irsimizin heç vaxt əskilmədiyini, daim zənginləşdiyini
diqqətə çatdırdı. Onun sözlərinə görə,
bu gün TÜRKSOY təşkilatının timsalında
bu mədəni zənginliyin, ortaq irsimizin dünyaya tanıdılmasının şahidiyik:
“Tarix boyunca türk dövlətlərinin
sayı dəyişə
bilər, amma bizi bağlayan ortaq mədəniyyət vahiddir. Daha doğrusu, əslində,
TÜRKSOY dövlətlərini quran xalqların arasındakı ortaq yazılı, ortaq duyğulu, tarixiliyi, sevgiləri yaşadan mədəniyyəti yeniləyərək
müxtəlif ölkələrdəki
soydaşlarımıza çatdırılmasında
öncül və strateji rolu üzərinə
götürür. Bu səbəbdən 2015-ci ilin
türk teatr sənətinin, dramaturgiyasının
öncül isimlərindən
olan Haldun Tanerin xatirəsinə həsr edilməsi bizim nəzərimizdə çox qiymətlidir.
Haldun Tanerin teatr tamaşalarına
baxdıqca, elə bil ki, Anadolunun
içindəki bir sıra insanları gördük, bir sıra mesajlar eşitdik. O deyirdi ki, biz həm qərbli, həm də şərqliyik və bununla qurur duyuruq. Bu
sintezin son dərəcə
təbii biçimdə
öz həyatımızda
yaşatmağın mümkünlüyünü
açıqlayırdı”.
Ömər Çelik mədəni
inkişafda teatrın
əhəmiyyətini, onun
hər zaman güclü amil olduğunu vurğuladı:
“Teatr bu gün bizim populyar mədəni həyatımızı təsirləndirən
bir sıra sənətlər ortaya çıxmazdan öncə
də çox uzun illər mövcud olub. Teatrla rəqabət aparan bir sıra sənət
sahələri ortaya çıxdı. Amma teatr
yenə də ayaqda qaldı. Bu da teatrla tamaşaçılar arasındakı
daxili təmas, məsafəsizliklə bağlıdır.
Bunun mexaniki-formal anlamda deyil, məzmun baxımından da çox böyük önəmi var. O zaman məzmun baxımından məsafəsizlik nədir?
Əgər öz teatrınızı
yarada bilsəniz, küçədəki ziddiyyətlərə,
acıya, drama toxuna bilsəniz, o zaman öz ölkənizdə də hər şeyə rəğmən
bütün bu məşəqqətlərə qalib gələcək şəkildə yaşada
bilərsiniz. Bu baxımdan Haldun Tanerin əsərləri ilə küçədəki
ziddiyyətlərə toxunmaq,
həyatın, küçənin
acısını, dramını
və yumorunu tamaşaçının qarşısına
gətirmək türk
teatrı üçün
inanılmaz bir güc qaynağı olub. O, dəyərli
əsərləri ilə
bizə çox gözəl mesajlar verir. Faktiki olaraq əsas
olan budur ki, mədəniyyət və incəsənət adamları dövlət və siyasət adamlarına deyil, əksinə, onlar mədəniyyət və
incəsənət xadimlərinə
minnətdardır. Çünki onlar bizim mədəniyyətimizi
tarixi dərinliklərdən
gələn tarixi, mədəni birliyimizi bu günə kimi əks etdirir
və bu gündən də gələcəyə aparmaq
üçün əsərləri
ortaya qoyurlar. Bu səbəbdən nazir olaraq mədəniyyət
və incəsənət
adamlarımıza minnətdarlığımı
çatdırıram. Bu məqamın üzərində
dayanmaq lazımdır.
Tarix içərisində addımlayarkən
milləti millət edən duyğu birlikləridir. Milləti millət
edən o millətin ən ucqardakı insanı ilə böyük şəhərdəki
insanı arasında bağı qura bilməkdir. Bu səbəbdən həqiqətən
millətin millət olaraq yaşaya bilməsi üçün
bu duyğusallığın,
sevginin mədəniyyət
və incəsənət
adamlarının yaratdığı
bu əsərlər üzərindən keçməsi
öz inkişafımız
üçün lazımdır”.
Mehparə Sultanova
Mədəniyyət.- 2015.- 20 mart.-
S. 6.